Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11655/2023 29.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sabunçu Bələdiyyəsinə qarşı “qəbirlərin köçürülməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus ünvan 2 ünvanındakı evin həyətyanı sahəsində olan sahibsiz qalmış X2 və X3 məxsus qəbirlərin Sabunçu qəbirstanlığına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə müvafiq olaraq iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi D1 ünvanındakı ev iddiaçının istifadəsindədir. Qeyd edir ki, həmin evi alan zaman həyəti dağınıq olmuş, həyəti təmizlədikdən sonra istifadəsində olan evin həyətyanı sahəsində 2 qəbir aşkar etmişdir. Həmin qəbirlərin baş daşları var idi. Maraqlanandan sonra məlum olmuşdur ki, həmin ərazilərdə bu cür qəbirlər çox olub. Hazırda ailəsi ilə birlikdə həmin ünvandakı evdə yaşayır. Ailəsində körpə uşaq var. Ailə üzvlərinin həmin qəbirlərin həyətində olmasından çox narahatdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sabunçu Bələdiyyəsinin cavabdeh qismində tanınmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüququnu təsdiq edən sənədin məhkəməyə təqdim olunması təklif olunmuşdur. Məhkəmə tərəfindən iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququ ilə baglı hazırlıq icraatı üzrə iclasda iddianın mümkünlük məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbi barədə məhkəməni məlumatatlandırmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”: 16.1. Qəbiristanlıqların köçürülməsi və (və ya) bağlı elan olunması barədə qərar Komissiyanın rəyi nəzərə alınmaqla, bələdiyyə tərəfindən qəbul edilir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verilir, habelə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir. 16.2. Qəbiristanlıqların köçürülməsinə yalnız aşağıdakı hallarda yol verilir: 16.2.1. subasma, daşqın, sel, torpaq sürüşməsi, zəlzələ və digər təbii fəlakətlər zamanı; 16.2.2. qəbiristanlığın ərazisi olan torpaq sahəsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əsaslar üzrə dövlət ehtiyacları üçün alındıqda. 16.3. Qəbiristanlığın bu Qaydaların 16.2.1-ci yarımbəndi ilə müəyyən edilmiş hallarda köçürülməsi zamanı, həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qeyriprosessual ekshumasiyası və başqa yerdə basdırılması, həmin Qaydalarla müəyyən edilmiş sanitariya-gigiyena normalarına əməl edilməklə, bələdiyyə vəsaiti hesabına həyata keçirilir. 16.4. Qəbiristanlığın ərazisi olan torpaq sahəsinin bu Qaydaların 16.2.2-ci yarımbəndinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması ilə əlaqədar qəbiristanlığın köçürülməsi zamanı, həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə həyata keçirilir. 16.5. Qəbiristanlığın bu Qaydaların 16.2-ci bəndi ilə müəyyən edilmiş səbəblərdən müəyyən hissəsinin və qəbiristanlıqdakı ayrı-ayrı qəbirlərin köçürülməsi halında, bu Qaydaların 16.3-cü və 16.4-cü bəndlərinin tələbləri gözlənilməlidir. 16.6. Bu Qaydaların 16.2-ci bəndi ilə müəyyən edilmiş hallarda qəbiristanlıqda dəfn edilmiş şəxslərin qeyri-prosessual ekshumasiyasını və başqa yerdə basdırılmasını bu Qaydaların tələblərinə riayət etməklə onların qohumları, qanuni nümayəndələri və ya dəfn ilə bağlı xərcləri çəkmiş digər şəxslər bu Qaydaların 16.3-cü və 16.4-cü bəndləri ilə müəyyən edilmiş vəsait hesabına həyata keçirmək hüququna malikdirlər. 16.12. Qəbiristanlıq köçürüldükdən sonra əhalinin sanitar-epidemioloji salamatlılığının təmin edilməsi məqsədi ilə həmin ərazidə meyvə ağaclarının, kənd təsərrüfatı məhsullarının əkilməsinə, becərilməsinə və bu Qaydaların 16.2.2-ci yarımbəndi ilə müəyyən edilən hal istisna olmaqla, 25 il müddətində tikinti işlərinin aparılmasına yol verilmir. İş materiallarına əlavə edilmiş: - Sabunçu Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 111 nömrəli, 18 aprel 2023cü il tarixli məktubu ilə bildirilmişdir ki, həmin qəbirlərin köçürülməsi üçün aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edə bilər. Hüquq-mühafizə orqanlarının araşdırmasından sonra köçürülmə barədə müsbət qərar olarsa, həmin qərarın icrasına bələdiyyə olaraq köməklik edə bilərlər. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən iddiaçıya ünvanlanmış 35 nömrəli, 06 iyun 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Sabunçu rayonu ərazisində yerləşən Sabunçu qəbristanlığı balansında deyil, bununla əlaqədar Sabunçu rayon Bələdiyyəsinə müraciət edilməsi xahiş olunmuşdur. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-6165/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən X1 ölümü barədə hər hansı məlumat aşkar olunmadı. Həmin məktuba qoşma olaraq əlavə edilmiş Maqi Satayevanın ölümü haqqında 01 fevral 1982-ci il tarixli akt qeydinin kserosurətinə əsasən o, 31 yanvar 1982-ci ildə Bakı şəhərində ölmüşdür. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Belə ki, iddia ərizəsinə görə iddiaçı ünvan 2 ünvanındakı evin həyətyanı sahəsində olan sahibsiz qalmış X2 və X3 məxsus qəbirlərin Sabunçu qəbirstanlığına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı sözügedən qəbirlərə münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Hazırki işin hallarına görə iddiaçının iddia etdiyi ünvan 2 ünvanındakı həyətyanı sahəyə dair heç bir hüquqmüəyyənedici sənədi, nə də orada olan qəbrlərdə dəfn edilmiş şəxslərin iddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur. Belə oldugu halda isə iddiaçının subyektiv hüququ olmadığı üçün o, cavabdehdən müəyyən hərəkətləri etməyi tələb edə bilməz. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 1.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6akim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-11655/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11655/2023
29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver