Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1162/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X4” Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs “X4” Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X4” Şirkəti işə cəlb edilməklə “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ona məxsus torpaq sahəsinə çıxarışın verilməsinin təmin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ veteranı olduğu üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 1597 saylı sərəncamı ilə fərdi ev tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin ərazidə qonşuların hamsına çıxarış verilmişdir. Torpaq sahəsi ilə bağlı hüquqlarının qeydiyyata alınması xx.xx.2021ci ildə cavabdehə müraciət etmişdir. Ancaq cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
3. Məhkəmənin 2-1(112)-8736/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1597 nömrəli sərəncamı əsasında Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
4. Məhkəmənin 2-1(112)-8736/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X4” Şirkəti iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı şəhəri İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aid olduğu müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il tarixli **********05 nömrəli cavab məktubu ünvanlanmışdır.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-ü şəxsin nümayəndəsi izahatında bildirdi ki, mövcud vəziyyətdə iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə tərəflərindən baxış keçirilmədiyindən hər hansı bir dəqiq məlumat verə bilmir.
10. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə digər 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
11. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1597 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsi təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Sərəncama qoşma şəklində cizgi əlavə edilmişdir.
12. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli **********05 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, təqdim etdiyi yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aid olduğu müəyyən edilmişdir.
13. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 28 aprel 2023-cü il tarixli 14-2/2-M-2xx-xx/2023-1267 nömrəli məktuba əsasən iddiaçının ərizəsində qeyd etdiyi UTM WGS 84 koordinat sistemində X 396716.65 396719.29 396734.00 396731.00 Y 4476918.74 4476959.01 4476959.00 4476917.00 koordinatlarında olan həmin 600 kv.m torpaq sahəsi birinci ərizəsinə verilmiş cavab məktubunda da, qeyd edildiyi kimi, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 091-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respulikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna blər.
14. Məhkəmənin “iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumatı, alındığı təqdirdə qeydiyyata alınmaya əsas olmuş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi barədə” sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-35152/2023 **********52 nömrəli məktubla iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin qonşuluqda yerləşən torpaq sahəsi də, Qarabağ müharibəsi veteranı iştirakçısı kimi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı əsasında ayrılmış torpaq sahəsidir.
ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
22. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsin İ və V hissələrinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
25. İşin hallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının1597 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsi təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmışdır. Sərəncama qoşma şəklində cizgi əlavə edilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın qanuniliyi mübahisələndirilməmiş, yalnız torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması əsası ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
26. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, qonşuluqda yerləşən həmin torpaq sahəsi də öz ilkin mülkiyyətçisinə, iddiaçıya ayrıldığı kimi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən eyni ildə, Qarabağ müharibəsi veteranı iştirakçısı kim ayrılmışdır və həmin torpaq sahəsinə dair hüquqlar artıq daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışlar verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
28. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
31. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1597 nömrəli sərəncamı əsasında Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva