Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11658/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı qəzetinin redaksiyasının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı qəzetinin redaksiyası cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 31 iyul 2000-ci il tarixli 688 saylı sərəncamı ilə İddiaçı qəzeti redaksiyasına inzibati binanın tikintisi üçün ünvan 1də 90 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı ŞİH başçısının Aparatı tərəfindən verilmiş 3-52/2-714/2023 saylı xx.xx.2023 tarixli arxiv arayışından məlum olur ki, həmin sərəncam həqiqətən İddiaçı ictimai-siyasi beynəlxalq qəzetinə verilmiş və hal-hazırda qüvvədədir. Məzmunundan da görünür ki, sərəncam müddətsiz verilmişdir. Qeyd edilən sərəncam əsasında 20 sentyabr 2000-ci il tarixdə 246 saylı istifadəyə verilən torpaq sahəsinin ayrıc aktı verilmiş və həmin ayrıc aktı Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. Eyni zamanda, torpaq sahəsinin ayrılmasına dair 04 dekabr 2000-ci il tarixli 10990 saylı inşaat pasportu verilmişdir və 22 yanvar 2001-ci il tarixli 18/04Q/52 saylı razılaşma aktından görünür ki, torpaq sahəsində tikilləcək inzibati binanın eskiz layihəsi Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmişdir. Bundan əlavə, tikinti işlərinin aparılması ilə əlaqədar olaraq, Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsi ilə İddiaçı qəzetinin redaksiyası arasında 15 il müddətinə 29 mart 2002-ci il tarixli 61 saylı torpaq icarə müqaviləsi bağlanmışdır və həmin müqavilə Bakı şəhər torpaq şöbəsində 25 aprel 2002-ci il tarixdə qeydiyyat kitabında qeydiyyata alınmışdır. Bakı ŞİH başçısının 31 iyul 2000-ci il tarixli 688 saylı sərəncamı və Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsi ilə İddiaçı qəzetinin redaksiyası arasında bağlanmış 61 saylı torpaq icarə müqaviləsi əsasında hazırda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən 14 il müddətinə JN-1796, KOD-00700003 saylı 25 aprel 2002-ci il tarixli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” səhadətnamə verilmişdir. Bu şəhadətnamə əsasında hüquqların dövlət qeydiyyatı aparılmışdır. Nərimanov rayon Bələdiyyəsi ilə 29 mart 2002-ci il tarixdə 15 il müddətinə bağlanmış torpaq icarə müqaviləsinin müddəti 29 mart 2017-ci il tarixdə bitdiyi üçün bələdiyyə ilə yeni razılaşma əsasında icarə müqaviləsi bağlanmış 01 saylı müqavilə ilə 10 il müddətinə, yəni 29 mart 2027-ci il tarixədək uzadılmışdır. Yeni torpaq icarə müqaviləsinin bağlanması ilə bağlı Bakı ŞİH başçısına edilmiş müraciətə həmin qurumun Aparatı tərəfindən verilmiş 3-52/2- 714/2023 saylı 3 may 2023 tarixli cavab məktubunda Bakı ŞİH başçısının 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair hüquqların qeydiyyatının müvafiq dövlət orqanı tərəfindən həyata keçirildiyi bildirilmişdir. Bununla bağlı torpaq sahəsi üzərində hüquqların təkrar dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi üçün cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunsa da, hüquqların dövlət qeydiyyatına alınmaqla reyestrdən çıxarışın verilməsindən imtina edilmişdir. Cavabdehin imtina məktubu JN-1796 saylı şəhadətnamədə qeyd olunan 29 mart 2002-ci il tarixli və 61 saylı bələdiyyə ilə bağlanmış icarə müqaviləsinin qüvvədə olma müddətinin bitməsi, həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının arasında ümumi istifadədə olan yaşıllıq ərazisi daxilində yerləşməsi və ümumi əraziyə digər şəxsin müraciətinin olması ilə əsaslandırılmışdır. Cavabdeh təqdim edilmiş sənədləri tam araşdırmadan belə qərara gəlmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi İddiaçı ictimai-siyasi beynəlxalq qəzetinin redaksiyası ilə Nərimanov rayon Bələdiyyəsi arasında bağlanmış torpaq icarə müqaviləsinin müddəti 29 mart 2027-ci ilə kimi uzadılmışdır. Lakin cavabdeh həmin sənədi nəzərə almadan qərar qəbul etmişdir. Bakı ŞİH isə, müvafiq qurum tərəfindən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavab məktubu göndərmişdir. Bundan əlavə, cavabdehin imtina məktubunda qeyd edildiyi kimi, həmin ərazidə yaşıllıq mövcud deyildir. Yuxarıda qeyd edilmiş sənədlər verilərkən həmin əraziyə əvvəlcə baxış keçirilmiş və sonra sənədlər verilmişdir. Cavabdeh daşınmaz əmlaka hüququn təkrar dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi tələbinə belə məzmunlu cavab verməklə öz səlahiyyətlərindən kənara çıxmışdır. Əgər həmin ərazidə hər hansı ağacı və ya kol bitkisini nəzərdə tuturlarsa redaksiya öz xərci hesabına müvafiq qurumla razılaşdırmaqla onun köçürülməsinə də razıdır. Cavabdeh imtina məktubunda ümumi əraziyə digər şəxsin müraciətinin olması da qeyd edilmişdir. Yuxarıda sadalanan sənədlərdən görünür ki, həmin torpaq sahəsi uzun müddətdir ki, redaksiyanın icarəsindədir və arxiv arayışından da məlum olur ki, həmin sərəncam qüvvədədir. Hal-hazırda həmin torpaq sahəsinə dair icarə haqları 2002-ci il tarixdən 2023-cü il tarixədək tam ödənilmişdir. İcarəçi İddiaçı ictimai siyasi qəzet öz üzərinə götürdüyü bütün öhtəlikləri tam icra etmişdir. Həmin ərazi hazırda qüvvədə olan Bakı ŞİH başçısının sərəncamı ilə redaksiyanın istifadəsində olduğu halda və Nərimanov Bələdiyyəsi ilə icarə müqaviləsinin müddəti 29 mart 2027-ci il tarixədək uzadıldığı halda digər müraciət edən şəxsin nəzərə alınması qanunsuzluqdur. Cavabdeh redaksiyanın uzun illərdir mövcud olan hüququnu nəzərə almamış və lakin yeni müraciət edən barədə narahatlıq keçirmişdir. Cavabdeh imtina məktubunda həm ərazinin ümumi istifadədə olan yaşıllıq ərazi daxilində olduğunu qeyd edir, həm də, ərazi barədə digər şəxsin müraciətinin olmasını diqqətə çatdırır. Əgər ərazidə olan yaşıllıqla bağlı redaksiyaya icazə verilmirsə, deməli digər müraciət edən şəxs barəsində də ərazinin yaşıllıq olması nəzərə alınmalıdır. Görünür ki, cavabdeh bu qaydanı yalnız redaksiyaya tətbiq etmiş, digər müraciət edən barədə nəzərə almamışdır. Cavabdehin imtinası tamamilə qanunsuzdur. Qeyd edilən torpaq sahəsi ilə bağlı qanunauyğun sənədlərin olmasına baxmayaraq hal-hazıra kimi redaksiyaya həmin ərazidə tikinti aparılmasına şərait yaradılmamışdır. Cavabdeh belə qərara gəlməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 139-1-ci maddələrinin, «Torpaq islahatı haqqında» Qanunun 4-cü və 7-ci maddələrinin tələblərini pozmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinin tələbinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qanunun 4.2-ci maddəsinə görə bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Qanunun 4.3-cü maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1, 8.0.5-ci maddələrinə, İPmin 2.2.2, 4.1, 12.1, 33.1, 73.1-ci maddələrinə əsaslanaraq, cavabdehin imtinasının qanunsuz və əsassız sayılması, ünvan 1 ünvanında yerləşən 90 kv.m torpaq sahəsinə dair daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə iddiaçıya inzibati binanın tikintisi üçün ünvan 1də ayrılmış 90 kv.m torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı qəzetinin iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 20 aprel 2022-ci il, 12 may 2023-cü il və 23 iyun 2023-cü il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim olunan JN-1796 saylı şəhadətnamədə qeyd olunan 29 mart 2002 tarixli 61 saylı icarə müqaviləsinin qüvvədə olma müddəti bitmişdir. Belə ki, şəhadətnamənin məzmununa əsasən torpaq sahəsi 14 il müddətinə İddiaçı redaksiya qəzetinin müvəqqəti istifadəsinə verilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının arasında ümumi istifadədə olan yaşıllıq ərazisi daxilində yerləşir. Bundan başqa ümumi əraziyə Əmlak Məsələləri Dövlət Xidmətinin idarəyə müraciəti olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Göstərilənlərə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23-cü maddələrinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci hissəsi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, Cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Mövcud qanunvericilik normalarının tələbləri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.3-cü maddəsinə görə inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 64.4-cü maddəsinə görə etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən hazırkı işin halları üzrə məhkəmə belə nəticəyə gəlir ki, Bakı ŞİH 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamına münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı qəzetinin redaksiyası etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 31 iyul 2000-ci il tarixli sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı mötəbər sübut kimi qiymətləndirilməlidir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası üçün üç dəlil gətirmişdir: 1) iddiaçı tərəfindən təqdim olunan JN-1796 saylı şəhadətnamədə qeyd olunan 29 mart 2002 tarixli 61 saylı icarə müqaviləsinin qüvvədə olma müddəti bitmişdir; 2) elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının arasında ümumi istifadədə olan yaşıllıq ərazisi daxilində yerləşir; 3) ümumi əraziyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin idarəyə müraciəti olmuşdur. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: 1) müvafiq torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən həm inzibati icraatda, həm də hazırkı məhkəmə icraatında iki hüquq müəyyənedici sənəd – Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı və Nərimanov bələdiyyəsi ilə bağlanmış 29 mart 2002-ci il tarixli icarə müqaviləsi təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, həmin sərəncam hüquqi qüvvədə olduğundan (geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən) hüquqi qüvvədədir və torpaq sahəsinin müqavilə bağlanan zaman bələdiyyə mülkiyyətində olması, habelə torpaq ayrılması ilə bağlı aidiyyəti orqanların (o cümlədən yeri icra hakimiyyəti orqanının) rəyi alınmadığından, həmin müqavilə mötəbər sübut sayılmır. Odur ki, müqavilənin müddətinin başa çatması iddiaçının Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə yaranmış istifadə hüququna təsirsizdir. 2) elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının arasında ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi də iddiaçının istifadə hüququnun itirilməsinə əsas vermir. Belə halın ərazidə tikinti işlərinin aparılmasında nəzərə alınması istisna deyil. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci hissəsinə görə daşınmaz əmlaklar magistral boru kəmərlərinin, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda həmin Fərmanın 1-ci hissəsi ilə təsdiqlənmiş Siyahıdakı müvafiq hüquqmüəyyənedici sənədlər həmin əmlaklara hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Lakin nəzərə alınmalıdır ki, sözügedən Fərmanla təsdiqlənmiş Siyahı yaşayış və bağ evləri, habelə onların altında olan və ya tikintisi üçün ayrılmış torpaq sahələrinə dair verilmiş sənədləri (qərar, akt və s.) nəzərdə tutur və hazırda iddia edilən torpaq sahəsinə münasibətdə tətbiq oluna bilməz. İddiaçı müvafiq torpaq sahəsinə hüquqlarının qeydiyyatını «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə istinadən iddia edir. Mövcud qanunvericilik normaları ümumi istifadədə olan yaşıllıq ərazinin hüquqi şəxsə istifadəyə verilməsini istisna etmir. 3) torpaq sahəsinin də daxil olduğu əraziyə dair hər hansı hüquqi və fiziki şəxsin, eləcə də dövlət orqanının ərizəsinin qeydiyyat orqanı kimi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olması hüququ olan şəxsin hüququnun qeydiyyatına mane olan hal deyil. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə həmçinin vurğulayır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinə istinadən Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinə İddiaçı qəzetinin redaksiyasının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı müvafiq ərazidəki 90 kv.m ölçüdə torpaq sahəsinin ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə uyğun olaraq iddiaçının ona istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı qəzetinin redaksiyasının Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə ona inzibati binanın tikintisi üçün ünvan 1də ayrılmış 90 kv.m torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı qəzetinin redaksiyasının Bakı ŞİH-in 31 iyul 2000-ci il tarixli 688 nömrəli sərəncamı ilə ona inzibati binanın tikintisi üçün ünvan 1də ayrılmış 90 kv.m torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2-1(112)-11658/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11658/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver