Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11631/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qarşı “artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında qərarın ləğv edilməsi və sosial müavinətin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra –Cavabdeh) ərizə ilə müraciət edərək, onun xəbəri olmadan VÖEN-inin aktivləşdirildiyini, buna görə müavinətinin dayandırıldığını, lakin fəaliyyət göstərdiyi yerin yol çəkilməsi ilə bağlı söküldüyünü və VÖEN-dən istifadə etmədiyini bildirməklə, ona təyin olunmuş yaşa görə sosial müavinətin bərpa edilməsini və artıq ödəmənin hesablanmamasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********8 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, hazırda 62 yaş 6 ay müavinət yaşı tamam olmadığı üçün ona yaşa görə sosial müavinətin təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsininin xx.xx.2022-ci il tarixli, **********750600 nömrəli arayışına əsasən iddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatda olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubuna əsasən xx.xx.2019-cu il tarixində onun yaşa görə (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara müavinət) sosial müavinət hüququ olmadığı halda, ona həmin tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və ödənişi xx.xx.2021-ci il tarixinədək davam etdirilmişdir. Bu səbəbdən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 2917 nömrəli qərarına əsasən ona təyin edilmiş sosial müavinətin xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 4315,42 manat məbləğində artıq ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıdan artıq ödənilmiş 4315,42 manat məbləği 10 gün müddətində Dövlət Sosial Müdafiə Fondunun hesabına ödəməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin tərəfindən əsassız hesablanmış 4315,42 manat pulun silinməsi və ona 57 yaşdan sosial müavinətin verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında” qərarın ləğv edilməsi və sosial müavinətin dayandırılması qanunsuz hesab edilməklə ödənişin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən ona xx.xx.2019-cu il tarixindən 3 və daha çox uşağı doğub 8 yaşınadək tərbiyə etməsi ilə əlaqədar 57 yaşdan sosial müavinət təyin edilmişdir. 2013-cü ildə bankdan kredit götürmək məqsədilə öz adına VÖEN açdırmış, lakin heç bir fəaliyyət göstərməmişdir. 2022-ci ildən başlayaraq sosial müavinət cavabdeh tərəfindən dayandırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********750600 nömrəli arayışına əsasən o, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatda olmuşdur. O, həmin VÖEN əsasında heç bir fəaliyyət göstərməmiş və gəlir əldə etməmişdir. Buna görə də hesab edir ki, cavabdeh tərəfindən sosial müavinətin dayandırılması və ödənilmiş müavinətin ondan geri tələb edilməsi qanunsuz və əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmamasını xahiş etmiş, həmçinin bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır). Qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən qadınlara yaşa görə sosial müavinətin təyin edilməsi üçün tələb edilən yaş həddi 62 yaş 6 ay müəyyən edildiyindən ona yaşa görə sosial müavinətin ödənilməsi mümkün hesab edilmir.Eyni zamanda Bakı şəhəri X6 üzrə Baş İdarəsindən vergi uçotunun dayandırılması haqqında rəsmi arayış təqdim edilməsinə baxmayaraq iddiaçı 5 və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Baki şəhər Binəqədi Rayonu İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı oğlu X4 (1992), qızı X3 (1991) və oğlu X2 (1999) 8 yaşınadək böyüdüb tərbiyə etmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edərək ona yaşa görə müavinətin təyin edilməsini xahiş etmişdir. Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2019-cu il tarixli, 140 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən ömürlük yaşa görə 73,00 manat məbləğində sosial müavinət təyin olunmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 2917 nömrəli qərarından görünür ki, xx.xx.1962-ci il tarixində Biləsuvar rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 4315,42 manatın tələb olunaraq tələbkar Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsi qərara alınmışdır. Qərar bununla əsaslandırılmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2021ci il tarixinədək aktiv vergi ödəyicisi olduğu halda (VÖEN **********) ona sosial müavinətin təyin edilərək ödənilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığı aşkarlanmışdır. Bu səbəbdən vətəndaşa xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək ödənilmiş 4315,42 manat sosial müavinət artıq ödənilmiş məbləğ hesab edilmişdir. İddiaçı hazırda:
1. cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini;
2. sosial müavinətin dayandırılmasının qanunsuz hesab edilməklə ödənişin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsini xahiş edir. xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə münasibətdə: xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – Qanun) əsasən: - maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. - Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.2. yaşa görə müavinət. - Maddə 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə. - Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük; - maddə 10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi qaydası “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir. - maddə 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır. 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda. İşdən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü iddiaçının xx.xx.2019-cu ildə 57 yaşı tamam olmuş və həmin tarixədək 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etdiyi üçün cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən ona ömürlük yaşa görə müavinət təyin edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2008ci il tarixdən vergi uçotuna alınmış, fəaliyyəti xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdə vaxtı çatdığı üçün bərpa edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2071-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Digər fəaliyyət dövrləri üzrə fəaliyyətinin dayandırılması barədə müraciəti aşkar edilməmişdir. İşdən görünür ki, cavabdeh iddiaçının vergi ödəyicisi kimi fəaliyyətinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv olduğunu aşkar etdiyindən xx.xx.2021-ci il tarixdən etibarən ona təyin edilən sosial müavinət ödənişini dayandırmışdır. Daha sonra isə iddiaçıya xx.xx.2019-xx.xx.2021-ci il tarixlərdə ödənilən 4315,42 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Halbuki “Sosial müavinətlər haqqında” Qanunun 12-ci maddəsinə əsasən: - maddə 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. - maddə 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, qanunverici şəxs əmək fəaliyyətinə başladıqda ona təyin edilən yaşa görə müavinətin dayandırılmasını nəzərdə tutsa da, eyni zamanda müəyyən edir ki, artıq ödəniş olmuşsa, həmin vəsait geri qaytarılır, geri qaytarmaqdan imtina olunduqda isə yaranmış mübahisəyə məhkəmə qaydasında baxılır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya 4315,42 manat məbləğində artıq müavinət ödənişi edildiyini aşkar etsə də, həmin məbləğin qaytarılması ilə bağlı iddiaçının razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almamış artıq ödənilmiş müavinətin tam formada tutulması barədə qərar qəbul etmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi cavabdeh həmin məbləğin tutulması üçün birincisi, iddiaçının razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ondan tutulmasına razılığı yoxdur və bu ödənişi qaytarmaqdan imtina edir. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması məsələsinə cavabdeh inzibati orqan deyil, məhkəmə baxmalıdır. Bu zaman məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin də istinad etdiyi kimi “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsində artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə bu barədə mübahisənin həll edilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bunan sonra –İPM) 70.1ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2917 nömrəli qərar qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv olunmalıdır. Dayandırılmış sosial ödənişin xx.xx.2021-ci il tarixdən bərpa edilməsinə münasibətdə: Məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş sosial müavinətin verilməsi xx.xx.2021ci il tarixdə dayandırılsa da, ona ömürlük sosial müavinət ödənilməsi barədə Sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2019-cu il tarixli, 140 nömrəli qərarı təmin tarixdə qüvvədə olmuşdur. Cavabdeh xx.xx.2019-cu il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəməyə hər hansı bir dəlil təqdim etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Belə ki, həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun istinad edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması təsvir edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən xx.xx.2019-cu il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qərar hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından məhkəmə hesab edir ki, cavabehin iddiaçıya ödənilən sosial ödənişin dayandırılmasından ibarət hərəkəti qanunsuzdur. Buna görə də həmin ödəniş dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh sosial təminat və inzibati icraat haqqında qanunvericiliyin həm maddi, həm də prosessual tələblərinə əməl etməməklə iddiaçının hüquqlarını pozmuşdur. Buna görə də iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 2917 nömrəli “Artıq ödənilmiş sosial müavinətin məbləğinin tutulması haqqında” qərarı ləğv edilsin. İddiaçı ödənilən sosial müavinətin dayandırılması qanunsuz hesab edilməklə, sosial müavinətin ödənilməsinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova