Məhkəmə qərarları › İş №2-1(112)-11653/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11653/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11653/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” haqqında iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra mətndə Bakı şəhər MKTD) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı evin 4 saylı mənzilinə dair mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ünvan 1 saylı evin 4 saylı mənzilinə dair kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin Bakı şəhər MKTD-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı evin 4 saylı mənzili 07 oktyabr 1959-cu ildə verilmiş 01869 saylı order əsasında X2 istifadəsinə verilmişdir. Həmin orderin əsli onda mövcuddur. Həmin mənzilə dair X3 ilə onun aasında alqı-satqı həyata keçirilmiş və mənzilin dəyərini tam olaraq ödəmişdir. Mənzil "Suraxanı Neft və Qazçıxarma” İdarəsinin balansında olduğundan, 23 aprel 2002-ci il tarixdə verilmiş 100 saylı rəy əsasında mənzilin alqı-satqısı həyata keçirilmiş və ona 2 nəfər ailə tərkibi ilə qeyd olunan mənzildə qeydiyyata alınmaqla, həmin mənzilin şəxsi hesab vərəqəsinin onun adına açılması müəyyən edilmişdir. 2002-ci ildən hal-hazırkı vaxtadək mənzilin dəyərini tam olaraq ödədiyindən, bununla bağlı aralarında hər hansı mübahisə olmamışdır. Lakin həmin vaxtlar orderin onun adına dəyişdirilməsi, hər hansı formada onunla müqavilə bağlanması mümkün olmamışdır. Orderdə adı qeyd olunan şəxslər heç biri həmin ünvanda qeydiyyatda deyildir və 30 ildən artıq müddətdir ki, həmin ünvanda yaşamırlar. Qeyd olunan mənzildə yalnız o, qeydiyyatdadır. O, daimi olaraq ünvan 1 saylı evin 4 saylı mənzildə yaşayır və mənzilə dair kommunal xidmətləri o təkbaşına ödəyir. Həmin mənzilə dair istifadə və sahiblik hüququ vardır. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti xx.xx.2023-cü il tarixli -21-3- 30/2-M-l 748-8/2022, **********25 saylı imtina məktubu ilə təmin edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhər MKTD-nin iddia tələbinə dair yazılı münasibətində (etirazı) göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən sorğuda qeyd edilən ünvan 1 ünvanında yerləşən yaşayış binası dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 139 saylı MKİS-nin xidmət dairəsindədir. İddiaçı tərəfindən dövlət mənzil fonduna aid Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, 9 saylı binanın 4 saylı mənzilinə köçməsinə əsas verən hüquqmüəyyənedici sənədi (order, sərəncam, qərar və s.) təqdim edilməmişdir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 50-ci maddəsinə görə, Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu və yaşayış sahələrinin bölüşdürülməsinin nümunəvi qaydalarını Azərbaycan SSR Nazirlər Soveti təsdiq edir. Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli (hazırda qüvvədə olan) qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarının 14-cü bəndinə görə, iş yerində uçota götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən gec olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti icraiyyə komitəsinin təsdiqinə verilir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə, kirayə müqaviləsinin bağlanması mənzil hüquq münasibətlərində orderdən sonrakı mərhələdir. Həmin normaya əsasən “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanılır.” İddiadan və əlavə edilən sənədlərdən görünür ki, "xxxx" NQÇİ-nin 100 saylı xx.xx.2002-ci il tarixli rəyi ilə ünvan 1 saylı evin, yaşayış sahəsi 35,9 kv. metr olan 2 otaqlı 4 saylı mənzilinə kommunal xidmət haqlarının ödənilməsi üçün açılmış maliyyə hesab vərəqəsi də, heç bir rəsmi hüquqmüəyyənedici sənəd olmadan, iddiaçya qanunla müəyyən edilmiş qaydada ayrılmayan mənzilə dair açılmışdır. İddiaçı əvvəlcə qeyd edilən ünvanda yerləşən evin 4 saylı mənzilində heç bir hüququ əsas olmadan məskunlaşmış, qeydiyyata alınmışdır. Hazırki iddia ilə isə heç bir hüququ əsas olmadan məskunlaşdığı mənzilə dair kirayə müqaviləsinin adına bağlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. "xxxx" NQÇİ-nin xx.xx.2002-ci il tarixli 100 saylı rəyi ilə bağlı arxiv sənədi təqdim edilmədiyindən, həmin sənədin verilməsi və həqiqiliyi şübhə doğurur. İddiaçının sözügedən mənzildə qeydiyyatda olması da mənzil üzərində hüquqlarının yaranmasına, onun hüquqi statusuna təsir göstərmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. xx.xx.2023-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. "xxxx" NQÇİ-nin 100 saylı xx.xx.2002-ci il tarixli rəyi ilə mübahisəli mənzilə kommunal xidmət haqlarının ödənilməsi üçün iddiaçının adına maliyyə hesab vərəqəsinin açıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddianın növü məcburetmə haqqında iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: İddiaçıya məxsus AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. “Asan 5” tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyata haqqında” ******* №-li, xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. ünvan 3 Tyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 139 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1166 №-li arayışda göstərilmişdir ki, İddiaçı 1981-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, B.Məmmədkərim (Kotovski) küçəsi 9 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır. "xxxx" NQÇİ MTK tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 100 №-li rəyin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, qeyd olunan rəy vətəndaş İddiaçı yaşadığı Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9, mənzil 4 ünvanındakı yaşayış sahəsi 35,9 kv. m-dən ibarət olan 2 otaqlı mənzilin, mənzil və kommunal xidmətləri haqqını ödəmək üçün 2 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı) maliyyə vərəqinin açılması və bununla bağlı MKT-nın mühasibatlığında müvafiq dəyişiklik edilməsi barədə verilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 985640 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X1 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 12-ci ayının 24-cü günündə 2466 № ilə qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərfindən verilmiş **********77 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 5, mənzil 4-ün qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsinin 14-2-10/2-278/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı yaşadığı Yeni Suraxanı qəsəbəsi, Kotovski küçəsi, ev 9, mənzil 4 ünvanındakı yaşayış sahəsi 35.9 kv.metrdən ibarət olan 2 otaqlı mənzilin, mənzil və kommunal xidmətləri haqqı ödəmək üçün 2 nəfər ailə tərkibi ilə maliyyə hesabat vərəqəsi açılması barədə "xxxx" NQÇİ-nin xx.xx.2002-ci il tarixli, 100 №-li rəyi və onun verilməsi üçün əsas olan hər hansı sənəd İdarədə tapılmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 435s saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri onlara aid sənədlərlə birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 283 №-li, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanda yerləşən 4 saylı mənzilin sənədlərşdirilməsi ilə bağlı müraciətinə baxılmışdır. Hər hansı təşkilatın balansında olan yaşayış sahəsi yalnız həmin təşkilatda əmək münasibətləri olan işçilərinə verilirdi. ünvan 4 ünvanda yerləşən dövlət mənzil fonduna aid olan 9 saylı mənzilin alqı-satqı ilə əldə etməyi tam olaraq qanuna ziddir. 23 aprel 2002-ci il tarixli, 100 saylı rəyin arxiv sənədləri (həmkarların protokolu və s.) aidiyyəti MKİS-nin arxivində olmadığından qeyd olunan arxiv sənədlərini (alqı-satqı müqaviləsi, həmkarların təşkilatı və s.) təqdim etdikdən sonra müraciətinə baxıla təkrar bilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 85-ci maddəsinə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür; 51.7-ci maddəyə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır; 62.2-ci maddəsinə əsasənyaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından da göründüyü kimi mübahisəli mənzilin keçmiş balanssaxlayıcısı olan "xxxx" NQÇİ-nin 100 saylı xx.xx.2002-ci il tarixli rəyi ilə ünvan 1 saylı evin, yaşayış sahəsi 35,9 kv. metr olan 2 otaqlı 4 saylı mənzilinə kommunal xidmət haqlarının ödənilməsi üçün İddiaçı adına maliyyə hesab vərəqəsi açılmışdır. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzildə 1981-ci ildən fasiləsiz olaraq faktiki yaşadığından, mənzilin hazırki balans saxlayıcısı olan orqan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentindən onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzildə 1981-cı il tarixdən yaşadığından və sonuncuya digər yaşayış sahəsinin verilməsi təklif olunmadığından, cavabdeh inzibati orqan yaşayış yeri üzrə qeydiyyatda olmaqla, istifadə hüququ olan ünvan 5 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 35,9 kv. metr olan 4 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul etməməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının mübahisəli evə dair kirayə müqaviləsinin onunla bağlanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); Mənzil Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, olan ünvan 5 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 35,9 kv. metr olan 4 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 35,9 kv. metr olan 4 saylı mənzilinə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar