Məhkəmə qərarları › İş №2-1(112)-11606/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11606/2024

18.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11606/2024 18.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qaçqın statusu verilməsi ilə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Pakistan İslam Respublikası vətəndaşıdır. xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə qaçqın statusu alınması ilə bağlı 3- 37/1-A-46xx-xx/2024 saylı ərizə ilə müraciət etmişdir. Ərizə qeydiyyata alınmadan bağlanmışdır. xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusu verilməsi ilə məşğul olan müvafiq idarəsində olmuş, məsul əməkdaşlar tərəfindən oradan qovulmuşdur. O, ölkəsində təqib olunmuş, həyatı üçün təhlükə yaranıb, bu səbəbdən də Azərbaycana pənah gətirmiş və sığınacaq vəsatəti ilə müraciət etmişdir. 1951-ci il Konvensiyasının və 1964-cü il Protokolunun tələblərinə uyğun olaraq əsaslı təqib qorxusunun olub olmaması aydınlaşdırılmalıdır. Cavabdehin ona qaçqın statusu verilməsi ilə bağlı imtinası əsassız və qanunsuz olmuşdur. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2024- cü il tarixdə DMX-yə müraciət edərək xx.xx.2024-cü il tarixədək olduğu yer üzrə qeydiyyata alınmışdır. Sonradan əcnəbi sui-istifadə edərək ölkə ərazisində olma müddətini artırmaq üçün olma müddətinin bitməsinə az qalmış xx.xx.2024-cü il tarixdə DMX-yə müraciət edərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Xidmət əməkdaşları tərəfindən DMX-yə dəvət edilərək onunla qanunvericiliyin tələbləri əsasında söhbət aparılmış, əsaslı təqib qorxusu müəyyən edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiakara baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Pakistan İslam Respublikası vətəndaşı İddiaçı xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə qaçqın statusu alınması ilə bağlı 3-37/1-A-46xx-xx/2024 saylı ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusu verilməsi ilə məşğul olan müvafiq idarəsində olmuş, məsul əməkdaşlar tərəfindən oradan qovulmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Bundan başqa cavabdeh tərəfindən təqdim edilən məlumat məktubunda bildirilmişdir ki, Pakistan Respublikasının vətəndaşı Taimoor Ali xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası sərhəddini X1 istiqamətində tərk etmişdir. Şəxs xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşadığına görə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli qərarı ilə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində cərimə edilmiş və Azərbaycan Respublikasına gəlmək hüququ 4 il müddətinə məhdudlaşdırılmışdır. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar