Məhkəmə qərarları › İş №2-1(112)-11619/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11619/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11619/2024 06.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “reyestr qeydinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC-inin qanuni nümayəndəsi kimi İddiaçı adının müvafiq dövlət reyestrindən çıxarılması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “kommersiya qurumlarının qeydiyyat məlumatlarının yerləşdirildiyi dövlət reyestrində iddiaçı "xxxx" MMC-inin (VOEN **********) qanuni nümayəndəsi kimi qeyd edilmişdir. Onun "xxxx" MMC-inin (VOEN **********) qanuni nümayəndəsi kimi qeydə alınmağı barədə həmin qeydiyyat aşağıdakı səbəblərlə qanunsuz və əsassızdır:

1. İddiaçı "xxxx" MMC-inin direktoru kimi xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fəaliyyət göstərmişdir. Həmin tarixdə "xxxx" MMC-inin təsisçilərinin qərarı ilə X6 həmin şirkətin direktoru təyin edilmişdir.

2. Hazırkı ərizəyə "xxxx" MMC-inin təsisçilərinin xx.xx.2011-ci il tarixli qərarının surətini əlavə etmişdir. Həmin qərarla, "xxxx" MMC-inə direktor təyin edilmişdir. "xxxx" MMC-inin təsisçilərinin xx.xx.2011-ci il tarixli həmin qərarından məlum olur ki, "xxxx" MMC-inin 2 təsisçisi var: "xxxx" MMC-inin birinci təsisçisi: «A&DA Holding GmbH» "xxxx" MMC-inin ikinci təsisçisi: "xxxx" MMC "xxxx" MMC-inin iştirakçılarının xx.xx.2011 -ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarının qəbul edilməsində, "xxxx" MMC-inin adından direktor X6 iştirak etmiş, daha sonra isə həmin qərara əsasən, "xxxx" MMC- inə yeni direktor təyin edilməsi barədə qərara əsasən reyestr məlumatlarındakı dəyişiklik vergi orqanı tərəfindən qeydiyyata alınmışdır. Qeyd edilən qərardan görünür ki, "xxxx" MMC-inin xx.xx.2011-ci il tarixində direktoru Qeybulla Əhmədov olmuşdur. AR yanında DVX-i qeyd edilən xx.xx.2011-ci il tarixli qərarı əsas alaraq, "xxxx" MMC-inin direktoru kimi təyin edilmiş şəxsin məlumatlarını müvafiq reyestrə daxil etmiş və bununla da "xxxx" MMC-inin direktoru kimi X3 olmasına hər hansı etiraz etməmişdir, yəni bununla təsdiq edilir ki, həmin tarixdə müvafiq reyestrdə "xxxx" MMCnin direktoru kimi X6 qeyd edilmişdir. 3 Əmək kitabçasından da görünür ki, İddiaçı, o xx.xx.2010-cu il tarixindən xx.xx.2011ci il tarixinədək Şəki Rayon İcra Hakimiyyətinin Başçısı işləmişdir. Məlum olduğu üzrə, belə rəhbər vəzifələrdə işləyən şəxslərin hansısa özəl şirkətdə rəhbər vəzifə tutması mümkün deyil. 4 Hazırkı ərizəyə əlavə etdiyi, xx.xx.2007-ci il tarixli İpoteka müqaviləsinin (həmin ipoteka müqaviləsi Abşeron rayonu 1 saylı notariusu tərəfindən təsdiq edilmişdir) surətindən görünür ki, ipoteka müqaviləsini, "xxxx" MMC-inin direktoru X6 imzalamışdır. Notariat işində olan X2 "xxxx" MMC-inin direktoru təyin edilməsi barəsində MMC-inin iştirakçılarının ümumi yığıncağının xx.xx.2006-cı il tarixli qərarı təsdiq edir ki, hələ xx.xx.2006-cı il tarixində X6, "xxxx" MMC-inin direktoru təyin edilmişdir. 5 Hazırkı iddia ərizəsinə əlavə etdiyi xx.xx.2010-cu il tarixli, 22 saylı etibarnamədən görünür ki, "xxxx" MMC-nin direktoru X6, həmin şirkətin mühasibi X5 BŞVD-nin X10 alınması idarəsinə "xxxx" MMC-nə aid sənədlərin verilməsinə tam səlahiyyət verilməsi barəsində etibarnamə vermişdir. Həmçinin, ərizəyə əlavə etdiyi xx.xx.2010-cu il tarixli dindirmə protokolundan görünür ki, Qeybulla Əhmədov izahatında həmin tarixdə "xxxx" MMC-inin direktoru olmasını bildirir. 6 Hazırkı iddia ərizəsinə əlavə etdiyi «Vergi odəyicisinin fəaliyyətinin dayandırılması barəsində» xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, arayış, "xxxx" MMC-inin rəhbəri X6 tərəfindən imzalanmışdır. 7 Hazırkı iddia ərizəsinə əlavə etdiyi «Bankda cari, ssuda novundə (manat, avro və ABŞ dolları) hesabların açılmasına ucun şəhadətnamə dublikat alınması barədə» xx.xx.2008-ci il tarixli ərizələr "xxxx" MMC-inin rəhbəri X6 tərəfindən imzalanmışdır. 8 Hazırkı iddia ərizəsinə əlavə edilmiş «cari vergi ödəmələrinin hesablanması haqqında», 01.2008 və 04.2007-ci il tarixli arayışlar "xxxx" MMC-inin direktoru X6 tərəfindən imzalanmışdır. 9 İddia ərizəsinə əlavə etdiyim 5 saylı DOST mərkəsinin arayışı onun qüvvədə olan əmək müqaviləsinin olmadığını təsdiq edir. Göründüyü kimi, Dövlət Vergi Xidməti (keçmiş Vergilər Nazirliyi) "xxxx" MMC-inin direktorunun X3 olduğunu bütün yazışmalarda, o cümlədən sonuncunun imzaladığı və reyetsr məlumatlarının dəyişikliyinə səbəb olan "xxxx" MMC-inin iştirakçılarının ümumi yığıncağının qərarlarını, etibarnamələri, vergi orqanları ilə "xxxx" MMC-i arasındakı qarşılıqlı öhdəlik və vəzifələrlə əlaqədar digər sənədləri mubahisələndirməməklə X3 həmin müəssisədə direktor vəzifəsində işlədiyini qəbul etmişdir. Bunun səbəbi, həmin tarixlərdə reyestr məlumatlarında "xxxx" MMC-inin qanuni nümayəndəsi kimi X2 qeyd edilməsidir. Daha sonra isə naməlum səbəblərdən, qanunsuz və əsassız olaraq, "xxxx" MMC-inin qanuni nümayəndəsinin guya mənim (İddiaçı) olmağı barədə qanunsuz və əsassız məlumat reyestrə daxil edilmişdir. Əlavə olaraq, AR İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhər X14 Baş İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna olan 11587,88 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün huquqi şəxsin icra orqanının rəhbəri olan İddiaçı (doğulduğu tarix - xx xxx 1960-cı il, doğulduğu yer - Azərbaycan Respublikası, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2023-cu il tarixli, e-2-2(113)-2394/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 2-2(103)-633/2023 saylı, xx.xx.2023- cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv etmiş və ərizənin (iddia tələbinin) təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. AR Ali Məhkəməsinin xx.xx.2023-cu il tarixli 2-2(102)-576/2023 saylı qərarı ilə AR İN yanında DVX Bakı şəhər KSİBİ-nin kassasiya şikayəti təmin edilməmişdir . Qeyd edilənlərdən aydındır ki, kommersiya huquqi şəxslərinin dövlət reyestrinin aparılmasında səhvlərə yol verilmiş və iddiaçı, qanunsuz olaraq "xxxx" MMC-inin qanuni nümayəndəsi kimi qeyd edilmişdir. Həqiqətən də, onun həmin şirkətə aidiyəti yoxdur, şirkətin möhürü və elektron imzası onda deyil və olmayıbdır. O, cavabdeh təşkilata müraciət edərək, "xxxx" MMC-inin qanuni nümayəndəsi kimi onun adının müvafiq dövlət reyestrindən çıxarılmasını xahiş etmişdir. Bu günədək, cavabdeh onun xahişini yerinə yetirməyib, hətta ona cavab belə verməyibdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11619/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin qeydiyyat qovluğunda mövcud olan sənədlərə əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X6, xx.xx.2006-cı il tarixdən hazıradək İddiaçıdur. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda bildiririk ki, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Həmçinin onu da bildiririk ki, Qanunun 5.2-ci maddəsinə əsasən ərizə qanuni təmsilçi və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci və 49.2-ci maddələrinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsi ilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Mülki Məcəllənin 91.3.2-ci maddəsinə və Cəmiyyətin Nizamnaməsinin 9.1.2.2-ci bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialar və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılan işlər hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. X4 Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün "xxxx" MMC-nin dövlət reyestrində qeydə alınmış faktların dəyişdirilməsi, yəni İddiaçının adının qanuni təmsilçi kimi dövlət reyestrindən çıxarılması mümkünsüzdür. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi iddiaçının hüququ qeydiyyatı həyata keçirən inzibati orqan tərəfindən deyil, cəmiyyətin təsisçiləri tərəfindən pozulmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin .2-ci, 8-ci, 35-ci və 48.1-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: -"xxxx" MMC-nin Təsisçinin xx.xx.2006-cı il tarixli qərarı ilə «ADA - Nəqliyyat» məhdud məsuliyyətli cəmiyyəti təsis edilmiş, cəmiyyətin Nizamnaməsi təsdiq edilmiş, cəmiyyətin nizamnamə kapitalı 10 (on) AZN, hər biri 5 (beş) AZN təşkil etməklə 2 (iki) paydan ibarət pul formasında müəyyən edilmiş, təsisçinin nizamnamə kapitalındakı payı: X6 - nizamnamə kapitalının 100%-ni, yəni 10 (on) AZN, hər biri 5 (beş) AZN təşkil etməklə 2 (iki) pay pul formasında. ünvan 1 ünvanda yaşayan (ş/v seriya AZE №03709664, xx.xx.2005-ci il tarixdə Yasamal RPİ tərəfindən verilmişdir) X6 Cəmiyyətin direktoru vəzifəsinə təyin edilməsi, cəmiyyətin dövlət qeydiyyatına alınması üçün müvafiq təsis sənədlərinin toplanaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinə təqdim edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, 01/Ç-2890 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2006-cı il tarixdə 0106-P239-46345 Dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 2199-cu məhəllə, Babək prospekti 28, təsisçi Azərbaycan Respublikasının vətəndaşı X6 10 manat 2 pay 100%, təsisçinin xx.xx.2006-cı il tarixli qərarı ilə X6 direktor təyin edilmişdir. -"xxxx" MMC-nin nizamnaməsi təsisçilər “A&da Holding GmbH” şirkəti adından xx.xx.2006-cı il tarixli etibarnamə əsasında səlahiyyətli nümayəndə X11 və "xxxx" MMC adından Cəmiyyətin direktoru İddiaçı tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, 11/2911 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2006cı il tarixdə 1106-T22-4272 Dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 2199-cu məhəllə, Babək prospekti 28, təsisçi Avstriyanın hüquqi şəxsi “A&da Holding GmbH” şirkəti 99% və "xxxx" MMC 1%, qanuni təmsilçi İddiaçıdur. - "xxxx" MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının xx.xx.2006-cı il tarixli protokoluna əsasən cəmiyyətin direktoru İddiaçı səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və ünvan 1 ünvanda yaşayan (ş/v seriya AZE 103709664, xx.xx.2005-ci il tarixdə Yasamal RPİ tərəfindən verilmişdir) X6 Cəmiyyətin direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, 11/-689 nömrəli çıxarışa əsasən "xxxx" MMC qanuni təmsilçi İddiaçıdur. - "xxxx" MMC-nin təsisçisinin xx.xx.2006-cı il tarixli qərarı ilə ünvan 5 ünvanda yaşayan (ş/v seriya AZE №05027899, xx.xx.2005-ci il tarixdə Yasamal RPİ tərəfindən verilmişdir) İddiaçı Cəmiyyətin direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır. -"xxxx" MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının xx.xx.2006-cı il tarixli protokoluna əsasən İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır. -"xxxx" MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının xx.xx.2011-ci il tarixli qərarı ilə ünvan 6 ünvanında yaşayan X8 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, cəmiyyətin qeydiyyat faktlarında baş verən deyişiklilklər Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatından keçirilməsi və bununla bağlı zəruri hərəkətlərin edilməsi Cəmiyyətin direktoruna həvalə edilmişdir. (Qərar həmçinin təsisçi "xxxx" MMC-nin direktoru X6 tərəfindən imzalanmış və MMC-yə aid möhürlə təsdiqlənmişdir. ) -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, 01/Ç-207 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2006-cı il tarixdə 0106-P197-44979 Dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 2199-cu məhəllə, Babək prospekti 28, təsisçi Azərbaycan Respublikasının vətəndaşı X6 10 manat 2 pay 100%, qanuni təmsilçi təsisçinin xx.xx.2006-cı il tarixli qərarı ilə X6 direktor təyin edilmişdir. -Hüquqi şəxsin nizamnamə kapitalındakı payın alqı-satqısına dair xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən satıcı X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 0106- P239-46345 qeydiyyat nömrəsi ə dövlət qeydiyyatına alınmış "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nizamnamə kapitalında ona məxsus olan 100%-lik payın 99%-nı 1-ci X1 şəxsində “A&DA Holding GmbH” şirkətinə, 1% hissəsini isə 2-ci Alıcı İddiaçı şəxsində "xxxx" MMC-yə satmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-16792/2024 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən bildiririk ki, "xxxx" MMC-nin qanuni təmsilçisi xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək X6, xx.xx.2006-cı il tarixdən hazıradək İddiaçıdur. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilərək, "xxxx" MMC-inin qanuni nümayəndəsi kimi onun adının müvafiq dövlət reyestrindən çıxarılmasını xahiş edilsə də, cavabdeh inzibati orqan hərəkətsizlik nümayiş etdirərərk onun müraciətini təmin etməmişdir və hazırki iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və lakin cavabdeh hərəkətsizlik edərək cavab verməmişdir. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. - 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. -91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. - 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir. - 3-cü maddəsinin 5-ci hissəsinə əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada Əmək Məcəlləsi ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə görə hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. -2.0.7-ci maddəsinə görə hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. -2.0.8-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. - 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. -9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik Qanunun tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. -14.1.7-ci maddəsinə əsasən dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar əks etdirilməlidir. Sadalanan normalardan müəyyən olunur ki, hüquqi şəxsin təkbaşına icra orqanının rəhbəri (qanuni təmsilçi) hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə təyin edilir və onun fəaliyyətinə eyni qaydada xitam verilir. İş materiallarında olan "xxxx" MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının xx.xx.2006-cı il tarixli protokolundan görünür ki, cəmiyyətin direktoru İddiaçı səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və ünvan 1 ünvanda yaşayan (ş/v seriya AZE 103709664, xx.xx.2005-ci il tarixdə Yasamal RPİ tərəfindən verilmişdir) X6 Cəmiyyətin direktoru vəzifəsinə təyin edilməsi qərara alınmışdır. Məhkəmə cavabdehin “hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyətinin məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğu, reyestr aparan inzibati orqana öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi” ilə bağlı dəlilinə qiymət verərəkən məhkəmə o halı nəzərə alır ki, hüquqi şəxsin qeydiyyatın qaydaları, həmin qaydaları bilavasitə tətbiq və nəzarət edən vergi orqanının səlahiyyətləri hər bir halda fiziki şəxs kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi özünün qanuni təmsilçi olmadığı barədə məlumatların dövlət reyestrində qeydə alınmasıdır ki, bunun üçün zəruri olan ümumi yığıncağın qərarı mövcuddur və daha öncəki hüquqi sənədlərdə cavabdeh inzibati orqana da məlum olmaqla qeyd edilən faktı özündə əks etdirən hüquqi sənədlər (vergi orqanına təqdim edilən “Cari vergi ödəmələrinin hesablanması barədə” 2008-ci il 19 yanvar və 2008-ci il 17 aprel tarixli arayışlar, “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün” vergi orqanına təqdim edilən 2008-ci il 4 iyun tarixli ərizələr, “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” 2008-ci il 30 aprel tarixli müqavilə, MMC-nin fəaliyyətinin 2010-cu il 5 oktyabr tarixdən 2015-ci il 5 oktyabr tarixinədək dayandırılması barədə arayış 2010-cu il 5 oktyabr tarixli arayış, "xxxx" MMC-nin təsisçilərinin növbədənkənar ümumi yığıncağının 2011ci il 14 fevral tarixli qərarı, "xxxx" MMC tərəfindən 2010-cu il 4 oktyabr tarixində verilmiş etibarnamə, Vergi ödəyicisi hüquqi şəxsin uçota alınması haqqında ərizəyə əlavə) mövcuddur. İş materiallarına əlavə edilmiş X6 2010-cu il 17 avqust tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti İstintaq şöbəsində şahid qismində dindirilərkən verdiyi ifadəsində 2006-cı ilin dekabr ayından hazıradək "xxxx" MMC-nin direktoru vəzifəsində çalışdığını bildirmişdir. Bütün qeyd edilən xüsusatlardan görünür ki, xx.xx.2006-cı il tarixindən hazırki tarixədək "xxxx" MMC-nin fəaliyyətində iddiaçının hər hansı formada iştirakı olmamışdır. Yalnız reyestrdə müvafiq dəyişikliyin aparılmaması iddiaçının hüquqi şəxsin qanuni təmsilçisi olması qənaətinə gəlməyə əsas vermir və iddiaçının müvafiq məlumatlarda dəyişikliyin aparılması cavabdehdən tələb etməsi əsaslı tələbdir. Digər tərəfdən qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsi 2-2(103)-633/2023 saylı, xx.xx.2023-cu il tarixli qətnaməsindən də müəyyən olunur ki, iddiaçının "xxxx" MMC-nin qanuni təmsilçisi (diektoru) kimi reyestrdəki məlumatdan savayı hər hansı sənəddə imzası və adı qeyd edilməmişdir. Digər tərəfdən iddiaçı 2011-ci ilin 23 sentyabr tarixindən 2016-ci ilin 28 iyun tarixinədək "xxxx" MMC-nin direktoru vəzifəsində çalışmışdır. İddiaçının "xxxx" MMC ilə arasında qüvvədə olan əmək müqaviləsi və mərkəzləşdirilmiş elektron informasiya vasitələrində bu barədə hər hansı məlumat mövcud deyildir. Həmin iş üzrə qəbul edilmiş Ali Məhkəmənin 2-2(102)576-2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “kollegiyasının mövqeyinə görə, maraqlı şəxsin müəssisənin işçisi, qanuni təmsilçisi, habelə faktiki rəhbəri olmamasına baxmayaraq, bununla bağlı dəyişiklik dövlət qeydiyyatına alınmadığından, habelə ərizəçinin yol verilmiş nöqsana dair nəzarətedici funksiyasını lazımi formada icra etməməsi səbəbindən maraqlı şəxsin, MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcun dövlət büdcəsinə tutulması səmərəliliyini istisna etməklə MMC-nin borclarının vaxtında ödənilməsindən yayınmasına, maraqlı şəxsin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına və ümumiyyətlə, ədalət prinsipinin pozulmasına səbəb olur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 7 ünvanının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. "xxxx" MMC-nin qanuni nümayəndəsi kimi İddiaçı adının müvafiq dövlət reyestrindən çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar