Məhkəmə qərarları › İş №2-1(112)-11628/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11628/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11628/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiaları üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi (atası) İddiaçı1 iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiaları üzrə inzibati işə 7 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı1 1992-ci ildə erməni təcavüzü nəticəsində Xocalı rayonundan məcburi köçkün düşmüş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., Çiçək düşərgəsi ünvanında ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışdır. İddiaçı1 ilə X2 xx.xx.2003-cü ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2009-cu ildə X6 adlı (bundan sonra – iddiaçı) qızı olmuşdur. İddiaçı1 məcburi köçkün statusu vardır və bu barədə ona Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Seriya AA 422506 saylı məcburi köçkün vəsiqəsi vərilmişdir. İddiaçıya məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə (bundan sonra – cavabdeh) müraciət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6 bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamadığından sizə məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məcburi köçkün statusu verən, məcburi köçkün vəsiqəsi verilməsi tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, o, yoldaşı və bir qızı məcburi köçkün statusuna malikdir, böyük qızı xx.xx.2004-cü il təvəllüdülü X3 xx.xx.2021-ci il tarixində Məcburi Köçkün vəsiqəsi almasında heç bir problem olmamışdı. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının qanuni nümayəndəsi (atası) iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürürlər. İddiaçılar İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçıların müraciətinin təmin olunmasından cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə imtina edilmiş, məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət edilərək iddia müddətinə riayət edilmişdir Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçı onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə istinad edilməklə iddiaçıların atasının yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması səbəbindən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər; 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Hazırkı işin mübahisələndirilməyən hallarına əsasən iddiaçının atası məcburi köçkündür. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. Məhkəmə ilk növədə qeyd edir ki, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Xidməti tərəfindən ünvanlanmış 7 avqust 2025-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı1 adına ünvan 2 ünvanı qeydiyyata alınmışdır, lakin həmin mülk sonradan digər şəxsin (X4) adına özgəninkiləşdirilmişdir. Təqdim edilmiş mənzilin arxiv qovluğunda müəyyən edilir ki, iddiaçıya həmin mənzil Qarabağ müharibəsi veteranı kimi əvəzsiz qaydada verilmişdir. Bundan başqa, həm iddiaçının və atasının qeydiyyat ünvanı, həmin mənzil deyil, Xocalı rayonudur. Belə olan halda, Qaydaların 4.2.6-cı bəndində nəzərdə tutulmuş “mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşmək”lə bağlı dispozitiv şərti ödəmir. Digər tərəfdən sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəmələrinin qərarlarında da (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-618/2020 saylı, 2-1(102)- 652/2022 saylı, 2-1(102)-2852/2021 saylı, 2-1(102)-710/2021, 2-1(102)-2212/2022 saylı qərarları) ifadə olunmuşdur. Bundan başqa içdən görünür ki, cavabdeh orqan iddiaçının bacısı xx.xx.2004-cü il təvəllüdülü X1 xx.xx.2021-ci il tarixində məcburi köçkün statusu vermişdir. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə fərqli davranaraq bərabərlik prinsipinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in: 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur; 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar