Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11623/2024 18.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X16) “paylı mülkiyyətdə olan daşınmaz əmlakın ayrıca əmlak kimi qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, X24 Əmir oğlunun sədrliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X16) “paylı mülkiyyətdə olan daşınmaz əmlakın ayrıca əmlak kimi qeydə alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, ev 24, mənzil 41 X4 mülkiyyətində olmuşdur. xx.xx.2005-ci il tarixli AN-İ № ******* alğı-satqı müqaviləsinə əsasən X6 (satıcı) ona məxsus olan ünvan 1 ünvanda yerləşən 91.07 kv.metr yaşayış sahəsinin 24.0 kv.metr olan 2 otağını X2. xx.xx.2005-ci il tarixli AN-İ № ******* alğı-satqı müqaviləsinə əsasən X6 (satıcı) ona məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin 30.01 kv.metr olan 2 otağını X3. xx.xx.2006-cı il tarixli AN-İ № ******* alğı-satqı müqaviləsinə əsasən X17 (satıcı) ona məxsus olan ünvan 1 ünvanda yerləşən özünə məxsus yaşayış sahəsinin 24.0 kv.metr olan 2 otağını X1. xx.xx.2009-cu il tarixli AN-İ № ******* alğı-satqı müqaviləsinə əsasən X9 (satıcı) ona məxsus olan ünvan 1 ünvanda yerləşən özünə məxsus yaşayış sahəsinin 24.0 kv.metr olan 2 otağını İddiaçı satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH ******* №-li, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsində istifadədə olan 0,07663 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində, 86.21 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı 2 otaq y/s 24.0 kv.m, X10 2 otaq y/s 30.01 kv.m adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1865/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X14 qarşı payların naturada bölgüsünə dair iddia tələbi təmin edilmiş, paylı mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsində 0.07663 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində, 86.21 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil üzərində İddiaçı payına düşən 2 otaq (yaşayış sahəsi 24 kv.m hissə) təcrid edilərək natura şəklində ayrılması qət edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1865/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı üçün xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. Bakı Şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru X18 tərəfindən qəbul edilmiş xx.xx.2024-xü il tarixli “ İcraata xitam verilməsi haqqında” qərardan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1865/2023 №-li, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələb tam təmin edildiyi üçün icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən 41 saylı mənzilin bir hissəsinə dair ayrıca dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1865/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsi üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır.” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri"ndən çıxarışa əsasən Daşınmaz əmlakın dövlət reyestrində 285 nömrəli reyestr kitabının 27219 nömrəli vərəqində 2 otaq y/s 24.0 kv.metr İddiaçı, 2 otaq y/s 30.01 kv.metr X15 adına xx.xx.2009-cu il tarixdə ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 86.21 kv.metr olan mənzilə dair iddiaçı adına payına uyğun hissədə xüsusi mülkiyyət hüququ üzrə ayrıca daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyat aparılmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya MH, 016121 nömrəli hüquqların Dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışına əsasən 86.21 kv. ümumi, 54.01 kv. m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə 2 otaq y/s 24.0 kv.m onun, 2 otaq y/s 30.01 kv.m cavabdeh X15 mülkiyyətindədir. Həmin mənzili xx.xx.2009-cu ildə X7 Bakı şəhəri 37 saylı notariat kontorunda bağlanmış alğı-satqı müqaviləsinə əsasən almış və həmin andan ailə üzvləri ilə birlikdə orada yaşayır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-1865/2023 saylı qətnaməsi ilə iddiaçının payına düşən 2 otaq təcrid edilərək natura şəklində ayrılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmişdir və Suraxanı Rayon İcra şöbəsi tərəfindən icra olunmuşdur (aktın surəti əlavə olunur). İddiaçı həmin hissədə ayrıca sənədləşmə işləri aparılması və mənzilə dair texniki pasport və çıxarış almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində, 86.21 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil üzərində İddiaçı payına düşən 2 otağa (yaşayış sahəsi 24 kv.m hissə) tam (paysız) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, elektron çıxarış və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq bilirilmişdir ki, qeyd edilən mənzilin ümumi dəhliz hissəsi kərpic ilə iki hissəyə bölünərək sahələr bir birindən təcrid edilmiş və iddiaçıya məxsus sahəyə ayrıca qapı açılmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Üçüncü şəxsə məhkəmə iclasınının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 41 nömrəli mənzil iddiaçının və üçüncü şəxsin paylı mülkiyyətindədir. İddiaçı paylı mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsində 0.07663 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində, 86.21 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil üzərində İddiaçı payına düşən 2 otaq (yaşayış sahəsi 24 kv.m hissə) təcrid edilərək natura şəklində ayrılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmış, Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Cavabdeh göstərilən qaydada dövlət reyestrindən iddiaçıya ayrıca çıxarışın verilməsindən imtina edir və imtinaya əsas kimi Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamasına istinad edir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, qanuni qüvvəsini almış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, həmin işə baxılarkən məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, ekspert qarşısında paylı mülkiyyətdə olan mənzilin naturada ayrılmasının mümkünlüyü barədə sual qoyulmuşdur. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3205 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilin 2 otaq, y/s 24.0 kv.m (12.3 kv.m və 11.7 kv.m yaşayış otaqlarının) olan hissəsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X12 Metodlarının tələblərinə uyğun qaydada digər 2 yaşayış (11.41 kv.m və 18.6 kv.m yaşayış otaqları) otaqlarından təcrid şəkildə naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün texniki pasportun 3 saylı literində yerləşən dəhlizdə arakəsmə divar hörülərək 3 saylı literin bir hissəsi və 7,8,9 saylı literdə yerləşən otaqlar cavabdehə verilə bilər. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin iddiaçının mülkiyyətində olan 2 otağın naturada ayrılması müəyyən edilmiş, həmçinin cavabdehin iddiaya dair yazılı etirazında mənzilin ümumi dəhliz hissəsi kərpic ilə iki hissəyə bölünərək sahələr bir birindən təcrid edilməsi və iddiaçıya məxsus sahəyə ayrıca qapının açılması qeyd edilmişdir. Belə olan halda cavabdehin imtinası əsassız olmaqla heç bir faktiki və hüquqi əsasa söykənmir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-ə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X5 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların yaranma əsaslarından biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı təsbit edilmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı Azərbaycan Dövləti adından çıxarılır və icrası bütün Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni mülki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində cavabdeh İdarənin üzərinə hər hansı bir öhəliyin qoyulmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin qətnamədə cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəliyinin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış hüquqi (və ya dövlət reystrində qeydə dəyişikliyi) qeydə almalıdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüququnun yaranması əsasları kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yanaşı Qanunun 8.0-cı maddəsinə digər əsaslar da sadalanmışdır. Cavabdeh istinad etdiyi bu dəlildən belə məntiqi nəticə hasil olur ki, həmin normada göstərilən hər hansı bir hüquq faktı baş verən zaman (misal üçün Müvafiq İcra Hakimiyyəti orqanları qərar qəbul edən zaman, order verən zaman, bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılan zaman, hərracda müqavilə bağlanan zaman, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı verilən zaman və s.) cavabdehin üzərinə qeydin aparılması barədə öhdəlik qoyulmalıdır. Məhkəmə qeyd edir ki, digər əsaslar kimi qanuni qüvvəsini almış məhkəmə qərarı da daşınmaz əmlaka hüquqların yaranma əsasıdır və qətnamədə cavabdeh İdarənin üzərinə öhdəlik qoyulub-qoyulmasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüququ qeydə almalıdır. Əks yanaşma qanuni qüvvəsini almış, məhkəmə qətnaməsinin yuxarıda sadalanan məcburilik, təkzibolunmazlıq, icra edilənlik və s. prinsiplərinə ziddir. Həmçinin hazırda olduğu kimi, cavabdehin imtinasından yaranan digər bir məhkəmə mübahisəsinin yaranmasına səbəb olur. Qeyd edilənlərə əsasən cavabdehin formal əsaslara söykənərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binanın 7-ci mərtəbəsində, 86.21 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil üzərində İddiaçı payına düşən 2 otağa (yaşayış sahəsi 24 kv.m hissə) tam (paysız) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, elektron çıxarış və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X25
Məhkəmə qərarları › İş №2-1(112)-11623/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11623/2024
18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver