Məhkəmə qərarları › İş №2-1(112)-1164/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1164/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1164/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Ə.Əliyev küçəsi Ə.Əliyev 1956-1989-cu məhəllə, ev 26, mənzil 546; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi X3 qızının (Ünvanı: Bakı şəhəri, T.Abbasov küçəsi ev 39, mənzil 54; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təyin edilmiş əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 01.08.2012-ci il tarixdən 31.07.2020-ci ıl tarixədək alınmamış pensiya məbləğinin hesablanaraq birdəfəflik ödənilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 21.07.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. 01.03.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 28.04.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı təyin edilmiş, lakin dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən, yəni 01.08.2012-ci il tarixdən 11.10.2016-cı il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 28 aprel 2008-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq müəyyən olunmuş yaş həddinə çatdığına görə pensiya təyin olunmuşdur. 01.08.2012-ci il tarixədək təyin olunmuş pensiya ona ödənilmişdir. O, Bakı şəhərində tək yaşayır, oğlu isə Rusiyanın Moskva şəhərində yaşayır. Ağır xəstəliyi ilə əlaqədar olaraq 2012-ci ildən oğlunun yanında qalmağa məcbur oldu və həmin şəhərdə hal hazırda da dövrü olaraq müalicəni davam etdirir. Pensiyası ödənilmədiyindən müalicəsini davam etdirmək üçün faizlə borc götürməyə məcbur olmuşdur. Bir ilə yaxındır ki, davam edən müraciətləri nəticəsində Dövlət Sosial Müdafiə Fondunun cavab məktubu ilə alınmamış pensiya məbləğinin “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinin tələblərinə əsasən son 3 ilinin ödənilməsinə dair inzibati akt qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, uzun müddət Rusiya Federasiyasında yaşadığına görə əmək pensiyasını almamasını bildirərək, alınmamış pensiya məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir. İddiaçı müraciəti əsasında Dövlət Sosial Müdafiə Fondu iddiaçı tərəfindən alınmamış pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, son 3 ilinin ödənilməsinə dair inzibati akt qəbul etmişdir. 11.12.2019-cu il tarixli Rusiya Federasiyasının Pensiya Fondu tərəfindən verilmiş arayışa əsasən, İddiaçı 07.05.2019-cu il tarixdən 01.10.2019- cu il tarixədək həmin ölkədə pensiya alması faktı öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). İş materiallarından görünür ki, AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan məhkəmənin sorğusuna cavab olaraq İddiaçı pensiya işinin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsi tərəfindən 20.08.2007-ci il tarixdən iddiaçıya yaşa görə ömürlük əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X2 şöbəsinə ünvanladığı məktubdan görünür ki, İddiaçı plastik kartı bankdan götürməməsi səbəbindən 01.08.2012-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. Həmçinin, məktubda İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 19.11.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsinə ünvanladığı 04.04.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı alınmamış pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1 –ci və 37.7-ci maddələrinə əsasən ödənilməsini məqsədəmüvafiq hesab edirlər. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı 28.04.2021-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, İddiaçı 11.10.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon xidmət nümayəndəliyinə alınmamış pensiya məbləğinə görə müraciət etmiş, Qanunvericiliyə əsasən 11.10.2016-cı il tarixdən pensiyası hesablanaraq may 2020-ci il tarixdən ödənişə başlamışdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, lakin İddiaçı 2012-ci ildə plastik kartı bankdan götürməməsi səbəbindən, həmçinin onun Rusiya Federasiyasının vətəndaşı olması müəyyən edildiyindən ona təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə əsasən vətəndaş tərəfindən plastik kartın bankdan götürməməsi səbəbi ona təyin edilmiş əmək pensiyasının dayandırılması üçün əsas deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Məhkəmə iddiaçının Rusiya Federasiyasının vətəndaşı olması ilə bağlı qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1 –ci və 37.7-ci maddələrini tətbiq etməklə, iddiaçının əmək pensiyasının 11.10.2016-cı il tarixdən hesablanaraq ödənilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı 11.10.2019-cu il tarixdə cavabdeh inzibati orqana ona əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti olmamışdır. Belə ki, iddiaçıya 20.08.2007-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin edilsə də, onun əmək pensiyası 2012-ci ildən dayandırıldığından, iddiaçı əsassız olaraq dayandırılmış əmək pensiyasının bərpa edilməsi üçün 11.10.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 20.08.2007-ci il tarixdə təyin edilmiş, lakin 01.08.2012-ci il tarixdən dayandırılmış əmək pensiyasına görə müraciət etmiş iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1 –ci və 37.7-ci maddələrini tətbiq etməklə, iddiaçının əmək pensiyasının 11.10.2016-cı il tarixdən hesablanaraq ödənilməsi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə cavabdeh inzibati orqanın istinad etdiyi müddəa (32.1-1-ci maddə) hüququn yarandığı, lakin müraciət edilmədiyi hallara şamil edilir, lakin qeyd edilən haldan fərqli olaraq hazırkı məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının 20.08.2007-ci il tarixdə pensiya hüququ yaranmış, bunun nəticəsi olaraq ona müvafiq pensiya təyin edilmiş (yəni müraciət etmiş), hətta bir müddət pensiya da almışdır. Lakin inzibati orqan tərəfindən heç bir hüquqi əsas olmadan ona təyin edilmiş pensiya ödənişləri dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olması, ona 20.08.2007-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının əsassız olaraq dayandırılması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin İddiaçı 11.10.2019-cu il tarixdə cavabdeh inzibati orqana ona əmək pensiyasının təyin edilməsi ilə bağlı deyil dayandırılmış əmək pensiyasının bərpa edilməsi ilə bağlı olduğundan, ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1 –ci və 37.7-ci maddələrini tətbiq edilməsi əsassız olduğundan, hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş, lakin dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən, yəni 01.08.2012-ci il tarixdən 11.10.2016-cı il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı təyin edilmiş, lakin dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən, yəni 01.08.2012-ci il tarixdən 11.10.2016-cı il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar