Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11634/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə və Cavabdeh2 qarşı “sərəncamən etibarsız hesab edilməsi, həmin sərəncam əsasında Cavabdeh2 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış müqavilənin və Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncam əsasında Cavabdeh2 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 15329 saylı 23 yanvar 1997-ci il tarixli müqavilənin və Daşınmnaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın verildiyi andan etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən 380 saylı 0,10 ha. bağ sahəsi Bakı Şəhəri İcraiyyə Komitəsinin 20 oktyabr 1967-ci il tarixli qərarı, 20 saylı protokolu əsasında Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 15329 nömrəli müqaviləyə əsasən mərhum atası X2 icarəyə verilmişdir. Uzun müddət bağ sahəsi X1nun istifadəsində olmuşdur. O və ailə üzvləri yalnız yay mövsümlərində bağ sahəsinə gedir və bir neçə gün qalırdılar. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Növbəti il 2021-ci ilin yay ayında bağ sahəsinə gedərkən onlara məlum olmuşdur ki, qonşusu Cavabdeh2 darvazanın kilidlərini dəyişmiş və ona məlumat verməkdən imtina etmişdir. Sonradan o, bağ sahəsinə daxil olmaq məqsədilə inzibati orqanlara müraciət etmiş, bundan sonra Cavabdeh2 özünə məxsus mobil telefonla əlaqə saxlayaraq bildirmişdir ki, bağ sahəsini mərhum qardaşı sağlığında kiməsə satıb və bağı alan adamı o, tanımır. Sonradan ona məlumat verilmişdir ki, mərhum qardaşı bağ sahəsini hələ 1995-ci ildə satmışdır. O, mərhum qardaşının ailəsi və bacısı ilə əlaqə saxlamış, onlar da bağ sahəsinin satılmasından məlumatları olmadığlarını bildirmişlər. İlk olaraq bununla əlaqədar Sabunçu Rayon Prokurorluğuna və Polis İdarəsinə müraciət etmiş, nəhayət Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılmış və məlum olmuşdur ki, Cavabdeh2 sənədləri saxtalaşdırmış, içki düşkünü olan mərhum qardaşını aldatmışdır. Sonradan ona məlum olmuşdur ki, 23 yanvar 1997-ci il 15929 saylı müqavilə əsasında Cavabdeh2 adına sənədləşmə aparılmış bu zaman qardaşı Zahiddən başqa heç bir ailə üzvünün bu barədə məlumatı olmamışdır. Mərhum qardaşının ölümünə qədər və onun inzibati orqanlara müraciətinə qədər Cavabdeh2 saxta sənədlər barəsində ailə üzvlərinə məlumat verməmişdir. Baxmayaraq ki, bağ qonşusu olaraq İlqar onları tanımışdır. Qeyd olunan saxtakarlıqlarla əlaqədar Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılmışdır. İdarənin baş müstəntiqi polis mayoru tərəfindən qəbul edilmiş 13 fevral 2024cü il tarixli qərarla qeyd olunan bağ sahəsinin saxta sənədlərlə Cavabdeh2 adına keçməsi təsdiq olunmuş, mərhum qardaşı barəsində vəfat etdiyi üçün 15 saylı Notariat Kontorunun notariusu barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. Ona görə də bəhs olunan bağ sahəsinə dair saxta sənədlər əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş müqavilənin və çıxarışın etibarsız hesab edilməsi barədə Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 yuxarıda qeyd olunan saxta sənədlər əsasında xx.xx.1996-cı il tarixli 1621 nömrəli “Bağ sahəsinin ayrılması və ada keçirilməsi barədə” sərəncamının verilməsinə nail olmuş və həmin sərəncam əsasında ailəsinə məxsus olan bağ sahəsini öz adına rəsmləşdirmişdir. Qeyd olunanlardan görünür ki, Cavabdeh2 saxtalığı qanuni qüvvəyə minmiş qərarla təsdiq olunmuş sənədləri Bakı İcra Hakimiyyətinə təqdim edərək onların bağ sahəsini ələ keçirməsi ilə nəticələnən xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamı əldə etmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində iki fərqli cavabdeh - Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh2 göstərilmişdir. İddia ərizəsində göstərilən digər cavabdeh – Cavabdeh2 münasibətdə nəzərinizə çatdırılmışdır ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bundan əlavə, iddiaçının diqqətinə çatdırılmışdır ki, o hazırkı iddia ərizəsi ilə Bakı Şəhər İcra Hakimiyyətinin 13 dekabr 1992-ci il tarixli 1621 nömrəli sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncam əsasında Cavabdeh2 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 15329 saylı 23 yanvar 1997-ci il tarixli müqavilənin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqui şəxsini 1 saylı Bakı ərazi idarəsi tərəfindən Cavabdeh2 adına verilmiş 27 sentyabr 2022-ci il tarixli çıxarışın etibarsız sayılmasını qeyd etmişdir. Belə ki, Cavabdeh2 münasibətdə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmaması məsələsinin araşdırılması zərurəti yaranmışdır. Həmçinin bildirilmişdir ki, tələb inzibati aktın ləğvi ilə bağlı olduğu halda İPM ilə nəzərdə tutulmuş müddətlərdən yan keçmək məqsədilə inzibati aktın etibarsızlığı ilə bağlı iddia qaldırılması yolverilməzdir. Göstərilənlərə əsasən, iddiaçıya qeyd olunan çatışmazlıqların aradan qaldırılması və yuxarıda göstərilən məsələlərə münasibət bildirməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncam əsasında Cavabdeh2 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 15329 saylı 23 yanvar 1997-ci il tarixli müqavilənin və Daşınmnaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkilinə qanunvericiliyin tələbləri izah edilmiş, onlara münasibət bildirilməsi təklif edilmişdir. İddiaçı və nümayəndəsi (vəkili) məhkəməyə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, bildirmişlər ki, məhkəmənin hüquqi yardımından sonra belə qərara gəlmişlər ki, iddia ərizəsinə hazırkı vəziyyətdə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilsin. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının hüquqi marağı Bakı Şəhər İcra Hakimiyyətinin 13 dekabr 1992-ci il tarixli 1621 nömrəli sərəncamının etibarsız hesab edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin 13 dekabr 1992-ci il tarixli 1621 nömrəli sərəncamı əsasında Cavabdeh2 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış müqavilənin və Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsinə nail olmaqdan ibarətdir. Odur ki, iddia tələbinin mümkünlüyü məsələsinə iddiaçının subyektiv hüququnun olmaması ilə yanaşı qanunvericiliyin müxtəlif normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçının mübahisələndirilən sərəncama münasibətdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması müəyyən edilmir. Digər tərəfdən, “İnzibati icraat haqqında” qanunun 65-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Tələb inzibati aktın ləğv edilməsi ilə bağlı olduqda İnzibati Prosessual Məcəllə ilə nəzərdə tutulmuş prosessual müddətdən yan keçmək məqsədilə inzibati aktın etibarsızlığı ilə bağlı iddia qaldırmaq yolverilməzdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən Bakı ŞİH-in xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamı inzibati aktdır ki, həmin aktın mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur.Sərəncamın qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər-hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1621 nömrəli sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncam əsasında Cavabdeh2 ilə Bağlar Təsərrüfatı İdarəsi arasında bağlanmış 15329 saylı 23 yanvar 1997-ci il tarixli müqavilənin və Daşınmnaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X6.
Məhkəmə qərarları › İş №2-1(112)-11634/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11634/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver