Məhkəmə qərarları › İş №2-1(112)-1165/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1165/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1165/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin məxsusluğuna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın (çıxarış) verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “21516” saylı, 0,12 ha bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci Qarabağ müharibəsi zamanı 1992-ci ilin iyun ayının 3 də başından və üzündən aldığı güllə yarasından şəhid olmuşdur. Bundan sonra onun ailəsinə Şəhid ailəsi stasu verilmişdir. 2000-ci ilin əvvəllərində ümummilli lider cənab Heydər Əliyev onun ailəsindən başqa daha 2 şəhid ailəsi ilə görüşdə hər 3 (üç) Şəhid ailəsinə Bağ sahəsinin ayrılmasına göstəriş verdi. Bundan sonra iddiaçı X7 və istismarı birliyinə dəvət edildi və orada ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,12 ha torpaq sahəsi olan 6031 saylı bağ sahəsi verildi və bununla bağlı anası X12 ilə X7 və İstismarı birliyi ilə 11 aprel 2000-ci il tarixdə 21516 nömrəli müqavilə bağlandı, cizgi verildi. Həmin vaxt digər 2 Şəhid ailəsinədə həmin ərazidən bağ sahələri verildi. Bundan sonra o, qonşularla birləşib həmin torpaq sahəsinin hasara aldı və artıq 21 ildirki həmin bağ sahəsi iddiaçının istifadəsindədir. 2017-ci ildə anası X12 vəfat etdi, bundan sonra təxminən 2019-cu ildə vərəsəlik işi ilə bağlı biz 3 saylı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna müraciət etdi və müvafiq sənədləri təqdim etdi, notarius bizə həmin bağ sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün çıxarışın verilməsi üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilməsi üçün müvafiq məktubu verdi. Lakin həmin dövrlər başı qarışıq olduğundan və respublikada olmadığından həmin məktubu ünvanına çatdıra bilmədi. Bu ilin may ayının 3-də həmin bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi, həmin idarənin ona ünvanladığı xx.xx.2021-ci il tarixli ********** saylı məktubunda sözü gedən bağ sahəsinin iddiaçının adına çıxarış verilməsindən imtina və həmin bağ sahəsinin başqa fiziki şəxsin adına qeydiyyatdan keçməsini bildirdi. Yuxarıda qeyd etdiyi bağ sahəsi Ümumilli lider cənab Heydər Əliyevin xüsusi tapşırığı ilə Şəhid ailəsi kimi ona verilmiş və 2000-ci ildən hazıradək onun istifadəsindədir buna dair o vaxtkı X7 və istismarı idarəsi ilə bağlanmış müqavilədə vardır. Lakin bütün bunlara baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi həmin torpaq sahəsinə onun adına çıxarış verməsindən əsassız olaraq imtina etmişdir, guyaki həmin sahə başqa şəxsin adına qeydiyyatdan keçmişdir.

3. Məhkəmənin 16 iyul 2021-ci il tarixli qərardadına əsasən X8 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

4. Daha sonra məhkəmənin 24 may 2022-ci il tarixli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi nəzərə alınmışdır.

5. İddiaçının müraciətindən imtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.12 hektar 6031 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə X12 arasında bağlanılmış xx.xx.2000-ci il tarixli, 21516 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6031 nömrəli bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, vətəndaş tərəfindən göstərilən sahə **********96 reyestr nömrə ilə 6046 nömrəli bağ sahəsi kimi qeydiyyata alınmışdır. Belə ki, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar 6046 nömrəli bağ sahəsi keçmiş X7 və istismarı Birliyi ilə bağlanılmış xx.xx.2005-ci il tarixli 36081 nömrəli müqavilə əsasında X5 adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 52 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-806 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Ləhiş bağ sahəsi, 6046 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi xx.xx.2018-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, elekton kadastr baza məlumatlarına əsasən qeyd edilən bağ sahəsi digər fiziki şəxsin (X8) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu barədə vətəndaşa 21********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı iiə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir.

8. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

9. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

10. Təqdim edilən sənədlərə əsasən müəyyən edilmişdir: - “Birlik” X14 icarəyə verilməsi haqqında 21516 nömrəli 11 aprel 2000-ci tarixli müqaviləsinə əsasən 6031 saylı bağ sahəsi X6 icarəsinə verilmişdir. - Ölüm haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.2017-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisinin 28 oktyabr 2019-cu il tarixli 2037 saylı məktubunda göstərilmişdir ki, X6 xx.xx.2017-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. - X13 və X8 arasında bağlanmış Daşınmaz Əmlakın xx.xx.2018-ci il tarixli AN- İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 6046 saylı bağ sahəsi X1. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X3 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 6046 saylı bağ sahəsinə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. - Məhkəmənin 16 iyul 2021-ci il tarixli qərardadına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 6031 saylı bağ sahəsinin həqiqi ərazisinin koordinatlar üzrə yerləşmə sxeminin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyi alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 may 2022-ci il tarixli **********62 nömrəli mütəxəssis rəyində bildirilmişdir ki, naturada iddiaçının göstərdiyi mübahisəli ərazinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrlərini əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilir) və 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xidməti məlumatına əsasən mütəxəssis qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Keçmiş X7 və İstismarı Birliyi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən 6031 saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün deyil. İddiaçı tərəfindən “6031” saylı bağ sahəsi kimi iddia olunaraq naturada göstərilən sahə kadastr planı əsasında digər şəxsin adına 6046 saylı bağ sahəsi kimi **********96 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “6031” saylı 0,12 ha bağ sahəsinin İddiaçı mərhum anası X9 məxsusluğu barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

12. Məhkəmə tərəfindən göstərilən hüquqi yardım əsasında iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “6031” saylı 0,12 ha bağ sahəsinin koordinatlarının müəyyən edilərək sxematik xəritədə uyğunsuzluq aradan qaldırılmaqla İddiaçı mərhum anası X9 məxsusluğu barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

II. İddianın növü və mümkünlüyü

13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

18. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

19. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

20. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

21. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

29. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

30. X19 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

31. X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mərhum anasının adına torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.

33. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

34. Daşınmaz Əmlakın xx.xx.2018-ci il tarixli AN- İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 6046 saylı bağ sahəsi X4 məxsusdur. Belə ki, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar 6046 nömrəli bağ sahəsi keçmiş X7 və istismarı Birliyi ilə bağlanılmış xx.xx.2005-ci il tarixli 36081 nömrəli müqavilə əsasında X5 adına xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 52 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 4Ə-806 reyestr nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Ləhiş bağ sahəsi, 6046 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi xx.xx.2018-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bununla əlaqədar iddia tələbi müvafiq qaydada sxematik xəritədə uyğunsuzluğu aradan qaldırmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “6031” saylı 0,12 ha bağ sahəsinin koordinatlarını müəyyən edilərək mərhuma mülkiyyət hüququ ilə məxsusluğu haqqında arayışın (çıxarışın) verilməsi kimi dəyişdirilmiş və cəlbetmə üçün əvvəllər mövcud olmuş əsas aradan qalxdığından məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edilmişdir.

35. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamədən: 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; 2.0.3. daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir;

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.

38. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəlaiyyət göstərən X11 Bağın icarəyə verilməsi haqqında 21516 nömrəli 11 aprel 2000-ci tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində 0,12 ha torpaq sahəsi olan 6031 saylı bağ sahəsi X6 icarəsinə verilmişdir. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında sxematik xəritədə uyğunsuzluğu aradan qaldırılmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “6031” saylı 0,12 ha bağ sahəsinin koordinatlarını müəyyən edərək İddiaçı mərhum anası X9 məxsusluğu barədə arayışın (çıxarışın) verilməsini təmin etməlidir. Əks yanaşma iddiaçının üzərinə həddən artıq yük qoymaqla X19 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. Sxematik xəritədə uyğunsuzluğu aradan qaldırmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “6031” saylı 0,12 ha bağ sahəsinin koordinatlarını müəyyən edərək İddiaçı mərhum anası X9 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar