Məhkəmə qərarları › İş №2-1(112)-11639/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11639/2022

22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11639/2022 22.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın qanuna uyğunluğunun yoxlanılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1 İddiaçı2 İddiaçı3 iştirakları ilə, iddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın qanuna uyğunluğunun yoxlanılması” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (həmin dövrdəki adı) tərəfindən X1 adına verilmiş xx.xx.2013-cü il tarixli seriya RX, ******* saylı Çıxarışın qanunauyğunluğunu yoxlayaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən iddiaçılara xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu təqdim edilərək, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Həmçinin, məhkəmə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçılara cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini və həmin cavabdehə qarşı yönəldilmiş iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iştirak edən iddiaçılara İPM-in 13-cü maddəsinə əsasən təkrar olaraq hüquqi yardım göstərilmiş və cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini və həmin cavabdehə qarşı yönəldilmiş iddia tələbinin dəqiqləşdirilməsini təklif edilsə də, iddiaçılar məhkəməyə cavabdehin əvəz edilməsinə dair dəqiqləşdirmə ərizəsi təqdim edərək həmin ərizənin icraata qəbul edilməsini və həmin ərizədə göstərilən cavabdehə və ona qarşı yönəldilmiş iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçıların “İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı cavabdeh tərəfindən X2 adına verilmiş xx.xx.2013-cü il tarixli seriya RX, ******* saylı çıxarışın verilməsinə səbəb olan hüquqverici bələdiyyə sənədləri ilə İddiaçı3 və Yavər Süleymanovun adına verilmiş hüquqverici bələdiyyə sənədlərini tutuşdurmaqla həmin çıxarışın qanunauyğunluğunu yoxlayaraq müvafiq qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə “cavabdeh tərəfindən X2 adına verilmiş xx.xx.2013-cü il tarixli seriya RX, ******* saylı çıxarışın verilməsinə səbəb olan hüquqverici bələdiyyə sənədləri ilə İddiaçı3 və Yavər Süleymanovun adına verilmiş hüquqverici bələdiyyə sənədlərini tutuşdurmaqla həmin çıxarışın qanunauyğunluğunu yoxlayaraq müvafiq qərar qəbul edilməsi”ni tələb edir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçılara cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi və həmin cavabdehə qarşı yönəldilmiş iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilərək, cavabdehin və həmin cavabdehə qarşı yönəldilmiş iddia tələbinin dəqiqləşdirilməsi üçün iddiaçıya kifayət qədər şərait yaratmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçılara təkrar hüquqi yardım göstərilərək cavabdehin və həmin cavabdehə qarşı yönəldilmiş iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Göründüyü kimi, iddiaçılar qanunvericiliyə uyğun olaraq cavabdehi və həmin cavabdehə qarşı yönəldilmiş iddia tələbini dəqiqləşdirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinə iddia tələbi çərçivəsində baxılması mümkün olmadığından, həmçinin cavabdeh və həmin cavabdehə qarşı yönəldilmiş iddia tələbi dəqiqləşdirilmədiyindən, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar