Məhkəmə qərarları › İş №2-1(112)-1162/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1162/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1162/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “11 (12) dekabr 2023-cü il tarixli göndəriş üzrə 22 dekabr 2023-cü il tarixli əlilliyin təyininə imtina barədə qərarın ləğv edilməsi və 01 aprel 2024-cü il tarixli qərarının iddiaçıya aid olan hissəsində ləğv edilməsi və adıçəkilən göndəriş əsasında əlilliyin təyin edilməsini” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2017-ci il tarixdən əlilliyi olan şəxs olmuşdur. Əlilliyin müddəti 5 il olaraq müəyyən edilmişdir. Əlilliyin müddəti bitdikdən sonrsa, cavabdeh forma 088 əsasında iddiaçının əlilliyini qiymətləndirmiş və onda olan xəstəliklərin əlilliyin təyininə əsas vermədiyini bildirmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2023-cü il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 752 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sağ ön alın nahiyəsində bir ədəd, başın sağ gicgah nahiyəsində bir ədəd, qarnın sağ yan səthində bir ədəd, sağ diz oynağının bayır səthində bir ədəd, sol baldırın yuxarı 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, sağtərəfli zəif eşitmə, əsəbilik, insanlarla ünsiyyət qura bilməməkdən şikayətlənmişdir. Anamnestik məlumatlarında medikamentoz preparatlardan “Zolomax”, “Ksonomax”, “Kavinton”, “Nimesil” qəbul etdiyini, əsəbləşdiyi zaman insanlarla dalaşdığını, kobud ifadələr işlətdiyini bildirmişdir. Müayinə gedişatında vətəndaşın 4-5 metrdən sərbəst ünsiyyətə daxil olması müşahidə edilmiş, psixi statusunda hal-hazırda yalnız astenik vəziyyət izlənilmiş, son illərə aid başbeyin instrumental müayinələrindən (KT, MRT) keçdiyini bildirsə də, müvafiq sənədlər təqdim etməmişdir. Vətəndaş yalnız sağtərəfli zəif eşitmədən şikayətlənsə də, təqdim olunmuş Fonus klinikasının müayinəsinin nəticəsində ikitərəfli ağıreşitmə qeyd olunmuş, sənədin doğruluğuna şübhə yaranmışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, əsəbilik, başında törəmə olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbləşən zaman ətrafdakı əşyalara zərər yetirdiyini, adi bir sözdən əsəbləşdiyini, bu səbəbdən daima evdə olduğunu, insanlarla münaqişələr yaşaması səbəbindən psixiatrik xəstəxanalara müraciət etdiyini bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını bilməmiş, heç bir resept təqdim etməmişdir. Müayinə zamanı sağ qulağında eşitmə cihazı olduğu müşahidə edilmiş, lakin vətəndaş 5 metr məsafədən əyləşmiş, sakit danışmış, verilən sualları cavablandırmışdır. Vətəndaşın alnında, qarının sağ tərəfində, sağ dizində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətləri sərbəst və ağrısız olmuşdur. Nəzərə alınmışdır ki, təqdim edilmiş tibbi müayinə sənədlərinə əsasən vətəndaş bir ay ərzində beş gün fasilə ilə iki dəfə MRT müayinəsindən, on gün sonra isə KT müayinəsindən keçmişdir. Psixi statusunda demonstrativ şəkildə oturmuş, verilən suallara süst cavablar vermiş, əsəbiliyə, aqressivliyə açıqlama verə bilməmiş, ümumi cümlələrlə yayınmışdır. Psixiatrik xəstəxanaya müraciət yalnız 2023-cü ildə olmuş, gündüz stasionarında müalicə almış, qəbul etdiyi dərman haqqında məlumat verməmişdir. Təqdim edilən instrumental müayinələrin ardıcıllığı və nəticələrinin uyğunsuzluğu diqqəti cəlb etmiş, şəxsiyyətin üzvi mənşəli spesifik inkişafı izlənilməmiş, asteno-nevrotik əlamətlər aktual olmuşdur. X4 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ diz oynağının, sol baldırın yuxarı 1/3- nin ağrılı dartıcı çapıqlaşması. Sağ diz oynağının posttravmatik üçüncü mərhələ artrozu. Ağrılı sinoviti. Diz qapağının bayıra rotasiyası. Diz oynağının kəskin kontrakturası, bükmə 110 dərəcə. Qeyri-stabilliyi, ağrılı oynaq. Aşıq baldır oynağının kontrakturası, bükmə 100 dərəcə, açma 85 dərəcə. Ətrafın funksiya pozğunluğu. Ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 nömrəli X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1110/23 nömrəli Çıxarışında diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma İ Qarabağ müharibəsi) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar və yaddaş zəifliyi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 7502 nömrəli Məsləhət vərəqində diaqnoz “Baş beynin üzvü xəstəliyi (İ Qarabağ müharibəsi travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntusu. Depressiv daxilolmalar və yaddaş zəifliyi” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 2611 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT-sı nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış, yaddaş zəifliyi və depressiv əlamətlərlə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış, yaddaş zəifliyi və depressiv əlamətlərlə” kimi qeyd olunsada, klinik olaraq öz təsdiqini tapmamışdır. X7 xx.xx.2023-cü il tarixli BERA testinin nəticəsi “İkitərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X8 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Hipoksik vəziyyət. Alın payında təktək paroksizmal işarələr. Vegetativ strukturların paroksizmi (β- ləng dalğa) paroksizmidir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2023-cü il tarixli Kranioserebral MRT müayinəsinin nəticəsi “Serebral korteksin ümumi konfiqurasiyası və həcmi kobud kortikal atrofiyanı əks edir. Subaraxnoidal şırımların həcmi artmışdır. Beyin yarımkürələrində yayılmış fokal qliotik ocaqlar aşkar edilir. Ocaqlar əsasən arxa periventrikulyar nahiyələrdə və soldan alın və təpə nahiyələrin subkorteksində vizualizə olunur. Təpə nahiyəsində dərialtı ateroma qeyd olunur, 5×10×15 mm-ə yaxın ölçülərdədir” kimi qeyd olunsa da, sənədin doğruluğuna ciddi şübhə yaranmışdır. Medistyle Hospitalın xx.xx.2023-cü il tarixli Beyin MR müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində, hər iki pariatal nahiyədə 2-3 mm ölçüdə bir neçə ədəd T2, FLAİR hiperintens ocaq (Daha çoxunun spesifik ocaq lehinə dəyərləndirilir)” kimi qeyd olunsa da, sənədin doğruluğuna ciddi şübhə yaranmışdır. Berlin Ailə və Uşaq Klinikasının xx.xx.2023-cü il tarixli KT müayinəsinin nəticəsi “İntraparenximatoz həcmli proses qeyd olunur. İnvolyutiv-atrofik dəyişikliklər. Hər iki yarımkürənin serebelyar ağ maddəsində millimetrik ölçülü xroniki angiopatik qliotik ocaqlar” kimi qeyd olunsa da, sənədin doğruluğuna ciddi şübhə yaranmışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq-45 db (İİ dərəcə), sol qulaq- 35 db (İ dərəcə)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, əlilliyin təyinatına dair qərarın ləğv edilməsi hissəsində mübahisələndirmə növündə iddiaya münasibətdə xüsusi mümkünlük şərti kimi iddia müddətinin ötürülməməsi qənaətinə də gəlinir ki, müddətin ötürülməmiş hesab edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi aşkar edilmir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Elektron məlumatdan görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Qapalı KBT dan sonraki kəskin asteno-nevrotik sindrom (ayda 9 dəfə) Kəllə daxili hipertenziya, tez-tez təkrarlanan vegeto damar krizlərlə. Hemolotik anemiya. Sol böyrəyin nefrosklerozu, sol böyrəyin xroniki tez-tez kəskinləşən, piyelonefrit kəskinləşmə dövrü. XBÇ İİ d. Nefrogen hipertenziya. Xr hepatoxolesistit. Xr.pankreatit. Neyrosirkulyator distoniya” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Bakı 2 nömrəli X3 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli (imzalama tarixi xx.xx.2023) forma 088 arayışdan görünür ki, iddiaçıda: Əsas diaqnoz T90.5 “Kəllədaxili travmaların nəticələri, başın travmasının nəticələri”; Ağırlaşma F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin üzvi xəstəliyi (travma İ Qarabağ müharibəsi) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları depressiv daxil olmalar və yaddaş zəifliyi ilə, MMSE-24”; F07.8 “Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, MMSE-24”; F06.3 “Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu MMSE-24”; F06.7 “Yüngül koqnitiv pozuntu, Yüngül koqnitiv pozğunluq. MMSE-24” Yanaşı xəstəliklər Y36.4 “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar”; H90.6 “İkitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə”; G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya” S06.9 “Dəqiqləşdirilməmiş kəllədaxili travma” İ67.2 “Serebral ateroskleroz” İ10 “Essensial (birincili) hipertenziya” W32 “Əl odlu silahından atəş” G90.0 “İdiopatik periferik vegetativ nevropatiya” M18.4 “Birinci bilək-əldarağı oynağının digər ikincili ikitərəfli artrozları” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçıya ikinci dərəcəli əlilliyin təyinindən imtina olunmuşdur. Səbəb – diaqnoz əlillik əlaməti təyin etmir. xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2272/2024 nömrəli qərardan görünür ki, iddiaçıya diaqnozun əlillik əaməti təyin etməməsi qərara alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1.Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Həmin meyarlarının 7-ci bölməsində (Psixi və davranış pozuntuları) aşağıdaki əks olunan xəstəliklər əlilliyin təyininə əsas verir: üzvi mənşəli şəxsiyyət pozuntusu; (F07.0) baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları; (F07.8) Yuxarıda qeyd olunan bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə vurğulayır ki, əlilliyi olan şəxslərə münasibətdə dövlətin sosial siyasəti onların cəmiyyətin həyatında fəal iştirak imkanlarının genişləndirilməsinə, sosial rifah və maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik aktları, konkret olaraq əlilliyin birinci, ikinci və ya üçüncü dərəcələrinin müəyyən olunması üçün xəstəliklərin siyahısını və dərəcələrin müddətini hüquqi əsaslarla müəyyən etmişdir. İş materiallarından məlum olur ki, iddiaçıya xx.xx.2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq, 5 (beş) il müddətinə İİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddətinin başa çatması ilə əlaqədar olaraq iddiaçı yeni forma 088 arayışı ilə əlilliyin yenidən qiymətləndirilməsi üçün müraciət etmiş, lakin onda olan diaqnozların əlilliyin təyin edilməsi üçün əsas vermədiyi səbəbi ilə ona əlillik verilməsindən imtina olunmuşdur. Hazırkı inzibati mübahisənin predmeti olaraq, məhkəmə, iddiaçıda mövcud olan xəstəliklərin ona əlillik dərəcəsinin yenidən təyin edilməsi üçün əsas verib-verməməsini müəyyən etməlidir. Bu istiqamətdə işin həllinin xüsusi tibbi bilik tələb etdiyini nəzərə alaraq, məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. Ekspertiza zamanı forma 088 arayışında qeyd olunan F07.8 kodlu xəstəliyin (üzvi mənşəli şəxsiyyət pozuntusu) iddiaçıda aşkarlandığı müəyyən edilmişdir. Bundan əlavə, hazırkı vəziyyətdə iddiaçıda F07.0 – “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” diaqnozu qeydə alınmışdır. Cavabdeh tərəf məhkəmə baxışı zamanı təqdim olunan diaqnoz üzrə kliniki ağırlaşmanın müəyyən olunmadığını əsas göstərmişdir. Lakin məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında "əlilliyin təyini və ya bərpası" məsələlərinə baxılarkən məhkəmə ekspertizaları zamanı ekspertlər tərəfindən verilən rəylərdə “xəstəliklərin ağırlaşması” suallarının cavabı bəzən konkret şəkildə ifadə olunmur. Bu isə həmin halların inkar edildiyi mənasına gəlmir. Əksinə, iş üzrə ekspert rəyindən aydın olur ki, iddiaçıda qeyd olunan psixiatrik pozuntu hal-hazırda da müşahidə olunur və bu, əvvəllər təyin olunmuş əsas diaqnozun davamı və faktiki ağırlaşmasıdır. Məhkəmə bu xüsusatları nəzərə alaraq bildirir ki, iddiaçıda mövcud olan “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” xəstəliyi hal-hazırda da aktualdır və onun müşahidə olunan kliniki əlamətləri əlillik təyini üçün hüquqi və tibbi əsas təşkil edir. Həmin xəstəliyin klinik xarakteri və simptomatikası, xüsusilə də şəxsiyyət dəyişikliyi, davranış və emosional sabitliyin pozulması, psixi fəaliyyətin ləngiməsi, əmək qabiliyyətini ciddi şəkildə məhdudlaşdırır. Bundan başqa nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2017-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, ən əsası isə həmin xəstəliyin ağırlaşması da müəyyən olunduğu halda, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir. Ali Məhkəmənin 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir ki, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlillik təyinindən imtina etmiş və diaqnozun əlillik təyini üçün əsas olmadığını qeyd etmişdir. Halbuki, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda qeyd edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh isə, bunun əksinə olaraq, eyni mühüm faktiki halların mövcudluğu halında fərqli qərar qəbul edərək əlilliyin təyin edilməsindən imtina etmiş, əvvəlki mövqeyindən fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, bununla da iddiaçının əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarında təsbit olunmuş hüquqlarını pozmuşdur. Göstərilən bütün halları nəzərə aldıqda, məhkəmə qeyd edir ki, iddiaçıda aşkar olunan xəstəliyin patoloji xüsusiyyəti, onun davranış və psixi funksiyalarına təsiri, eyni zamanda əmək qabiliyyətinə yaratdığı məhdudiyyətlər nəzərə alınmaqla, əlilliyin təyini üçün mövcud qanunvericiliyə uyğun əsaslar mövcuddur. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli forma 088 arayışı əsasında əlilliyin təyini ilə yanaşı, həmçinin onun barəsində qəbul edilmiş 22 dekabr 2023-cü il tarixli əlilliyin təyininə imtina barədə qərar və 01 aprel 2024-cü il tarixli qərar (ona aid hissədə) ləğv edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. 11 dekabr 2023-cü il tarixli göndəriş üzrə 22 dekabr 2023-cü il tarixli əlilliyin təyininə imtina barədə qərarı və 01 aprel 2024-cü il tarixli qərarı İddiaçı aid olan hissədə ləğv edilsin. 11 dekabr 2023-cü il tarixli göndəriş əsasında İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar