Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11614/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları X3 heyətinin sədri Saleh Məmmədova qarşı "informasiya sorğusuna cavab verilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Avtomobil Yolları X3 heyətinin sədri Saleh Məmmədova (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Saleh Məmmədovun üzərinə informasiya sorğusuna (ona ünvanlanan suallara) cavab vermə öhdəliyinin qoyulması və cavabdehin ali qanunun və “İnformasiya əldə etmək haqqında” Qanunun əsaslarını pozduğu üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasına və “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən o, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinə elektron qaydada informasiya sorğusu ünvanlamışdır. Ünvanladığı sorğunu cavabdehə xx.xx.2022-ci ildə mailto:bizim-fakt@mail.ruElektron ünvan 1 poçtundan, AAYDA-nın mailto:info@aayda.gov.azElektron ünvan 2 e-mail elektron poçtuna göndərmişdir. Bundan sonra sorğunun surətini dəfələrlə cavabdehə təkrarən göndərmişdir. Qanunla nəzərdə tutulan müddət, 7 iş günü başa çatdıqdan sonra, cavabdehi dəfələrlə məlumatlandırmışdır ki, sorğusuna cavab versin. Lakin cavabdeh sorğuya cavab verməməklə ona qarşı yaranan söz-söhbətlərin doğruluğuna dəlalət edən əsasları və şüphələri artırmış və təsdiqləmişdir. Mövcud qanunlara əsasən informasiya sahibi sorğu edilən informasiyanı vaxtında və operativ olaraq sorğu verənə çatdırmalıdır. Cavabdeh onun sorğusunu dərhal almış, bununla da, nəzərdə tutulan müddəti bilərəkdən və qanunları kobudcasına pozmaqla sorğusuna cavab verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində Azərbaycan Avtomobil Yolları X3 Heyətinin sədri Saleh Məmmədovu göstərmiş, cavabdehin ünvanı olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hüquqi ünvanını (ünvan 1llə) qeyd etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İnzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları X1”nin 1.1-ci bəndinə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 4.2-ci bəndinə görə Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir. Nizamnamənin 4.7-ci bəndinə əsasən İdarə Heyətinin sədri: 4.7.1. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir; 4.7.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir; 4.7.8. Agentliyin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir; 4.7.9. verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır; 4.7.13. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyə tapşırıqlarını imzalayır; 4.7.17. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir; 4.7.18. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir; 4.7.22. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir; 4.7.24. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir; 4.7.28. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində göstərdiyi Saleh Məmmədov X2 sədri olmaqla, qanunla verilmiş səlahiyyətlərini bilavasitə Agentliyin adından həyata keçirir, fiziki və ya hüquqi şəxslərə münasibətdə Agentliyi təmsil edir. X2 sədri inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi nəzərdə tutulmamış, qanuna əsasən Saleh Məmmədova fiziki şəxs kimi öz adından inzibati akt qəbul etmək səlahiyyəti verilməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbindən çıxış edərək iddiaçıya cavabdeh qismində qoyulmuş subyektə münasibətdə dəqiqləşmənin aparılması, cəlb olunmalı inzibati orqanla bağlı yazılı qaydada hüquqi yardım məktubu göndərməklə, müvafiq çatışmazlığın aradan aldırılması üçün müddət versə də, iddiaçı həmin müddət ərzində cavabdehin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tələbin yönəldiyi cavabdeh subyekt inzibati orqan kimi nəzərdə tutulmadığından ona münasibətdə iddia inzibati məhkəmə icraatında mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11614/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11614/2022
21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver