Məhkəmə qərarları › İş №2-1(112)-11654/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11654/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11654/2023 18.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1658/2022 saylı xx.xx.2022-ci tarixli qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən BAKQAZMAŞ ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə köçürüldüyündən bu yeni yaşayış ünvanında qeydiyyata alınmasını və bu öhdəliyin cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1658/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı gəlin köçdüyü ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə köçürülmüş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1658/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin 2-ci səhifəsində yazılanlardan görünür ki, övladları 08.1 1.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 - hər ikisi ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə 23 may 2018-ci ildən qeydiyyatdadırlar. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1658/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi icra edilmişdir, yəni iddiaçının həmin mənzilə köçürülməsi icra edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışın əsilindən görünür ki, iddiaçı hələlik Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatdadır. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin Q- 144-082 saylı. xx.xx.2022-ci il tarixli cavab məktubunun əsilindən görünür ki, köçürüldüyü mənzildə qeydiyyata alınması üçün onun Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə qeydiyyata alınması ilə bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etmiş, sonuncunun xx.xx.2023-cü il tarixli, 3-13-45/2-Q-7808/11/23 saylı imtina aktının (sənədinin) bu ərizəyə daxil etdiyi əslində yazılmışdır ki, iddiaçı sözügedən ünvana istifadə hüququnun tanınması və ya yaşayış yeri üzrə qeydiyyata alınmasi ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin müvafiq qətnaməsinin və ya icra vərəqəsinin icra olunması üçün sənəd təqdim etmədiyinə görə həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınması mümkün deyildir. İddiaçı Bakı şəhəi, Xəzər rayon Polis İdarəsindən ona ünvanlanmış 3- 13-45/2-Q-7808/11/23 saylı xx.xx.2023-cü il tarixli imtina aktında yazılanlarla razılaşmır.İddiaçı hesab edir ki cavbadehin bi imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin yataqxanasında 25 saylı yaşayış sahəsi üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11654/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli 3-13-45/2-18214/2023 nömrəli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatdadır. - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 14, "xxxx" ASC-nin yataqxanası, mənzil 25 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasi ilə əlaqədar iddiaçının Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 2(003)-1658/2018 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icra olunmasına köməklik göstərilməsi ilə bağlı Xəzər RPİ-yə ünvanlandığı eyniməzmunlu müraciətinə baxılmışdır. Araşdırma zamanı onun yuxarıda qeyd olunan ünvana istifadə hüququnun tanınması və ya yaşayış yeri üzrə qeydiyyata alınması ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin müvafiq qətnaməsinin və ya icra vərəqəsinin icra olunması üçün rəsmi məktubla Xəzər RPİ-yə daxil olmadığı müəyyən olunmuş və bu səbəbdən onun sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması mümkün olmamışdır. Qeyd olunan sənəd Xəzər RPİ-yə daxil olarsa iddiaçının sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. - xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1658/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi icra edilmişdir, yəni iddiaçının ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə köçürülməsi icra edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1658/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Əli qızının ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə köçürülməsi qət edilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)- 1658/2022 nömrəli qətnaməsi qanuni qüvvəsini almışvə 24 avqust 2022-ci il tarixdə icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının İ müavininin xx.xx.2023-cü il tarixli 5-12/2-1644/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən yataqxana binası (keçmiş “Bakqazmaş zavodunun yataqxanası) Bakı şəhər Mənzil- Kommunal Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. - Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı məxsus AZE ******** nömrəli (FİN xxxxxxx) şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Şamaxı rayonu, Şəhriyar qəsəbəsi olaraq qeyd edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslıdır və təmin edilməlidir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı olaraq aşağıdakıları qeyd edir: İşin məhkəmə tərəfindən araşdırılmış hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1658/2022 nömrəli qətnaməsi ilə ünvan 5 ünvanında yerləşən "xxxx" ASCnin yataqxanasında 25 saylı yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsində, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 14, "xxxx" ASC-nin yataqxanasında qeydiyyatda olmadığı, lakin övladları ilə birlikdə həmin ünvanda yaşadığı qeyd edilmişdir. Lakin iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçının faktiki qeydiyyatda olduğu ünvan Şamaxı rayonu, Şəhriyar qəsəbəsidir. İddiaçı faktiki yaşadığı yer üzrə qeydiyyata alınması ilə bağlı olaraq cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciətinə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlayaraq, iddiaçının qeyd olunan ünvana istifadə hüququnun tanınması və ya yaşayış yeri üzrə qeydiyyata alınması ilə əlaqədar Xəzər Rayon Məhkəməsinin müvafiq qətnaməsinin və ya icra vərəqəsinin icra olunması üçün rəsmi məktubla Xəzər RPİ-yə daxil olmadığı müəyyən olunmuş və bu səbəbdən onun sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması mümkün olmadığı və qeyd olunan sənəd Xəzər RPİ-yə daxil olarsa iddiaçının sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxılacağı qeyd edilmişdir. Cavabdehin imtinasından narazı qalan iddiaçı hazırki iddia tələbi ilə sonradan dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 14, "xxxx" ASC-nin yataqxanasına qeydiyyata alınması vəzifəsinin cavabdeh Xəzər Rayon Polis İdarəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının məhkəmə qətnaməsi ilə köçürüldüyü Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 14, "xxxx" ASC-nin yataqxanasına ünvanına qeydiyyata alınması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən ünvana qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Belə ki, hazırki işdə iddiaçı qeydiyyata alınmasını tələb etdiyi ünvanla bağlı həmin evə köçürülməsinə dair qüvvədə olan məhkəmə qətnaməsini təqdim etmişdir ki, bu sənəd də onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınması üçün həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində çıxış edir. İş materiallarında olan, yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1658/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Əli qızının ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin yataqxanasında 25 saylı yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1658/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi icra edilmişdir, yəni iddiaçının həmin mənzilə köçürülməsi icra edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1658/2022 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və 24 avqust 2022-ci il tarixdə icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir; İş materiallarında olan, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-12/2-1644/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən yataqxana binası (keçmiş “Bakqazmaş zavodunun yataqxanası) Bakı şəhər Mənzil- Kommunal Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarında olan, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı məxsus AZE ******** nömrəli (FİN xxxxxxx) şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Şamaxı rayonu, Şəhriyar qəsəbəsi olaraq qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd dedikdə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərdə tutululduğundan hazırkı iş üzrə iddiaçı qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-1658/2022 nömrəli qətnaməsinə əsasən mübahisəli ünvanında yerləşən evə köçürüldüyündən, cavabdehin cavabdehin imtinası əsassızdır. Çünki, məhkəmənin qətnaməsi hal-hazıradək qüvvədədir və prediyusial əhəmiyyətə malikdir. Bununla da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının yaşayış yeri üzrə qeydiyyata almasından imtinası əsassızdır. Belə ki, iddiaçının yuxarıda qeyd edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçı faktiki yaşadığı yer üzrə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin birneçə yaşayış yeri ola bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. - 5-ci maddəsinə əsasən Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları “ünvan üzrə” qeydiyyatını deyil, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat”ı nəzərdə tutur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədləri üçün qanunverici “şəxsin yaşayış yeri” anlayışını həmin Qanun özündə təsbit etmişdir. Qanunun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Yuxarıda sadalanan qanunvericiliyin normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı qeydiyyata alınmasını xahiş etdiyi ünvanda yaşadığından və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin ünvana köçürüldüyündən iddiaçının iddia etdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan ünvana qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin yataqxanasında 25 saylı yaşayış sahəsi üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin yataqxanasında 25 saylı yaşayış sahəsi üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar