Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11651/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına müraciət etmişdir. Lakin kifayət qədər əmək stajı olsa da, cavabdeh orqan tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi təmin edilməmiş və hüquqları pozulmuşdur. Cavabdehin 8 iyun 2020-ci il tarixli bildirişi ilə iddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı, yalnız yaşa görə sosial müavinət almaq hüququnun olduğu qeyd edilmişdir. Bildirişdə həmdə qeyd olunmuşdur ki, o, tələb olunan 25 il siğorta stajına malik deyil. Lakin iddiaçı 27 yanvar 1972-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. 1972 – 1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 2011-ci ilədək müxtəlif müəssisələrdə işləmişdir, onun ümumilikdə 25 ildən çox əmək stajı var. Hazırda onun əmək pensiyası ilə bağlı hüquqları pozulur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə, “«Əmək pensiyaları haqqında» Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə əsaslanaraq, İddiaçı 64 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filailının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 8 sentyabr 2023-cü il tarixli məktubunda – iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 23 iyun 2023-cü il tarixdə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçının həmin ərizəsinə aidiyyəti üzrə baxılaraq, məktubla bildirilmişdir ki, onun təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı hərbi xidmət dövrü nəzərə alınmaqla (15 noyabr 1974-cü il tarixdən 17 noyabr 1977-ci il tarixədək) 22 il 4 ay 26 gün təşkil edir. Qeyd olunanlara əsasən «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin məktubda iddiaçının 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı bildirilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019 – 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı 24 avqust 1991-ci il tarixdən 10 aprel 1995-ci il tarixədək “Samirə” firmasında, 12 aprel 1995-ci il tarixdən 4 may 1997-ci il tarixədək “İstedad” İstehsalat Kommersiya firmasında və 15 may 1997-ci il tarixdən 13 oktyabr 2002-ci il tarixədək “Nur” kiçik müəssisəsində (ümumillikdə 10 il 4 ay) işlədiyini iddia edir. İddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədiylə Milli Arxiv İdarəsinə və Dövlət Vergi Xidmətinə 28 iyul 2023-cü il tarixdə sorğular ünvanlanmışdır. Milli Arxiv İdarəsindən sorğuya gələn 4 avqust 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Samirə” firmasının, “İstedad” İstehsalat Kommersiya firmasının və “Nur” kiçik müəssisəsinin arxiv sənədlərinin Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Dövlət Vergi Xidmətindən sorğuya gələn 4 avqust 2023-cü il tarixli cavab məktubunda “İstedad” İstehsalat Kommersiya firmasının 27 iyul 1994-cü il tarixdə KOL-1841 nömrə ilə dövlət qeydiyyatından keçməsi haqqında məlumat olduğu bildirilmişdir. 2004-cü il tarixdən halhazıradək həmin hüququ şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət edilmədiyi və “Samirə” firması, “Nur” kiçik müəssisəsi haqqında reyestrdə məlumat olmadığı qeyd edilmişdir. İddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» ilə tənzimlənən işçinin sosial sığorta stajını təsdiq edən sənəd olan əmək kitabçasının tərtibi qaydaları pozulmuşdur. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış məktuba əsasən onun təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş 24 avqust 1991-ci il tarixdən 31 may 1993-cü il tarixədək (işə daxil olma və işdən azad olma əmrləri yoxdur), 15 aprel 1993-cü il tarixdən 10 aprel 1995-ci il tarixədək (möhürdə SSR sözü yazılıb), 12 aprel 1995-ci il tarixdən 4 may 1997-ci il tarixədək (möhür kirilcə yazılıb), 15 may 1997-ci il tarixdən 13 oktyabr 2002-ci il tarixədək (işdən çıxma əmri kirilcə yazılıb) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Həmçinin iddiaçı iddia ərizəsində 10 yanvar 2006-cı il tarixdən 30 dekabr 2011-ci il tarixədək “Entel Təmir-Tikinti” firmasında işlədiyini və əməkhaqqı aldığını iddia etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədilə 28 iyul 2023-cü il tarixdə DSMF X5 və Sosial Sığorta Departamentinə sorğu ünvanlanmışdır. Sorğuya gələn cavab məktubunda Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya Sisteminin “Sığorta (Monitorinq)” altsisteminin “Sığortaolunanların reyestri” bölməsindən əldə edilən məlumatlara əsasən iddiaçı hər hansı bir sığortaedən tərəfindən sığortaolunan kimi uçota alınmamış, həmçinin xeyrinə 10 yanvar 2006-cı il tarixdən 30 dekabr 2011-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinin qeydə alınmadığı bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (20 aprel 2020ci il tarixdə) çatmışdır. Lakin yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İddiaçıya 20 aprel 2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, 1 yanvar 2023-cü il tarixdən 220 manata çatdırılmış və hazırda ödənişdədir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının 24 avqust 1991-ci il tarixdən 10 aprel 1995-ci il tarixədək “Samirə” firmasında, 12 aprel 1995ci il tarixdən 4 may 1997-ci il tarixədək “İstedad” İstehsalat Kommersiya firmasında və 15 may 1997-ci il tarixdən 13 oktyabr 2002-ci il tarixədək “Nur” kiçik müəssisəsində işlədiyini iddia etdiyi dövrün əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 64 yaş 06 aydan yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənşlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Yasamal rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 27.1-ci maddəsinə görə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin 29.1-1-ci maddəsinə görə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ümumi iş stajına daxil edilir. Həmin maddənin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı İddiaçı 64 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin olunmasından iddiaçının 24 avqust 1991-ci il tarixdən 10 aprel 1995-ci il tarixədək “Samirə” firmasında, 12 aprel 1995-ci il tarixdən 4 may 1997-ci il tarixədək “İstedad” İstehsalat Kommersiya firmasında və 15 may 1997-ci il tarixdən 13 oktyabr 2002-ci il tarixədək “Nur” kiçik müəssisəsində işləməsini təsdiqləyən arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi, əmək kitabçasının tərtibi qaydalarının pozulması, hərbi xidmət dövrü də nəzərə alınmaqla onun sığorta stajının 22 il 04 ay 26 gün, yəni 25 ildən az müddət təşkil etməsi ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 64 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bundan başqa, İddiaçı “Samirə” firmasında, “İstedad İstehsalat” Kommersiya firmasında və Nur” kiçik müəssisəsində işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. İş fəaliyyətinin 1 yanvar 2002-ci il tarixdən 13 oktyabr 2022-cı il tarixədək olan hissəsinə gəldikdə, nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Qeyd olunanlara, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş 24 avqust 1991-ci il tarixdən 10 aprel 1995-ci il tarixədək, 12 aprel 1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və 15 may 1997-ci il tarixdən 13 oktyabr 2002-ci il tarixədək olan əmək stajının 1 yanvar 2006-cı il tarixədək olan hissəsinin onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Cavabdehin istinad etdiyi digər dəlil (əmək kitabçasının düzgün doldurulmaması) ilə bağlı isə məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları»na istinad edir. Belə ki, Qaydaların: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən aparılır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Göründüyü kimi, qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək, işdən çıxma barəsində səhv və qeyridəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək kitabçasında olan məlumatlara görə isə məhz işəgötürənin özü cavabdehlik daşıyır. Başqa sözlə desək iddiaçının əmək kitabçasında işdən çıxma barədə əmrin nömrəsinin olmaması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Qaldırılan məsələnin həllindən bu xüsusata istinadən imtina edilməsi formal mülahizələrə söykənən haldır. Odur ki, həmin müddət də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalı hesablanmaqla və indeksləşdirilmə aparılmaqla iddiaçıya 64 yaş 06 aydan yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 24 avqust 1991-ci il tarixdən 10 aprel 1995-ci il tarixədək, 12 aprel 1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və 15 may 1997-ci il tarixdən 13 oktyabr 2002-ci il tarixədək işlədiyi dövr onun sığorta stajına daxil edilməklə 64 yaş 6 aydan yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 13, 16, 24, 58-ci maddələrinin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdlr. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Məhkəmə qeyd edir ki, keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsinə gəldikdə isə, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 19 aprel 2021-ci il tarixdə müraciət etdiyindən, ona ödənilməmiş pensiya məbləğinin üç il əvvəl üçün ödənilməsi mümkün deyil. Belə ki, iddiaçının müraciət etdiyi tarixdən geriyə üç il tarixinə yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Odur ki, iddiaçıya pensiya hüququnun yarandığı vaxtdan, yəni 20 aprel 2020-ci il tarixdən ödənilməmiş pensiya məbləği “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 68-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı 64 yaş 6 aydan (20 aprel 2020-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 64 yaş 06 aydan (20 aprel 2020-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-11651/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11651/2023
18.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver