Məhkəmə qərarları › İş №2-1(112)-11658/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11658/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11658/2022 13.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə - Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-06/1 nömrəli 14 iyul 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Xidmətin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək, İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İran İslam Respublikası vətəndaşı və etnik olaraq türk-azərbaycanlıdır. xx.xx.1979-cu ildə İran Əhər vilayətində Göyərçin kəndində anadan olub. Ailəlidir, bir qız, bir oğlan övladı vardır. Övladları hazırda onunla birlikdə Bakı şəhərində yaşayırlar. “GÜNAZ” televiziyası və Güney Azərbaycanlıların Milli Azadlıq Cəbhəsi (GAMAC) Təşkilatının üzvüdür. 20 ildir ki, İran İslam Respublikasının şimalında Güney Azərbaycanda yaşayan 35 milyon azərbaycanlının dili, tarixi, hüquqları uğrunda mübarizə aparmışdır. İlk dəfə 2004-cü il tarixdə güney azərbaycanlıların azadlıq simvolu olan Güney Azərbaycanın Qaradağ mahalı ərazisində yerləşən Bəzz-Banək qalası istiqamətində dinc yürüşdə iştirak etdiyinə görə həbs olunmuş, 1 həftə qanunsuz saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. İranın Azərbaycanla bağlı siyasətinə etiraz edərək 2005-ci ildə Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak etmiş və bu dəfə bu tədbirdə iştirak etdiyi üçün 1 ay müddətində azadlıqdan məhrum edilərək işgəncələrə məruz qalmışdır. 2-ci Qarabağ müharibəsi zamanı İran ərazisindən yük maşınları ilə Ermənistana hərbi yardım daşınmasına etiraz olaraq mitinq təşkil elmiş, buna görə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İran İslam Respublikası tərəfindən təhdid olunduğu üçün xx.xx.2021-ci il tarixdə Türkiyəyə getmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Bundan əlavə ərizəçi dinsiz, heç bir dini etiqadı olmadığı üçün dini rejim tərəfindən təqib riski altındadır. İddiaçı 25 mart 2022-ci ildə Azərbaycana gəlmiş, xx.xx.2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 14-2022 saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçı ilə müsahibə aparıb. İddiaçı bildirib ki, milli, siyasi və dini baxışlarına görə İran İslam Respublikası tərəfindən zorakılığa və təqibə məruz qalacağına görə geri qayıtmaq istəmir. 14 iyul 2022-ci ildə DMX İQ-06/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd etmişdir. DMX qərarını onunla əsaslandırmışdır k, ərizəçinin əsaslı təqib qorxusu mövcud deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, İran İslam Respublikası vətəndaşı İddiaçı 15 aprel 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 14-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, İranın Əhər bölgəsi, Göyərçin kəndində anadan olduğunu, milliyətcə türk, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Təbriz şəhərində məktəbdə təhsil aldığını, ali təhsil almadığını, xüsusi bir peşəsinin olmadığını, məktəbi bitirdikdən sonra xalça toxumaq ilə məşğul olduğunu, 2001-2003-cü illərdə 2 ay Təbrizdə, 19 ay Tehranda hərbi hava qüvvələrində (niru həvayi) hərbi xidmətdə olduğunu, hərbi xidmətdən qayıtdıqdan sonra 1 (bir) il bazarda işlədiyini, 1 (bir) il yarım dəmir yonmaqla məşğul olduğunu, bundan sonra tikinti işində podratçı kimi işlədiyini, podratçı kimi müəyyən bir tikintinin pəncərə, yaxud elektrik işlərini həyata keçirdiyini, Azərbaycana gələnə qədər bu işlə məşğul olduğunu, İranda siyasi fəaliyyət göstərməsi və İran dövləti tərəfindən təqib olunması səbəbilə ölkəsini tərk edərək xx.xx.2021-ci il tarixdə Türkiyəyə getdiyini, 6 ay müddətində Trabzon şəhərində qaldığını, xx.xx.2022-ci il tarixdə isə Azərbaycana gəldiyini söyləmişdir (ailəlidir, 2 övladı var. Ailə üzvlərinin Təbriz şəhərində yaşadığını qeyd etmişdir). Bundan başqa, Mohajeri X2rkən heç bir partiya və təşkilata üzv və ya tərəfdar olmadığını, lakin qeyrirəsmi şəkildə 20 il müddətində İranda güney azərbaycanlıların milli hərəkatında iştirak etdiyini, azərbaycanlıların dili, tarixi, hüquqları uğrunda mübarizə apardığını, İranın Azərbaycanla bağlı siyasətinə etiraz edərək 2005-ci ildə Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak etdiyini, 2-ci Qarabağ müharibəsi zamanı İrandan Ermənistana maşınların keçməsinə etiraz olaraq mitinq təşkil etdiyini, bu fəaliyyətlərini göstərdiyi müddətdə 2004cü ildən etibarən 13 dəfə həbs olunduğunu və ya saxlanıldığını, hal-hazırda haqqında 3 (üç) il və 1 (bir) il olmaqla 2 (iki) həbs qəti imkan tədbiri, 74 şallaq və 10 milyon tümən cərimə hökmü olduğunu, 2 (iki) ittiham üzrə isə hələ hökm oxunmadığını da bildirmişdir. İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, onun siyasi fəaliyyəti müxtəlif qruplara tərəfdarlıq, həmin qruplar üçün təbliğatın təşkilindən ibarət olmuşdur. Ərizəçinin verdiyi məlumatlara əsasən həbs müddətlərinə nəzər saldıqda onun ən uzun həbs müddətinin 105 gün olduğu məlum olmuşdur. Qeyd olunan fakt, yəni müxalif silahlı qruplara üzvlük və onlara yardım ittihamı ilə təqsirləndirilən şəxsin belə qısa müddət ərzində azadlığa buraxılması inandırıcılıq nöqteyi-nəzərindən ciddi şübhələr doğurmuşdur. Həmçinin ərizəçinin özünün qeyd etdiyi kimi qardaşı və bacanağı da müxtəlif dövrlərdə oxşar ittihamlar əsasında həbs edilsə də, onlar ölkəni tərk etməmiş, heç bir təzyiqə məruz qalmadan ölkə ərazisində yaşamaqdadırlar. Ərizə-anket və müsahibələrdən aydın olmuşdur ki, 2011-ci ildəki saxlanılmasından sonra dəfələrlə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, heç bir fiziki və mənəvi təzyiqlərə məruz qalmamış və əslində onların bəzilərinin hüquqa uyğun davranışından razılığını bildirmişdir. Ərizəçinin üzləşdiyi ən ciddi ittihamlardan biri hesab etdiyi iş üzrə cərimə tətbiq edilmiş, lakin özü ölkədə olmadığı üçün cərimənin qardaşı tərəfindən ödənilməsinin mümkün olmadığı məlum olmuşdur. Bu isə ona qarşı irəli sürülən ittihamın həyati və digər təhlükə ehtiva etmədiyi nəticəsinə gəlir. Bundan əlavə, iş üzrə digər hal şəxsin həbs qərarı ola-ola ölkəni tərk etməsi hesab edilə bilər. Ərizəçi bu xüsusda verilən sualı cavablandıra bilməmiş, öz fərziyyəsinə əsasən ata adındakı orfoqrafik səhv səbəbindən ölkəni tərk etməyə müəssər olduğunu bildirmişdir. Lakin ərizəçinin digər məlumatlarından məlum olmuşdur ki, onun atasının adı pasportunda, milli şəxsiyyət vəsiqəsində və məhkəmə qərarında eyni cür yazılmış, bu isə onun həmin orfoqrafik səhvdən yararlanaraq ölkəni tərk etməsi iddiasını boşa çıxarmışdır. Həmçinin ərizəçinin 2004-cü ildən etibarən dəfələrlə həbs edilsə də, onun 2016, 2017, 2018-ci illərdə rahatlıqla ölkəni tərk etdiyi, həmçinin 2020-ci ilin 12 iyul tarixində bir il müddətinə barəsində həbs qərarı və digər şərti cəzalar verildiyi, lakin buna baxmayaraq həmin cəza və cərimələrin ödənilmədiyi və ya götürülmədiyi, xx.xx.2021-ci ildə yeni pasport əldə etdiyi məlum olmuşdur. Şəxsin verdiyi məlumatlardan aydın olmuşdur ki, o, 30 sentyabr 2021-ci ildə ölkəsini sonuncu dəfə tərk etdikdən sonra Türkiyə Respublikasına getmiş, sığınacaq üçün müraciət etmiş, lakin öz ərizəsinə əsasən qaçqın statusunun verilməsi prosedurunun dayandırılmasını xahiş edərək 6 ay ərzində orada qaldıqdan sonra Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan fakt şəxsin Türkiyə Respublikasında mövcud vəziyyəti qiymətləndirdikdən sonra Azərbaycan Respublikasına gələrək sığınacaq əldə etmək istəməsini və öz bildirdiyinə əsasən məqsədinin gələcəkdə biznes qurmaqdan ibarət olmasını göstərir. Ərizəçinin ərizə-anket zamanı ölkəni tərk edərkən yalnız pasportunu götürməsi, digər sənədlərinə isə İranda ehtiyac olduğundan orada saxlamasını bildirməsi ölkəsi ilə hələ də hüquqi və siyasi bağlılığının olduğunu müəyyənləşdirmişdir. Həmçinin ərizəçinin müsahibə zamanı şüşə ilə məşğul olduğunu, icazə verilərsə, İran İslam Respublikasından şüşə gətirərək burada onun satışı ilə məşğul olmaq istədiyini bildirməsi şəxsin ölkəsində əsaslı təqib qorxusu ehtimalının doğru olmadığını göstərir. Həmçinin şəxsin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəricələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Xidmət tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı qaçqın statusu verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli icasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarından göründüyü kimi, İran İslam Respublikasının vətəndaşı (pasport: W********), hazırda Bakı şəhəri, ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı 15 aprel 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına 14-2022 nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Ərizəçi qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı göstərmişdir ki, İranın Əhər bölgəsi, Göyərçin kəndində anadan olduğunu, milliyyətcə türk, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Təbriz şəhərində məktəbdə təhsil aldığını, ali təhsil almadığını, xüsusi bir peşəsinin olmadığını, məktəbi bitirdikdən sonra xalça toxumaq ilə məşğul olduğunu, 2001-2003-cü illərdə 2 ay Təbrizdə, 19 ay Tehranda hərbi hava qüvvələrində (niru həvayi) hərbi xidmətdə olduğunu, hərbi xidmətdən qayıtdıqdan sonra 1 (bir) il bazarda işlədiyini, 1 (bir) il yarım dəmir yonmaqla məşğul olduğunu, bundan sonra tikinti işində podratçı kimi işlədiyini, podratçı kimi müəyyən bir tikintinin pəncərə, yaxud elektrik işlərini həyata keçirdiyini, Azərbaycana gələnə qədər bu işlə məşğul olduğunu, İranda siyasi fəaliyyət göstərməsi və İran dövləti tərəfindən təqib olunması səbəbilə ölkəsini tərk edərək xx.xx.2021-ci il tarixdə Türkiyəyə getdiyini, 6 ay müddətində Trabzon şəhərində qaldığını, xx.xx.2022-ci il tarixdə isə Azərbaycana gəldiyini bildirmişdir. Ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anket və müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, onun siyasi fəaliyyəti müxtəlif qruplara tərəfdarlıq, həmin qruplar üçün təbliğatın təşkilindən ibarət olmuşdur. Ərizəçinin verdiyi məlumatlara əsasən həbs müddətlərinə nəzər saldıqda onun ən uzun həbs müddətinin 105 gün olduğu məlum olmuşdur. Qeyd olunan fakt, yəni, müxalif silahlı qruplara üzvlük və onlara yardım ittihamı ilə təqsirləndirilən şəxsin belə qısa müddət ərzində azadlığa buraxılması inandırıcılıq nöqteyi-nəzərindən ciddi şübhələr doğurmuşdur. Həmçinin ərizəçinin özünün qeyd etdiyi kimi qardaşı və bacanağı da müxtəlif dövrlərdə oxşar ittihamlar əsasında həbs edilsə də onlar ölkəni tərk etməmiş, heç bir təzyiqə məruz qalmadan ölkə ərazisində yaşamaqdadırlar. Ərizə-anket və müsahibələrdən aydın olmuşdur ki, 2011-ci ildəki saxlanılmasından sonra dəfələrlə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da heç bir fiziki və mənəvi təzyiqlərə məruz qalmamış və əslində onların bəzilərinin hüquqa uyğun davranışından razılığını bildirmişdir. Ərizəçinin üzləşdiyi ən ciddi ittihamlardan biri hesab etdiyi iş üzrə cərimə tətbiq edilmiş, lakin özü ölkədə olmadığı üçün cərimənin qardaşı tərəfindən ödənilməsinin mümkün olmadığı məlum olmuşdur. Bu isə ona qarşı irəli sürülən ittihamın həyati və digər təhlükə ehtiva etmədiyi qənaətinə gətirmişdir. İş üzrə digər hal şəxsin həbs qərarı ola-ola ölkəni tərk etməsi hesab edilə bilər. Ərizəçi bu xüsusda verilən sualı cavablandıra bilməmiş, öz fərziyyəsinə əsasən ata adındakı orfoqrafik səhv səbəbindən ölkəni tərk etməyə müəssər olduğunu bildirmişdir. Lakin ərizəçinin digər məlumatlarından məlum olmuşdur ki, onun atasının adı pasportunda, milli şəxsiyyət vəsiqəsində və məhkəmə qərarında eyni cür yazılmış, bu isə onun həmin orfoqrafik səhvdən yararalanaraq ölkəni tərk etməsi iddiasını boşa çıxarmışdır. Həmçinin ərizəçinin 2004-cü ildən etibarən dəfələrlə həbs edilsə də, onun 2016, 2017, 2018-ci illərdə rahatlıqla ölkəni tərk etdiyi, həmçinin 2020-ci ilin 12 iyul tarixində bir il müddətinə barəsində həbs qərarı və digər şərti cəzalar verildiyi, lakin buna baxmayaraq həmin cəza və cərimələrin ödənilmədiyi və ya götürülmədiyi, xx.xx.2021-ci ildə yeni pasport əldə etdiyi məlum olmuşdur. Şəxsin verdiyi məlumatlardan aydın olmuşdur ki, o, 30 sentyabr 2021-ci ildə ölkəsini sonuncu dəfə tərk etdikdən sonra Türkiyə Respublikasına getmiş, sığınacaq üçün müraciət etmiş, lakin öz ərizəsinə əsasən qaçqın statusunun verilməsi prosedurunun dayandırılmasını xahiş edərək 6 ay ərzində orada qaldıqdan sonra Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan fakt şəxsin Türkiyə Respublikasında mövcud vəziyyəti qiymətləndirdikdən sonra Azərbaycan Respublikasına gələrək sığınacaq əldə etmək istəməsini və öz bildirdiyinə əsasən məqsədinin gələcəkdə biznes qurmaqdan ibarət olmasını göstərir. Ərizəçinin ərizə-anket zamanı ölkəni tərk edərkən yalnız pasportunu götürməsi, digər sənədlərinə isə İranda ehtiyac olduğundan orada saxlamasını bildirməsi ölkəsi ilə hələ də hüquqi və siyasi bağlılığının olduğunu müəyyənləşdirmişdir. Həmçinin ərizəçinin müsahibə zamanı şüşə işi ilə məşğul olduğunu, icazə verilərsə, İran İslam Respublikasından şüşə gətirərək burada onun satışı ilə məşğul olmaq istədiyini bildirməsi şəxsin ölkəsində əsaslı təqib qorxusu ehtimalının doğru olmadığını göstərir. Qeyd olunanlara əsasən ərizəçinin vəsatəti təmin olunmamışdır. Hazırkı işdə ərizəçi səbəb kimi milli, siyasi və dini baxışlarına görə İran İslam Respublikası tərəfindən zorakılığa və təqibə məruz qalacağı ilə əlaqələndirmiş, lakin özünün və ya ailəsinin təqibə məruz qalması barədə sübut ya dəlil gətirməmişdir. Yəni ərizəçi istinad etdiyi mənbələrdəki iddiaları ona aid təsdiq edən hər hansı sübut və ya məlumat təqdim etməyib. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin İram İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməyib. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Ərizəçi həmçinin onun Konvensiyanın 8-ci və 13-cü maddələrinin iddia edilən pozuntusu (məsələn, ailəsini onunla birgə olmaqdan və onun yardımından məhrum edilməsi, ərizəçinin ailəsinin üzərinə hər-hansı qeyri-mütənasib və ya həddən artıq ağır vəzifənin qoyulması, ailə həyatına müdaxilənin digər formada baş verməsi) barədə hərhansı sübut ya dəlil gətirməyib, yalnız taliblərlə qarşıdurmada qeyri-adekvat mühitdə yaşamaqlarını ümumi formada ifadə edib. Beləliklə də, ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-06/1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən İran İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə müvafiq olaraq qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, İddiaçı vətəndaşı olduğu ölkədə irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddiaçıya qaçqın statusu verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar