Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11652/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra - iddiaçı) X1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 746,20 manat dövlət vəsaitinin iddiaçının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan cavabdeh xx.xx.2023-cü il tarixində ərizə ilə iddiaçıya müraciət edərək mərhum həyat yoldaşı X4 xx.xx.2023-cü il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Spahi İlyasov 01 avqust 2023-cü il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2023-cü ilin sentyabr ayı üzrə əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Nəticədə mərhuma məxsus kart hesabına köçürülmüş artıq pul vəsaiti 1586,20 manat təşkil etmişdir. Bundan sonra, mərhum Spahi İlyasovun vəfat etməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ölkə üzrə minimum əmək pensiyasının (280,00 manat) üç misli məbləğində 840 manat dəfn müavinəti hesablanmışdır. Spahi İlyasovun müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1586,20 manat vəsaitdən 840 manat məbləğində dəfn müavinəti çıxılmış, qalan 746,20 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi “X9”ndən çıxarışa əsasən iddiaçı tərəfindən X3 xx.xx.2023-cü il tarixdə 1586,2 manat, xx.xx.2023-cü il tarixdə 1586,2 manat, xx.xx.2023-cü il tarixdə 1586,2 manat məbləğində birdəfəlik ödəniş edilmişdir. AZ-İİ seriyalı, 373638 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2023-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı 373638 saylı ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə Nizami rayonu, C.ünvan 2 ünvanda qeydiyyatda olan həyat yoldaşı X7 vəfat etmişdir. Həqiqətən dəfn mərasim xərci həyat yoldaşı Cavabdeh tərəfindən çəkilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya müraciət edərək həyat yoldaşının vəfatı ilə əlaqədar dəfn xərcinin ödənilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehə artıq ödənilmiş pensiya məbləğinin qaytarılmasını xahiş edir. Tərəflər arasında publik hüquqi münasibətlər olduğundan hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, artıq ödənilmiş pensiya məbləğinin təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulması pensiya qanunvericiliyində birbaşa göstərilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdiyi aydan sonrakı ayın 1-dən dayandırılır (37.8.1). Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur (38.1). Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur (39.1). Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır (39.4). Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir (42.2). İş materialları ilə müəyyən olunur ki, cavabdehin həyat yoldaşı X6 əmək pensiyaçısı olmuş və xx.xx.2023-cü ildə vəfat etmişdir. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya müraciət edərək həyat yoldaşının vəfatı ilə əlaqədar dəfn xərcinin ödənilməsini xahiş etmişdir. Nəticədə, iddiaçı tərəfindən mərhuma sentyabr ayı üzrə 1586,2 manat müvafiq artıq ödəniş aparılmışdır. Cavabdeh iddiaçıya müraciət edərək həyat yoldaşının vəfatı ilə əlaqədar dəfn müavinətinin ödənilməsini xahiş etmişdir. Həmin müavinətin məbləği 840 manat təşkil etdiyindən iddiaçı tərəfindən artıq ödənilmiş 1586,2 manatdan çıxılmış, hazırda həmin artıq ödənilmiş məbləğ 746,20 manat təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz (67.6.3). Göründüyü kimi, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona 2023-cü ilin sentyabr ayı üzrə artıq dövlət vəsaiti ödənilmiş, iddiaçı həmin vəsaitin geri qaytarılması üçün məhkəməyə müraciət müddətini ötürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 746 (yeddi yüz qırx altı) manat 20 (iyirmi) qəpik artıq ödənilmiş dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının hesabına ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11652/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11652/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver