Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11648/2022 16.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 06 iyul 2022-ci il tarixli, 091 gm saylı əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək cavabdehdən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı onun barəsində qəbul edilmiş əmri əsassız hesab edir və qanunvericiliyin tələblərinə zidd olaraq qəbul etdiyini bildirir. İddiaçı qeyd edir ki, onun əməllərində cinayət əlamətləri olmadığından cinayət işinin başlanılmasından rədd olunmuşdur ki, bu da öz növbəsində onun həmin əsas ilə ehtiyata buraxılması faktının aradan qaldırır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 091 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmr təqdimat əsasında verilmiş, “Şərəf məhkəməsi” keçirilmişdir. Gizir İddiaçı, xx.xx.2022-ci il tarixdə keçirilən gizir hərbi qulluqçuların şərəf məhkəməsinin 2 nömrəli qərarına əsasən Azərbaycan Ordusunun hərbi qulluqçusuna yaraşmayan hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunub. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Lakin, məhkəmə icraatı zamanı iddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə ötürülmüş prosessual müddəti üzürlü hesab edərək, bərpa etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olduğundan, həmçinin barəsində qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair prosessual müddət bərpa olunduğundan, hazırki iddia tələbi ilə mümkünlük şərtlərini ödəyir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”: Maddə 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə-həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə-hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə-ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Müsbət attestasiya olunub ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular üçün işlərini və vəzifəsini təhvil verdikdən sonra aşağıdakı şəkildə təntənəli yola salma mərasimi keçirilir: həqiqi hərbi xidmətdən buraxılan bölmə, hərbi hissə və birləşmə komandirlərini, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını — hərbi bölmə komandirlərinin təntənəli yola salınması qaydası barədə göstərişə uyğun olaraq şəxsi heyətin düzülməsi ilə (16 saylı əlavə); həqiqi hərbi xidmətdən buraxılan digər hərbi qulluqçulara — hərbi hissənin şəxsi heyətinin iclasında. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Bu isə ona deməyə əsas verir ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda nümayiş etdirdiyi hərəkətlər qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini özündə ehtiva etməlidir. Nəzərə alınmalıdır ki, xidməti uyğunsuzluğa görə hərbi qulluqçunun ehtiyata buraxılması anlayışı qanunvericilikdə ətraflı olaraq təsvir olunmasa da, bu anlayış özündə hərbi qulluqçunun nümayiş etdirdiyi hərəkətlərdən asılıdır. Qeyd olunmalıdır ki, hərbi intizamı və ictimai asayişi pozanların ictimai məzəmmət edilməsi məqsədilə zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçuların nalayiq hərəkətlərinə şərəf məhkəməsində baxılır ki, şərəf məhkəməsinin vəsatəti əsasında hərbi qulluqçunun ehtiyata buraxılması mümkündür. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı barəsində hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı qəbul edilmiş əmrin əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndində nəzərdə tuttutulmuş əsas dayanır. Belə ki, Maddi-texniki təminat taborunun avtomobil bölüyünün təlim maşınları taqımının baş təlimatçısı gizir İddiaçı barəsində toplanmış materiallarda, ən əsası isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin gizir hərbi qulluqçularının şərəf məhkəməsinin qərarında göstərilmişdir ki, İddiaçı xidməti vəzifələrinin icrasına laqeyd yanaşmış, ərzaqların ilkin emalına zəif nəzərat etmiş, ilkin emal olunmuş ərzaqların saxlanılmasına və yeməkxanada sanitar-gigiyenik qaydalara zəif nəzərat etmiş, həmçinin ərzaq məmulatları oğurlayaraq hərbi qulluqçusunun şərəf və ləyaqətinə ləkə və xələl gətirəcək Azərbaycan Ordusunun hərbi qulluqçusuna yaraşmayan bir hərəkətlərə yol verildiyi də qeyd olunmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının xidmətində nöqsanlara yol verdiyini bilavasitə onun xidməti vəzifələrinin icrasına laqeyd yanaşması və ərzaq məmulatlarının oğurlanması ilə əsaslandırmışdır. Doğrudur ki, iddiaçı tərəfindən ərzaq məmulatlarının oğurlanması faktı üzrə araşdırma başlanılmış, lakin cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi qullqçusu, gizir İddiaçı məktəbin kursant yeməkxanasından 26,5 kq ət oğurlanması faktı təsdiqini tapmamış, həmin yeməkxanadan “Pal süd” markalı 2 qutu bir litrlik süd məhsulunu oğurlanması faktı müəyyən olunsa da, həmin əməlində cinayət tərkibi olmamışdır. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, ət oğurlanması faktı öz təsdiqini tapmasa da, iddiaçının digər ərzaq məhsulunun götürülməsi öz təsdiqini tapdığından, onun həmin əsas ilə ehtiyata buraxılması əsaslı olmuşdur. Nəzərə alınmalıdır ki, burada söhbət ərzaq məhsulunun kəmiyyətindən, qiymətindən asılı deyil. Söhbət iddiaçının hərbi qulluqçuya yaraşmayan, hərbi qulluqçu adına xələl gətirən hərəkətin etməsidir. Çünki, bir daha da qeyd olunur ki, hərbi qulluqçunun xidmətdə və gündəlik həyatda nümayiş etdirdiyi hərəkətlər qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini özündə ehtiva etməlidir. Buna baxmayaraq, iddiaçı bu prinsiplərə riayət etməmiş, hərbi qulluqçu kimi öz səlahiyyətlərindən sui-istifadə edərək, daha dəqiq isə özünə məxsus olmayan xidməti yerinə aid olan ərzaq məhsulunu şəxsi məqsədlərdə istifadə etmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, onun süd məhsulunu oğurlanması faktı üzrə əməlində cinayət tərkibinin olmaması, onu haqlı etmir. Çünki, bir daha da qeyd olunur ki, söhbət ərzaq məhsulunun kəmiyyətindən, qiymətindən asılı deyil, onun bu hərəkəti etməsindən gedir ki, həmin hərəkət özü-özlüyündə hərbi qulluqçunun adına xələl gətirən hərəkətdir. Eyni zamanda Məhkəmə onu da diqqətə çatdırmaq istəyir ki, iddiaçının xidmətində digər nöqsanlarının yol verilməsi də, yəni, ərzaqların ilkin emalına zəif nəzərat etməsi, ilkin emal olunmuş ərzaqların saxlanılmasına və yeməkxanada sanitar-gigiyenik qaydalara zəif nəzərat etməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olan məsələdir. Belə ki, İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması əsaslardan biri olan əsas məhz onun xidmətindən irəli gələn nəzarət funksiyasının zəif icra etməsidir ki, bu zaman onun ərzaq məhsulunun emalı və digər səlahiyyətlərinə aid olan sferalar üzrə icra etdiyi nəzarət funksiyası da məhz xüsusi bilik tələb edən sahədir. Məhkəmə hesab edir ki, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıdığından və onun bu səlahiyyətlərinin düzgün icra etməməsi sübuta yetirilmədiyindən, mübahisələndirilən inzibati aktın əsasında duran həmin hal əsaslı hesab olunur. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati akt, hazırkı halda cavabdehin əmrinin qəbul edilməsinin zəruri edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir ki, faktiki şərtin sübut edilməsi həmin inzibati aktın məhkəmə qaydasında ləğvini istisna edən hal kimi qiymətləndirilir. Adıçəkilən maddənin tələbindən görünür ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov