Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11616/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qarşı (üçüncü şəxs "xxxx"MMC) “inzibati tənbeh tədbirinin görülməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: X4 Əmir oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qarşı (üçüncü şəxs "xxxx"MMC) “inzibati tənbeh tədbirinin görülməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli imtina məktubunun qeyri-qanuni hesab edilməsi, Məcid Ağapur (X8) adlı İran vətəndaşının "xxxx" MMC-də qeyri-qanuni rəhbər vəzifədə işlədiyinə görə "xxxx"MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən "xxxx" MMC-də müddətsiz əmək müqaviləsinə əsasən mühafizəçi vəzifəsində işləyir. Son bir neçə ildir ki, əməkdaşı olduğu İdarənin rəhbər vəzifəsinə qeyri-qanuni Məcid Ağapur (X8) adlı İran vətəndaşı rəhbər təyin olunub və o, İdarəyə gəldiyi ilk gündən müşahidə nəzarət kameralarının bütün əməkdaşlarını işdən çıxarıb, onların yerinə öz adamlarını yerləşdirmişdir. Digər mühafizəçiləri də məcburi şəkildə işdən çıxarmış və hazırda da davam edir. Məcid Ağapur ona da xidməti vəzifələri ilə əlaqədar bir neçə dəfə əmr vermiş və o, həmin əmrləri yerinə yetirmişdir. Sonradan ona bildirilmişdir ki, X5 qeyri-qanuni rəhbər vəzifədə çalışır. İddiaçı onun əmrlərini yerinə yetirdiyinə görə müvafiq qaydada məsuliyyət daşıyır. Bununla əlaqədar iddiaçı xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə ərizə ilə müraciət etmiş, ərizəsi X1 əməkdaşı Vəli Quliyev tərəfindən xx.xx.2024-cü ildə qəbul edilmiş, xx.xx.2024-cü ildə isə qeyd etdiyi məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. İmtina cavabı onunla əlaqələndirilmişdir ki, "xxxx"MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş cavab məktubunda X9 adlı şəxsin həmin Cəmiyyətdə mövcud olmadığı, qeyd olunan şəxslə şirkət arasında hər hansı əmək və xidmət münasibətinin olmadığı qeyd edilmişdir. Lakin iddia ərizəsinə əlavə etdiyi "xxxx"MMC-yə aid 7 vərəqədən ibarət rəsmi hüquqi sənədlərdə, foto şəkillərdə və məhkəmə iclasında təqdim edəcəyi video görüntülərdə X7 həmin Cəmiyyətdə rəhbər vəzifəsində işləməsi sübud edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fıziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə vəsatət verərək, iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü baxımından inzibati mübahisələrin məhkəmə aidiyyəti mühüm əhəmiyyət kəsb edir. İnzibati mübahisələrin predmetini Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş, inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qeyd etmək lazımdır ki, İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi məhz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə X2 başladılmış inzibati xəta haqqında icraat ilə bağlıdır. Buna baxmayaraq, fiziki və hüquqi şəxslər o zaman inzibati məhkəmələrə müraciət edir ki, tərəflər arasında inzibati icraat haqqında qanunun və digər inzibati hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktların pozuntusu mövcud olur və həmin fiziki və hüquqi şəxsin bu pozuntu nəticəsində hüquqlarına və qanunla qorunan maraqlarına xələl gəlir. Hazırki vəziyyətdə iddia ərizəsində qeyd olunan münasibətlər inzibati hüquqdan yox, inzibati xətalar üzrə qanunvericilikdən yaranan münasibətlərdir. Həmçinin, bu münasibətlər nəticəsində İddiaçı fiziki şəxs olaraq hüquqlarına və qanunla qorunan maraqlarına zərər dəyməmişdir. İddiaçı X2 aparılan icraatın nəticəsindən narazı qaldığı təqdirdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, X1 qərarından rayon (şəhər) məhkəməsinə şikayət verə bilər. Bu səbəbdən də hazırki iş üzrə iddia mümkünsüz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mübahisə ilə bağlı rayon (şəhər) məhkəməsinə müraciət etmək istəmiş, lakin ona şifahi şəkildə bildirilmişdir ki, mübahisə üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Sonda İddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İddia tələbindən görünür ki, iddiaçı Məcid Ağapur (X8) adlı şəxsin "xxxx"MMC-də qeyri-qanuni rəhbər vəzifədə işlədiyinə görə "xxxx"MMC barəsində AR İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsinə həvalə edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə münasibətdə inzibati icraat qaydasında belə bir tələblə çıxış etməsi üçün subyektiv hüququ yoxdur. Bundan başqa, iddia tələbindən göründüyü kimi, hazırkı mübahisinin kökündə cavabdehin üçüncü şəxs barəsində inzibati xətalara dair iş üzrə fəaliyyəti və ya bu fəaliyyətdən irəli gələn məsələlərlə bağlıdır. Yəni, iddiaçının hüquqi marağı ondan ibarətdir ki, X9 "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə üçüncü şəxs cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati qaydada cərimə edilsin. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 7.2 və 15.3-cü bəndlərinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması və s. üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. Göstərilən məsələlər ilə bağlı məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, lakin o, mübahisə ilə bağlı rayon (şəhər) məhkəməsinə müraciət etmək istədiyini, lakin ona şifahi şəkildə mübahisə üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etməsini bildirildiyini demişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. İddiaçıya cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti və ya bu fəaliyyətdən irəli gələn məsələ ilə bağlı mübahisə üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi izah olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bundan başqa «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və mübahisələrə dair işlərə baxır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2-1(112)-11616/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11616/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver