Məhkəmə qərarları › İş №2-1(112)-11628/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11628/2022

07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11628/2022 07.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs X8 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” X2rşı (üçüncü şəxs X12) «doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi və ləğv olunması» tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” X2rşı (üçüncü şəxs X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il təvəllüdlü X6 verilmiş doğum haqqında şəhadətnamənin ləğv olunması, xx.xx.2021-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsində ata adı qrafasından Maarif adı, soyad qrafasından isə Kərimova qeydinin çıxarılması, xx.xx.2021-ci il təvəllüdlü X6 iddiaçının babasının soyadı olan Şakirova soyadının verilməsi, uşağın doğum haqqında şəhadətnaməsində valideyn olaraq yalnız iddiaçının adının qeyd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X12 ilə xx.xx.2020-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. xx.xx.2020-ci il tarixində o, X7 ayrılmaq qərarına gələrək anasının yaşadığı və özünün qeydiyyatda olduğu ünvana qayıtmışdır. O, X12 ilə birgə 2020-ci ilin sentyabr ayında nikahın pozulması ilə bağlı 2 saylı Bakı ASAN Xidmət X3 ərizə ilə müraciət etmişdir. Müvafiq dövlət rüsumunu ödədikdən sonra nikahın pozulması müddətini gözləmişdir, lakin həm özü, həm də X12 COVİD-19 virusuna yoluxduqları üçün nikahın pozulması ilə bağlı etdikləri müraciəti təsdiqləyə bilməmişlər və bu səbəbdən ərizələri qeydiyyata alınmamışdır. 2020-ci ilin dekabr ayında M.Kərimova zəng edərək nikahın pozulması üçün yenidən müraciət etməklərini xahiş etmişdir, lakin həmin müddətdə sonuncunun anası vəfat etdiyi üçün müraciət etmək imkanında olmadığını bildirmişdir. O, 2021-ci ilin yanvar ayında X9 telefonla zəng etmişdir, lakin telefon nömrəsinin əhatə dairəsi xaricində olduğu üçün əlaqə saxlaya bilməmişdir. Daha sonra X8 yaxın qohumları həmin müddətdə ona sözügedən şəxsin Rusiya Federasiyasında olduğunu bildirmişdirlər. O qeyd edir ki, uşağının bioloji atası X12 deyil. xx.xx.2021-ci il tarixdə X12 Bakıya qayıtmışdır və onunla birgə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Qeyd edir ki, uşağı dünyaya gəlməmişdən öncə o, uşağa X1 və ata adının verilməməsini istədikdə məhkəmədə nikahın yaxın zamanda pozulduğu üçün uşağın doğum haqqında şəhadətnaməsində sonuncunun ata adının va soyadının qeyd olunacağını bildirmişlər. Belə ki, övladı X10 xx.xx.2021-ci il tarixdə, nikahları pozulduqdan üç ay sonra doğulmuşdur. Bütün bunlara əsasən hesab edir ki, X6 verilmiş doğum haqqında şəhadətnamə ləğv olunmalı və doğum haqqında şəhadətnamənin soyad qrafasından "Kərimova”, ata adı qrafasından isə “Maarif’ adı silinməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə sərəncam və bildiriş ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçı və üçüncü şəxsin nümayəndəsi iştirak etmişlər, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda isə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə hesab edir ki, həmin Məcəllənin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə tənzimlədiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prosessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, iddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X11 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutiç Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Həmin Məcəllənin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında 55.3-cü maddəsi göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5ci maddəsi ilə birlikdə deyil, 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarına əsasən, ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda həmin Məcəllənin 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünküyünü yoxlamaq zərurəti mövcud deyildir. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar