Məhkəmə qərarları › İş №2-1(112)-1164/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1164/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1164/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin çıxarışının verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47 nömrəli qərarına və sovxoz həmkarlar ittifaqı komitəsinin qərarına (protokol №7, xx.xx.1991-ci il) uyğun olaraq fərdi ev tikdirmək üçün 0.08 ha torpaq sahəsi ayrılmışdır. O hazırda həmin torpaq sahəsində fərdi ev tikmiş və həmin evə AR ƏMDKY DƏDRX-dən çıxarış almışdır. Lakin torpaq sahəsi qeydə alınmamışdır. Bunu üçün də o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh təşkilat tərəfindən cavab olaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Donuzkökəltmə sovxozunun ərazi hüdudlarından kənarda yerləşir. Həmçinin, idarədə mövcud arxiv sənədlərində torpaq sahəinin ölçüsü 0.07 ha qeyd edilsə də, təqdim edilən arxiv sənədlərində torpaq sahəsinin ölçüsü 0.08 ha qeyd olunmasını bildirmişdirlər. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin ona 05 yanvar 2022-ci il tarixli **********62 saylı məktubuna əsasən torpaq sahəsini qeydə alınmasından imtina etmişdirlər. Torpaq sahəsinin ölçüsünün səhv göstərilməsində onun heç bir günahı yoxdur. Torpaq sahəsinin ölçüsünü o özü müəyyən etmək səlahiyyətində deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Donuzkökəltmə sovxozunun ərazi hüdudlarından kənarda yerləşir. Həmçinin İdarədə mövcud arxiv sənədlərində torpaq sahəsinin ölçüsü 0.07 ha qeyd edilsə də, təqdim edilən arxiv çıxarışında torpaq sahəsinin ölçüsü 0.08 ha qeyd olunmuşdur. Bundan əlavə, torpaq sahəsinin ayrılması barədə sovxoz direktorunun əmri və yerləşmə sxemi təqdim edilməlidir. Bundan başqa müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 627,6 kv.m-dir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********62 saylı xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, B.Bakıxanov küçəsi, 1-ci dalan, 5 nömrəli evin yerləşdiyi 627,6 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastri İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, Abşeron rayon Texniki İnventarlaşdırma, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən Əzizbəyov rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsində 1-ci dalan, ev № 5 yaşayış sahəsi 52,0 kv.m, köməkçi sahəsi 40,7 kv.m, 3 (üç) otaqdan ibarət yaşayış evi X6 adına mülkiyyət hüququ əsasında Abşeron rayonu XDS İcraiyyə Komitəsinin 47 saylı 26 mart 1991-ci il tarixli qərarına əsasən qeydə alınmışdır. 34331 №li reyestr kitabında yazılmışdır. 196 №li inventar işi 27 sentyabr 2004-cü il. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli texniki pasportuna əsasən faktiki torpaq sahəsi 0.06276 ha, tikintialtı sahə 0.015ha, digər sahələr 0.04776 ha olmaqla fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin koordinatları qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan oğlu İddiaçı (AZE********, xx.xx.2015 - Asan4, FİN:xxxxxxx, d/t xx.xx.1990) və o miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci ildə X8 verilmiş **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşənümumi sahəsi 92.7 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********45 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 1-ci dalan, ev 5 ünvanı hüquqmüəyyənedici sənəd üzrə: otaqların sayı – 3, ümumi sahə - 92.7 , yaşayış sahəsi – 52.0, köməkçi sahə 40.7, ərazinin ümumi torpaq sahəsi 800.0 m.kv (torpaq ayırma sənədi üzrə), faktiki: otaqların sayı – 3, ümumi sahə - 92.7 , yaşayış sahəsi – 52.0, köməkçi sahə 40.7, ərazinin ümumi torpaq sahəsi 627.6 m.kv. Texniki pasportdadır. “B” və “İ” literli tikililər sökülüb. Ərazidə əlavə həyət tikilisi inşa edilib. “A” tikilisində açıq eyvan bağlanılıb, əlavə açıq eyvan inşa edilib. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubuna əlavə edilmiş sənədlərin surətindən görünür ki: -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 645985 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi, 1-ci dalan, 92.70 kv.m ölçüdə 5 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə torpaq sahəsi 0.013 ha istifadə hüququ ilə X6 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi, 1-ci dalan, 92.7 kv.m ölçüdə 5 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ, torpaq sahəsi 0.013 ha istifadə hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin X1 Azərbaycan Respublikası Əmİak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı məktubun məzmununda qeyd olunmuşdur ki, X5 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X10m xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2021 -ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsi oğlu İddiaçı olması barədə sizə məlumat verilir. Bakı şəhəri,Xəzər rayonu,Binə qəsəbəsi,A.Bakıxanov küçəsi,dalan l,ev 5 ünvanında yerləşən evə və torpaq sahəsinə dair Çıxarış verəsiniz. Azərbaycan Respublikası Abşeron rayon kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin xx.xx.2004-cü il tarixli, 50 nömrəli Arayışında qeyd olunmuşdur ki, verilir “Binə” kənd təsərrüfatı məhsullsrı istehsalı müəssisəsinin rəhbərliyi tərəfindən X9 ondan ötəri ki, Abşeron RİK-nin 26 mart 1991-ci il tarixli qərarına əsasən Sovxoz ərazisində fərdi yaşayış evi inşa üçün 0,07 ha torpaq sahəsi verilmişdir. X2 ona ayrılmış torpaq sahəsində yaşayış evi inşa etmiş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evin başı bağlı deyil, məhkəmə mübahisəsi və heç bir inzibati tədbiri yoxdur. Arayış Abşeron RDTİ və MHQİ-nə göstərilən evin X6 adına rəsmiləşdirilib. Texniki pasport və Qeydiyyat vəsiqəsi verilməsi üçün təqdim edilir. -Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 47 saylı qərarından çıxarışa əsasən Abşeron Donuzkökəltmə sovxozunda çalışan və ehtiyacı olduğu üçün X11 fərdi yaşayış tikmək üçün 0.08 ha torpaq sahəsi ayrılması, Abşeron Donuzkökəltmə sovxozunun rəhbərliyi Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1991-ci il tarixli 09№-li qərarına uyğun sənədləşməni təmin etməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 1511 nömrəli məktubundan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmrindən Çıxarışa əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 47 N-li qərarına və sovxoz həmkarlar ittifaqı komitəsinin qərarına (protokol № 7, 16.Vİİ.1991-ci il) uyğun olaraq fərdi ev tikdirmək üçün aşağıdakıların hər birinə 0,08 ha torpaq sahəsi ayrılsın: ..676.. X12. Əmrə ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********62 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Donuzkökəltmə sovxozunun ərazi hüdudlarından kənarda yerləşir. Həmçinin, İdarədə mövcud arxiv sənədlərində torpaq sahəsinin ölçüsü 0.07 ha qeyd edilsə də, təqdim edilən arxiv çıxarışında torpaq sahəsinin ölçüsü 0.08 ha qeyd olunmuşdur. Torpaq sahəsinin ayrılmasına dair sovxozun direktorunun əmri və yerləşmə sxemi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi, 1-ci dalan, 92.7 kv.m ölçüdə 5 nömrəli fərdi yaşayış evinin xüsusi mülkiyyətçisidir. İddiaçı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin imtina, eləcə də etirazın əsasları aşağıdakılardan ibarətdir: -Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Donuzkökəltmə sovxozunun ərazi hüdudlarından kənarda yerləşir. -Arxiv sənədlərində torpaq sahəsinin ölçüsü 0.07 ha qeyd edilsə də, təqdim edilən arxiv çıxarışında torpaq sahəsinin ölçüsü 0.08 ha qeyd olunmuşdur. -Torpaq sahəsinin ayrılması barədə sovxoz direktorunun əmri və yerləşmə sxemi təqdim edilməlidir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. İşin hallarından müəyyən olunur ki, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 47 saylı qərarı və Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmri ilə X8 fərdi ev tikdirmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. X13 inşa etdiyi Əzizbəyov rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsində 1-ci dalan, ev № 5 yaşayış sahəsi 52,0 kv.m, köməkçi sahəsi 40,7 kv.m, 3 (üç) otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında 27 sentyabr 2004-cü il tarixdə qeydiyyata alınmış, bu barədə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastri İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakıxanov küçəsi, 1-ci dalan, 92.7 kv.m ölçüdə 5 nömrəli fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ X6 adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, sonuncunun vəfatından sonra həmin fərdi yaşayış evinə mülkiyyət hüququ qanun üzrə vərəsəlik qaydasında İddiaçı keçmiş və xx.xx.2021-ci il tarixdə hüququ qeydiyyata alınmışdır. Göründüyü kimi iddia edilən torpaq sahəsi ilkin olaraq fərdi yaşayış evinin tikintisi üçün sovxoz əmri ilə mərhum Z.Haşumova ayrılmış, sonuncunun tikdiyi fərdi yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququnu qeydiyyata alarkən torpaq sahəsinə dair hüququmüəyyənedici sənəd qismində Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 47 saylı qərarı və Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmrini əsas götürmüş, məhz həmin torpaqayırma sənədləri əsasında torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlaka mülkiyyət hüquqlarını qeydiyyata almışdır. Başqa sözlə, cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüuqununun qeydiyyatı zamanı tikilinin altında yerləşən, eləcə də həyətyanı torpaq sahəsinin Donuzkökəltmə sovxozuna aid ayrıc aktından kənarda yerləşməsinə istinad etməmiş, iddia etdiyi kimi sovxoz ərazisinə aid olmadığını bildiyi və ya bilməli olduğu halda torpaq sahəsi üzərində əmlaka hüququnun qeydiyyatından imtina etməmişdir. Belə olan halda cavabdehin eyni hüquqmüəyyənedici sənədlərlə qeydiyyata aldığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə eyni hüquqmüəyyənedici sənədləri nəzərə almadan imtinası qanuni hesab edilə bilməz. Cavabdeh torpaq sahəsinin ayrılması barədə sovxoz direktorunun əmri və yerləşmə sxeminin təqdim edilməli olduğunu bildirsə də cavabdehin arxivində Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmri mövcuddur. Arxiv sənədlərində sovxoz əmri ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi aşkar olunmasa da bu hal iddia olunan torpaq sahəsinə hüququn qeydiyyatına mane olmur. Belə ki, yuxarıda adıçəkilən 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sovxoz əmri ilə ayrılmış torpaq sahəsinin naturada yerləşdiyi yeri müəyyən etməyə imkan verən sənədlər sırasında yerləşmə sxemi, plan, təhkim aktı ilə yanaşı həm də həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər də nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi sovxoz əmri ilə ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair texniki pasportu tərtib edilmiş, həmin texniki pasportda evin yerləşmə cizgisi, torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar göstərilmişdir. Beləliklə, iddia olunan torpaq sahəsinin naturada yerləşdiyi yer və koordinatları cavabdehə ən azından özünün qeydiyyata aldığı fərdi yaşayış evinə dair ilkin sənədlər, həmin evə dair arxiv, baza və texniki pasport məlumatları əsasında məlumdur və bu halda sovxoz əmri ilə ayrılmış torpaq sahəsinə dair əlavə olaraq yerləşmə sxeminin təqdim edilməsinə zərurət yoxdur. Torpaq sahəsinin ölçüsünə gəlincə qeyd edilməlidir ki, ilkin torpaqayrıma sənədi olan Abşeron rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmri ilə 0.08 ha torpaq sahəsinin ayrılmasının göstərilməsi, hazırkı halda həmin ölçüdən az (ilkin torpaqayırma sənədindəki ölçüdən çox olmayaraq) faktiki istifadədə olan, eləcə də evin texniki pasportunda da qeyd edilmiş ölçüdə-627,6 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatına mane olmur. Beləliklə, cavabdeh inzibati orqan naturada göstərilən torpaq sahəsinin əmrlə ayrılmış torpaq sahəsi olmadığı və ya ümumən iddianın təmin edilməsini istisna edəcək torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, B.Bakıxanov küçəsi, 1-ci dalan, 5 nömrəli evin yerləşdiyi 627,6 kv.m ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, B.Bakıxanov küçəsi, 1-ci dalan, 5 nömrəli evin yerləşdiyi 627,6 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar