Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11617/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “səbəbli əlaqənin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 822 nömrəli qərarda alınan travmanın və yaralanmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” idafəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, 24 oktyabr 1993-cü il tarixdə Zəngiln döyüşlərdə iştirakı zamanı xəsarət almışdır. Aldığı xəsarət barədə bütün tibbi sənədlər mövcuddur. Bununla əlaqədar cavabdehə müraciət etsə döyüşlərdə iştirakla bağlı yaralanma halı nəzərə alınmamışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, MN MHHK-si İddiaçı yaralanmalarına dair xx.xx.2022-ci il tarixli qərarı çıxarılarkən MN Mərkəzi Hərbi Poliklinikasının və MN Mərkəzi Hərbi Hospitalının İddiaçı şəhadətləndirilməsinə dair sənədlərinə əsaslanmışdır. İddiaçı yaralandığı vaxtdan uzun müddət keçdiyinə görə əlavə araşdırmanın aparılması mümkün olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı barəsində xəstəlikdir, xəsarətdir, hərbi xidmət dövründə alınmışdır barədə qərar qəbul edilsə də, cavabdeh yenidən şəhadətləndirilərək Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır formasında qərar qəbul edilməsinə dair müraciət etmişdir ki, cavabdeh həmin müraciət barəsində yenidən inzibati icraat apararaq müraciətin təminindən imtina etmişdir ki, iddiaçı da həmin imtinalardan narazı qalaraq məhkəmədən səbəbli əlaqənin dəyişdirilərək yeni qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1465/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə deyil, məcburetmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı inzibati aktın məhkəmə tərəfindən ləğvini tələb edən mübahisələndirmə haqqında iddia qaldırmamış, cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmasını tələb edən məcburetmə haqqında iddia qaldırmışdır. İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı halda, iddiaçı ərizə ilə inzibati orqana müraciət etmiş, inzibati orqandan qanunsuz inzibati aktın ləğv edilməsinə dair inzibati aktın qəbul edilməsini arzulamış, arzuladığı inzibati akt cavabdeh orqan tərəfindən qəbul edilmədiyi üçün 30 gün müddətində məhkəməyə müraciət etmiş və məhkəmədən cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: N №-li hərbi hissə tərəfindən verilmiş N №-li arayışdan görünür ki, iddiaçı xəsarəti hərbi xidmət dövründə almışdır. Qərardan görünür ki, iddiaçı odlu silahla ilə yaralanması halı ilə bağlı xəstəlikdir, xəsarətdir, hərbi xidmət dövründə alınmışdır əsası ilə şəhadətəndirilmişdir. Əlillik haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən “Sağ sarğı nahiyyəsinin dəlib keçən güllə yaralanmasından sonraki vəziyyət. Aşağı ətrafların dərin venaların tromboflebiti. Hər iki aşağı ətrafların hərəkət funksiyasının kəskin pozulması. Xr qastrit. Xr kolit. Xr xolesistit. Xr reaktiv pankreatit” diaqnozu ilə ikinci dərəcəli əlillik müddətsiz olaraq təyin edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, 1971-ci il təvəllüdlü İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1994-cü il tarixdə yaralanmışdır. Respublika Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP12/1156 nömrəli məktubunda İddiaçı haqqında heç bir təsdiqləndirici material və cinayət işi olmadığı göstərilmişdir. MN HHK-nin arayışından görünr ki, N №-li hərbi hissənin sabiq qulluqçusu İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, təqdim olunan sənədlərə əsasən 1993-1994-cü illərdə alınan travma və yaralanmanın hərbi xidmətlə səbəb əlaqələri düzgün təyin edilmiş və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Əsasnamənin tələbindən də göründüyü kimi şəxs barəsində Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarının qəbul edilməsi və ya Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır formasında qərarın qəbul edilməsinin konkret əsasları təsbitini tapmışdır. Hazırkı inzibati mübahisənin mahiyyəti də onunla bağlıdır ki, iddiaçı məhz döyüş bölgəsində odlu silahdan yaralanmasına istinad edərək onun məhz Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır əsası ilə şəhadətləndirilməsində iddialıdır. Cavabdehin qəbul etdiyi qərardan, eləcə də təqdim etdiyi etiraz və imtina məktubundan görünür ki, cavabdeh hərbi xidmət dövründə alınma əsası ilə şəhadətləndirmə aparmış, hərbi hissələrin tərkibində iddiaçının xidmət keçməsinə dair məlumatın olmadığına istinad etmişdir. Qeyd olunmalıdır ki, AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən müraciətin təminindən imtinanı sübut edən konkret faktiki şərtlərin müəyyən edilməsi cavabdehin vəzifəsi kimi müəyyən edilsə də, cavabdeh həmin şərtlərin mövcudluğunu nəinki müəyyən edilə bilməmiş, iş materialları ilə əksinə iddiaçının döyüşdə iştirak etməsi və yaralanması faktı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən, eləcə də arayışlar və qərardan görünür ki, iddiaçının odlu silahdan yaralanması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, cavabdeh qərar qəbul edərkən yaralanma şəraitini ümumiyyətlə nəzərə almamış, əgər iddiaçı odlu silahdan döyüş şəraitində xəsarət almamışdırsa, həmin odlu silahdan yaralanmanın digər halları ilə bağlı ümumiyyətlə araşdırma aparmamışdır. Halbuki, iş materiallarında olan yuxarıda istinad olunan mötəbərliyi şübhə doğurmayan komissarlığın arayışlarından, eləcə də hərbi həkim müəssisələri tərəfindən təqdim edilən sənədlərdən görünür ki, iddiaçı məhz döyüş bölgəsində iştirak edərkən cavabdehin şəhadətləndirmə ilə bağlı qəbul etdiyi qərarda istinad olunan xəsarətə uyğun olaraq yaralanmış, müalicə almışdır. Nəzərə alınmalıdır ki, məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı i inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq müəyyən edir ki, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə də, istər təqdim edilən tibbi sənədlər, arayışlar, eləcə də yaralanmanın odlu silahdan baş verməsi hallarını ümumilikdə nəzərə almaqla hesab edir ki, iddiaçının məhz döyüş şəraitində alınması barədə daxili inamın formalaşması üçün əsaslar mövcuddur. Əksi isə, yəni odlu silahdan yaralanmanın məişət zəminində və ya digər hallarla bağlı olması cavabdeh tərəfindən müəyyən edilmir. Beləliklə, iş materialları ilə, mötəbərliyi sübhə doğurmayan sübut əhəmiyyətli sənədlərlə müəyyən edilir ki, iddiaçının yaralanması məhz döyüşlərdə iştirakı ilə bağlı olmuşdur. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-536/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, Cavabdehin əsas dəlili ondan ibarətdir ki, yaralanmanın (xəsarətin) məhz döyüş bölgəsində xidməti vəzifəsinin icrası zamanı baş verməsini təsdiq edən hər hansı bir sənəd (xəstəlik tarixindən çıxarış epikrizi, xidməti təhqiqat materialları, travma haqqında arayış) təqdim edilmədiyindən iddiaçının müraciətində qaldırılmış məsələnin müvafiq qanunvericiliyə uyğun olaraq qiyabi araşdırılması (təsdiqedici sənədlər əsasında) imkan xaricindədir. . Məhkəmələr də öz növbəsində hesab etmişlər ki, İddiaçı aldığı xəsarətin 1992-ci ildə baş verməsi və xidməti vəzifəsinin icrası ilə bağlı olması iş materialları ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi əsassızdır. Nəzərə alınmalıdır ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.4-cü bəndinin tələbinə görə, hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbihəkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. . Normanın məzmunundan göründüyü kimi, Əsasnamə vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələrinə yol verir. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Hazırkı halda, söhbət xəstəlik və ya kontuziya alınmasından deyil, yaralanma və ya travma alma faktının və şəraitinin müəyyən edilməsindən gedir. İddiaçı apellyasiya şikayətində onun yaralanma və ya travma alması şəraitinin şahidləri barədə qeyd etsə də, apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə həmin dəlilləri tərəflərlə müzakirə etməmiş, onlara hər hansı münasibət bildirilməmiş, onlar məhkəmə araşdırmasının predmeti olmamışdır. Halbuki, iddiaçıda bədən zədələnmələrinin aşkar nəticələrinin olduğu iş materiallarına əlavə edilmiş K/198 №-li ekspert rəyində qeyd edilmişdir (iş v. 24-26). Həmin rəyə görə, İddiaçı 1992-ci il tarixdə yaralanmağına dair heç bir tibbi sənədləri olmadığına görə digər xəsarətlərin əmələgəlmə mexanizmi və müddəti barədə hazırda dəqiq fikir yürütmək mümkün deyildir. Lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin xəsarətlər (başın sol təpə nahiyəsində, sağ saidin aşağı l/3-nin içəri səthində, sağ saidin aşağı 1/3-nin ön səthində, sağ bazunun yuxarı 1/3-nin ön səthində çapıq toxumalar, sağ əlin 5-ci daraq sümüyünün və sağ bazu sümüyünün sınığı, sol göz sinirinin atrofiyası) 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmişdir. Çapıq toxumalar odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində, sol gözdə görmə sinirinin atrofiyası isə partlayış zamanı zərbə dalğasının göz almasına mexaniki təsirindən əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1992-ci ilin avqust və dekabr aylarında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə eyni zamanda, qeyd edir ki, AR İPM-nin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 822 nömrəli qərarda alınan travmanın və yaralanmanın səbəb əlaqəsinin dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” idafəsi ilə əvəz edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-11617/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11617/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver