Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11615/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı4, İddiaçı2 İbrahimxəlil oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “qərarın qismən etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 İbrahimxəlil oğlu, İddiaçı3 İbrahimxəlil qızı, İddiaçı4, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 51 nömrəli qərarının onlara məxsus torpağın alınmasına dair hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qərara əsasən ünvan 1 ünvanında yerləşən mənzilin ərazisini dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib. Qərarın icrası məqsədi ilə Yasamal RİH “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici təşkil etmişdir. İddiaçılar ünvan 2 ünvanında yaşayır və orada qeydiyyatdadır. Həmin mənzilin və torpağın (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşməsi göstərilib. X1 İcra Hakimiyyəti bu qərardan irəli gələn vəzifələrin icrası ilə bağlı ünvan 1 ünvanında yerləşən mənzilin sahibliyin alan orqan Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbavcan Respublikasının Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanında verləşən daşınmaz əmlakın alınması ilə bağlı onlara 229185 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə qarar qəbul edilməsi barədə Bakı inzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaçı işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər iddiaçılar və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsində “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli, 51 nömrəli qərarının qismən etibarsız hesab edilməsi tələbini irəli sürülmüşdür. Həmin qərara əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqanın Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilməsi, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsinin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməsinin tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mübahisə predmeti olan qərarı, sadəcə olaraq anlayış baxımından inzibati aktın (qərar, sərəncam və s.) ehtiva etdiyi qərar anlamında başa düşülməməlidir. Belə ki, inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır. Bu mənada doktrinada inzibati akt həm də fərdi hüquq tətbiqetmə aktı kimi qiymətləndirilir. İnzibati akt məhz bu keyfiyyətləri ilə ümumi və abstrakt qaydalar müəyyən edən, qeyri-müəyyən sayda şəxslər və hallar üçün nəzərdə tutulan normativ hüquqi aktlardan fərqlənir. Nazirlər Kabinetinin mübahisə predmeti olan qərarı, sadəcə olaraq anlayış baxımından inzibati aktın (qərar, sərəncam və s.) ehtiva etdiyi qərar anlamında başa düşülməməlidir. Belə ki, həm inzibati aktlarla bağlı yuxarıda qeyd olunmuş tələblər, həm də normativ hüquqi aktlarla bağlı konstitusion-hüquqi tələblər baxımından qiymətləndirildikdə, Nazirlər Kabinetinin qərarının fərdi deyil, ümumi normativ xarakter daşıdığı, konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə deyil, qeyrimüəyyən sayda şəxslərə ünvanlandığı aşkar görünür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 120-ci maddəsinə uyğun olaraq, Nazirlər Kabineti ümumi qaydalar müəyyən etdiyi hallarda qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 148ci maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Nazirlər Kabinetinin qərarı qanunvericilik sisteminə daxil olan normativ hüquqi akt sayılır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə uyğun olaraq normativ hüquqi akt hamı üçün məcburi davranış qaydaları müəyyən edən, qeyri-müəyyən şəxslər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənəddir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin müvafiq qərarı qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qəbul edilmiş, qeyri-müəyyən şəxslər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiyasının 130-ci maddəsinin və İnzibati Prosessual Məcəlləsinin 122-ci maddəsinin müəyyən etdiyi qaydalara əsasən normativ hüquqi aktlarla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin qərarı hazırkı məzmunda “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş inzibati akta dair şərtləri ödəmir və bu mənada inzibati akt kimi qiymətləndirilə bilməz. Nazirlər Kabinetinin yuxarıda göstərilən qərarı konkret hər hansı bir şəxsə deyil, ümumiyyətlə qeyri-müəyyən sayda şəxsə münasibətdə abstrakt normativ tənzimləməni nəzərdə tutur. Digər tərəfdən, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlərin tənzimlənməsi çərçivəsində həyata keçirilən tədbirlər və hərəkətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanan, ümumi maraqlardan irəli gələn ümumi xarakterli tədbirlər kimi qiymətləndirilməlidir. Başqa sözlə, həmin tədbirlər Nazirlər Kabineti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində və həmin qanuna uyğun olaraq həyata keçirilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “qərarın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-11615/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11615/2025
17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver