Məhkəmə qərarları › İş №2-1(112)-11613/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11613/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11613/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası 2-ci qrup əlil X2 1988-ci ildən vəfat etdiyi 2009-cu ilədək etdiyi qulluq müddətinin sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsi, 65 yaşının tamam olduğu 4 mart 2021ci ildən 20 iyul 2024-cü ilə qədər müddətində (40 ay) almadığı pensiyanın ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, habelə atası X2 1988-ci ildən vəfat etdiyi 2019-cu ilədək etdiyi qulluq müddətini sığorta stajına daxil edilərək 65 yaşının tamam olduğu 04 mart 2021-ci ildə ona yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən sonra ona ödənilməli olan əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildən əmək fəaliyyətinə başlamışdır. İlk öncə ticarət, daha sonra isə neft sənayesində əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ildən sonra isə heç bir dövlət işində çalışmamışdır. Müxtəlif vaxtlarda xırda ticarət, kənd təsərrüfatı, daha sonra fəhlə kimi günəmuzd işlərdə fəaliyyəti olmuşdur. Belə ki, 18 dekabr 1974-cü ildən 11 may 1975-ci ilədək çörək mağazasında satıcı işləmişdir. Daha sonra 15 may 1975-ci ildən 24 may 1977-ci ilədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmət bitirdikdən sonra yenidən çörək mağazasında köhnə işinə qayıdaraq 03 noyabr 1977-ci ildən 08 iyun 1979-cu ilədək işləmişdir. 08 iyun 1979-cu ildən 03 fevral 1983-cü ilədək ərzaq mağazasında satıcı işləmişdir. 19 aprel 1983-cü ildən 16 aprel 1985-ci ilədək asfalt zavodunda işləmişdir. Daha sonra yenidən ticarət sektoruna qayıdaraq 29 may 1985-ci ildən 02 yanvar 1986-cı ilədək ərzaq mağazasında satıcı kimi işləmişdir. 02 yanvar 1986-cı ildən 22 may 1987-ci ilədək sənaye malları mağazasının mağaza müdiri vəzifəsində, 22 may 1987-ci ildən 24 sentyabr 1988-ci ilədək sənaye malı mağazasında satıcı kimi işləmişdir. 24 sentyabr 1988-ci ildən 02 oktyabr 1989-cu ilədək sənaye malı bazasının anbardarı, 17 oktyabr 1989-cu ildən sənaye malı mağazasının anbardarı, 03 yanvar 1990-cı ildə ət balıq məhsulları mağazasının satıcısı, 26 iyun 1990-cı ildən 31 avqust 1993-cü ilədək dondurma və su mağazasında satıcı işləmiş, daha sonra ticarətdən ayrılaraq 01 mart 1994-cü ildən 31 avqust 1994-cü ilədək Kasparneftflotda fəhlə, 1 yanvar 1995-ci ildən 01 iyun 1996-cı ilə kimi X4 Xəzər Dəniz dalğıc və qəza xilasetmə idarəsinin xilasedici dalğıclar bölməsində xilasedici dalğıc kimi fəaliyyət göstərmişdir. Bunlardan əlavə vəfat etmiş atası 2-ci qrup əlil X6 1988-ci ildən vəfat etdiyi 2009-cu ilə qədər müddətdə iddiaçının himayəsində olub və onun bütün qulluğu, xərcləri və digər problemləri onun üzərində olmuşdur. İddiaçı hal-hazırda 68 yaşındadır və yaşa görə 220 manat müavinət alır. Onun əlavə heç bir yerdən gəliri yoxdur. İddiaçının himayəsində ağır şəkər xəstəsi olan həyat yoldaşı və 15 yaşında bir övladı var. Cavabdehin imtina məktubunda sığorta stajının 20 il, 2 ay, 2 gün olduğu əsas götürülərək, həmçinin vəfat etmiş atası 2-ci qrup əlil X2 1988-ci ildən vəfat etdiyi 2009-cu ilə qədər etdiyi qulluq müddətinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğu halda sığorta stajına daxil edilməsinin mümkün olacağını əsas götürərək imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq 3-17-1/2-C-150187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasının və digər sənədlərinin surətlərinə əsasən sığorta stajının (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 20 il 2 ay 2 gün təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı ərizəsində 1988-2009-cu illər arasında atasına qulluq etdiyini qeyd etmişdir. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən ahıl yaşı 70-ə çatmış şəxs hesab olunur. İddiaçının ərizəsinə əsasən atası X7 1918-ci ildə anadan olmuşdur. İddiaçının ərizəsinə əlavə edilmiş 349302 nömrəli “ölüm haqqında şəhadətnamə”-yə əsasən iddiaçının atası xx.xx.2009-cü il tarixdə vəfat etmişdir. Cavabdehin məktubunda qeyd olunan yarımbəndin tələblərinə əsasən iddiaçının atası X7 vəfat etdiyi üçün ona 1988-ci il tarixdən xx.xx.2009-cü il tarixədək (vəfat etdiyi tarix) qulluq etdiyini iddia etdiyi dövrün məhkəmə qərarı əsasında öz təsdiqini tapdıqdan sonra onun sığorta stajına daxil edilə biləcəyi qeyd olunmuşdur. Məhkəmə qərarı ilə qulluq faktı təsdiq edildikdən sonra belə iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasındakı əmək fəaliyyəti dövrləri ilə atasına qulluq etdiyini iddia etdiyi dövrlərin bir hissəsi üst-üstə düşür. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1974-сü il tarixdən xx.xx.1975-ci il tarixədək Serebrovski adına Neftqazçıxarma İdarəsinin təchizat şöbəsində mağaza satıcısı, xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Orconikidze rayonu Qarışıq Malları İdarəsində mağaza satıcısı, kassir vəzifələrində, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək X8 İstismarı İdarəsində 2-ci dərəcəli yol fəhləsi, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Orconikidze rayonu Qarışıq Malları İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. O, xx.xx.1993-cü il tarixdən 08.1994-cü il tarixədək “Xəzərdənizneftqazçıxarma” İdarəsində müxtəlif vəzifələrdə, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Xəzər dəniz dalğıc qəza xilasetmə işləri idarəsinin “Qum adası” bölməsində dalğıc vəzifəsində işləmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 450 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçının bacısı 1-ci qrup əlil X3 öldüyü günə kimi (xx.xx.2006-cı il, ö./ş. AZ-İ № 177271) qardaşı iddiaçının himayəsində olmuşdur. İddiaçının atası 2-ci qrup əlil X7 öldüyü günə kimi (xx.xx.2009, ö./ş. AZ-İ № 349302) İddiaçı İsgəndər oğlunun himayəsində olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 3 nömrəli TSEK-in 291209 nömrəli arayışına əsasən X5 xx.xx.2000-ci il tarixindən müddətsiz ikinci dərəcəli əlillik tyəin edilmişdir. AZ-İ seriyalı, 349302 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 12 sentyabr 2009-cu ildə ölmüşdür. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 15 may 1975-ci il tarixdən 31 may 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçının müraciətinə əsasən cavabdehin 29 iyun 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir (21.1.). Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir (21.2.4). Qanunun qeyd edilən müddəalarından göründüyü kimi orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Göründüyü kimi iddiaçının atası X7 2018-ci ildə anadan olmuş, xx.xx.2009-cu ildə vəfat etmişdir. İddiaçı atasının 70 yaşının tamam olduğu 1988-ci ildən vəfat etdiyi günədək onun himayəsində olduğunu və atasına qulluq etdiyini nəzərə alaraq həmin dövrün slğorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdehin imtina məktubunda iddiaçının ümumi stajının hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla 20 il 02 ay 02 gün təşkil etdiyini bildirmiş və atasına qulluq dövrünün təsdiqini tapmadığı üçün həmin dövrü slğorta stajına daxil etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci maddəsində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ahıllara qulluqetmə müddəti üzrə:

1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Qeyd edilən normalardan göründüyü kimi iddiaçının atasına qulluq etdiyi dövrün onun sığorta stajına hesablanması üçün iddiaçı atasının sağlığında onun üzərində müvafiq qəyyumluq və himayəçilik orqanı tərəfindən patronaj təyin edilməli, yaxud atasının sağlığında bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsi olmalı idi. Lakin, iddiaçı qeyd edilən sənədlərdən hər hansı birinə istinad etməmişdir. Yuxarıda qeyd edilən qaydaların 4.1.8-ci bəndinin üçüncü hissəsində nəzərdə tutulmuş məhkəmə qərarına gəldikdə isə qeyd edilməlidir ki, həmin qərar dedikdə inzibati mübahisələrə dair məhkəmə icraatı çərçivəsində qəbul edilmiş məhkəmə qərarını deyil, mülki məhkəmə icraatı çərçivəsində, xüsusi icraat qaydasında qəbul edilmiş hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə məhkəmə qətnaməsini nəzərdə tutur. Belə ki, iddiaçının sığorta stajı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sənədlə təsdiq edilərsə və inzibati orqan həmin stajı nəzərə almazsa, bu halda inzibati məhkəmə həmin orqanın üzərinə sığorta stajının nəzərə alınması və pensiya təyin edilməsi öhdəliyi qoya bilər. Hazırkı halda isə iddiaçının əmək stajı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sənədlə öz təsdiqini tapmadığı üçün cavabdehin imtina cavabı qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır. İddiaçıya izah edilir ki, əmək stajı faktının müəyyən edilməsi barədə ümumi məhkəməyə xüsusi icraat qaydasında əriə ilə müraciət edə bilər. Hazırkı iddia tələbi isə əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar