Məhkəmə qərarları › İş №2-1(112)-11656/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11656/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11656/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X2 Əmir oğlunun sədrliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) 1986-cı il tarixdə Bakı şəhər Yasamal (Oktyabr) rayonu 13 saylı tam orta məktəbini bitirmiş və AK № 246067 saylı orta təhsil haqqında attestat almışdır. Bakı Dövlət Universitetinin УB-İ № 120642 saylı diplomuna əsasən iddiaçı 1986- 1991-ci illərdə Bakı Dövlət Universitetində ali təhsil almış və ona filoloq “Fars və Azərbaycan dilləri və ədəbiyyatı müəllimi. Tərcüməçi” ixtisası verilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Şəfiqə Əfəndizadə adına 13 №-li tam orta məktəbin xx.xx.2024-cü il tarixli 215 saylı arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 1985-1986cı tədris ilinin 10 A sinif jurnalının 86-cı səhifəsində qeyd olunmuş məktəb pedaqoji şurasının 1986-cı il tarixli 11 nömrəli protokoluna əsasən Yasamal rayonu 13 saylı tam orta məktəbi bitirməsi öz əksini tapmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Şəfiqə Əfəndizadə adına 13 №-li tam orta məktəbin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı bizə müraciət edərək 1986-cı ildə tam orta təhsilin bitirməsi və ona AK 246067 N-li attestatın alınmasını təsdiqlənməsi haqqında arayış istəmişdir. Lakin 1986-cı ilə aid məktəbin əmr kitabi, pedaqoji şuranın protokol kitabı, attestat blanklann uçotu və verilməsi kitabı 2014-cü ildə məktəbə yeni təyin edilmiş direktora təhvil verilmədiyi səbəbindən həmin nömrəli attestatın verilməsi barədə məlumat verə bilmirik. Lakin 1986-cı ilin 10 a sinif jurnalın 86-cı səhifəsində İddiaçı attestat verilsin sözü yazılmışdır. Tərəfimizdən İddiaçı Əmrəli qızına xx.xx.2024-cü il tarixində verilmiş 215 N-li arayışda bu barədə qeyd edilmişdir. AK-246067 N-li attestatın həqiqətən İddiaçı Əmrəli qızına verilməsi barədə əlimizdə hər hansı bir sənəd olmadığına görə qeyd edə bilmirik. 1986-cı ilə aid 10 a sinif jurnalın 86-cı səhifəni 2 vərəqdə məhkəməyə təqdim edilmişdir. Bakı Dövlət Universitetinin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı Əmrəli qızına məxsus olan AK seriyalı 246067 nömrəli orta təhsil haqqında attestatın təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. İddiaçı bakalavriat səviyyəsi üzrə təhsilini davam etdirmək ücun arayış almaq məqsədi ilə cavabdehə mürəciət etmişdir. Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsi iddiaçının müraciətinə cavab olaraq bildirmişdir: “Sizə AK № 246067 nömrəli orta təhsil haqqında attestatın ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə təhsili davam etdirmək üçün əsas hesab olunması haqqında X1 Gürcüstandakı Səfirliyinə təqdim edilməsi üçün arayış verilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanladığınız müraciətə aidiyyəti üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. Müraciətinizə müvafiq olaraq aparılmış araşdırma nəticəsində Bakı şəhəri 13 nömrəli tam orta məktəbin arxiv sənədləri arasında tərəfinizdən qeyd edilmiş AK № 246067 nömrəli orta təhsil haqqında attestata dair məlumatlar tapılmamışdır. Bildiririk ki, müvafiq məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmə tərəfindən AK № 246067 nömrəli orta təhsil haqqında attestatın Sizə məxsus olduğu barədə qərar verildiyi təqdirdə müvafiq məzmunlu arayışın təqdim edilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edə bilərsiniz.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı şəhəri Yasamal rayonu 13 saylı orta məktəbin üzərinə AK № 246067 nömrəli orta təhsil haqqında attestatın ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə təhsili davam etdirmək üçün əsas hesab olunması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal rayonu 13 saylı orta məktəbin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və “İddiaçı orta təhsili bitirməsi, növbəti pillədə və ya səviyyədə təhsili davam etdirməsi ilə əlaqədar xx.xx.1986-cı il tarixli AK № 246067 nömrəli attestatın ona verilməsi barədə məlumatın (arayışın) verilməsi öhdəliyinin cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1986-cı il tarixdə Bakı şəhər Yasamal (Oktyabr) rayonu 13 saylı tam orta məktəbi bitirmişdir və AK № 246067 saylı orta təhsil haqqında attestat almışdır. Həmin ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1991-ci ildə filoloq, fars və azərbaycan dilləri və ədəbiyyatı müəllimi. Tərcüməçi ixtisası üzrə xx.xx.1991-ci il tarixli (18№ qeyd) YB-1№ 120642 saylı diplom almışdır. Hazırda ABŞ-da ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə təhsilini davam etdirmək ücun arayış almaq məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil üzrə Dövlət Agentliyinə mürəciət etmişdir. Müraciət aidiyyəti üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsində baxılmışdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi 18.07.24-cü il tarixli 3-29-69/2-L- 4e84-4/2024 saylı məktubla cavab verərək, orta məktəbin arxiv sənədləri arasında AK № 246067 saylı orta təhsil haqqında attestata dair məlumatların tapılmadığı göstərilmişdir. Bu xüsusata əsaslanaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi İddiaçı müraciəti əsasında tələb olunan arayışı verməmiş və müvafiq məsələ ilə əlaqədər məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı münasibət (etiraz) təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri Yasamal rayonu 13 saylı orta məktəbdə təhsil almış, 1986-cı ildə tam orta təhsilini bitirmiş və ona orta təhsil haqqında attestat verilmişdir. 1986-cı ilin sinif jurnalın 86-cı səhifəsində “İddiaçı attestat verilsin” sözü yazılmışdır. İddiaçı Bakı Dövlət Universitetinə daxil olması ilə əlaqədar ona məxsus olan AK seriyalı 246067 nömrəli orta təhsil haqqında attestatı Bakı Dövlət Universitetinə təqdim etmişdir. Bakı Dövlət Universiteti məhkəmənin sorğusuna cavab olaraq İddiaçı məxsus olan AK seriyalı 246067 nömrəli orta təhsil haqqında attestatın surətini “əsli ilə düzdür” qeydi ilə məhkəməyə təqdim etmişdir. İddiaçı məxsus orta təhsil haqqında AK seriyalı 246067 nömrəli attestatın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu 13 saylı orta məktəbdə təhsil almışdır və həmin attestat məktəbin direktoru, məktəb direktorunun təlim tərbiyə işi üzrə müavini, müəllimlər tərəfindən imzalanmış və məktəbin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, orta təhsil haqqında AK seriyalı 246067 nömrəli attestatın mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehin imtinasının dəlili, yəni “Bakı şəhəri 13 nömrəli tam orta məktəbin arxiv sənədləri arasında AK № 246067 nömrəli orta təhsil haqqında attestata dair məlumatlar tapılmaması” ilə bağlı dəlil iddiaçının təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh orqan həmin attestatın başqa şəxsə verilməsini mübahisələndirmir, sadəcə arxiv sənədləri arasında AK № 246067 nömrəli orta təhsil haqqında attestata dair məlumatların tapılmamasını bildirir və bu səbəbdən iddiaçının tələbini təmin etməmiş, mübahisə üzrə özünü cavabdeh hesab edərək, məhkəmə tərəfindən AK № 246067 nömrəli orta təhsil haqqında attestatın iddiaçıya məxsus olduğu barədə qərar verildiyi təqdirdə müvafiq məzmunlu arayışın təqdim edilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etməsini ona bildirmişdir. Beləliklə, iddiaçının Bakı şəhəri Yasamal rayonu 13 saylı orta məktəbində təhsil alması və ona AK seriyalı 246067 nömrəli orta təhsil haqqında attestatın verilməsi məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”: Bənd 2.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur. Bənd 2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). Bənd 4.2. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Bənd 5.1. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təntənəli surətdə təqdim edilir. Bənd 5.3. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın surəti məzunun şəxsi işində saxlanılır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli 6/1 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”: Bənd 1. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 189 nömrəli qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik) struktur qurumudur. Bənd 2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnaməni, Nazirliyin kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur. Bənd 3. İdarə bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bənd 7. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: … 7.42. səlahiyyətləri daxilində tabeliyində olan qurum və təhsil müəssisələri ilə bağlı müraciətlərə baxır və nəticəsindən asılı olaraq, müvafiq tədbirlər həyata keçirir; ... Bənd 8. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: ... 8.12. İdarənin və tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək; ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı orta təhsili bitirməsi, növbəti pillədə və ya səviyyədə təhsili davam etdirməsi ilə əlaqədar xx.xx.1986-cı il tarixli AK № 246067 nömrəli attestatın ona verilməsi barədə məlumatın (arayışın) verilməsi öhdəliyi cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar