Məhkəmə qərarları › İş №2-1(112)-1166/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1166/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1166/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, iddiaçıya pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında bugünədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, iddiaçıya pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında bugünədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana müraciət edərək, əmək pensiyasına çıxdıqdan sonra işlədiyi topladığı sosial sığorta kapitalı nəzərə alınaraq, aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsinin 43-cü abzasına istinad edərək, pensiyanın artan sığorta hissəsinin həmin artım məbləği qədər əmək pensiyasına qulluq stajına görə əlavənin məbləğini azaltmaqla düzgün olmayan qaydada hesablama aparıb. Həmin Qərarın 43cü abzasına görə, pensiyanın sığorta hissəsinin artımı qədər əlavələr yenidən hesablanır və azaldılır, nəticədə pensiya məbləği dəyişmir. Həmin Qərarın 35-ci abzasında göstərilir ki, 37.3.1-ci və 9.6-cı maddələrinə görə yenidən hesablanma əlavələrin deyil, əmək pensiyasının yenidən hesablanmasını nəzərdə tutur. Qərarın təsviri-əsaslandırıcı hissəsində bir-birini inkar edən iki fikir yazılıb, həm əlavələrin yenidən hesablanmadığı yazılıb, həm də əlavələrin yenidən hesablandığı yazılıb. Qərarın təsviri-əsaslandırıcı hissəsinin 35-ci və 43-cü abzasları bir-birini inkar edir, lakin Qərarın nəticəsi hissəsi tamamilə doğru, düzgün göstərişi nəzərdə tutur. Belə ki, Qərarın nəticə hissəsində birbaşa yazılıb ki, hərbi pensiyaçıların pensiyası 9.6-cı və 37.3.1-ci maddə ilə nəzərdə tutulmuş qaydada yenidən hesablanır, həmin maddədə isə müəyyən edilmiş qaydada əlavələrin yenidən hesablanması, azaldılması barədə hər hansı müddəa yoxdur. Eyni zamanda həmin Qərarın nəticə hissəsində əlavələrin azaldılması və ya 29.2-ci maddənin tətbiqi barədə hər hansı müddəa yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 21 dekabr 2007-ci il tarixindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmə pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçıya əmək pensiyası 1616,10 manat məbləğində (əmək pensiyasının sığorta hissəi – 283,69 manat, qulluq stajına görə əmək pensiyasına əlavə 1332,41 manat) ödənilib. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 29878,38 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 29878,38 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 131 ( 29878,38:131(63 il 6 ay-58 il 7ay=59 ay + (144 ay – 72 ay)=228,08 manat) aya bölünərək əmək pensiyasına sığorta hissəsinin (283,69 + 228,08) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (132,41 manat) həmin artım qədər (228,08 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 511,77 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1104,33 (1332,41 – 228,08) manat təşkil edir. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi – 161,61 manat maddi yardım ödənilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia).

5. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt).

6. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

7. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, İddiaçı ona pensiya təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması barədə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, xx.xx.2022-ci il tarixli imtina cavabı almışdır, odur ki, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

IV.İş materiallarında olan sənədlər:

11. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarından, məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2007-ci ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, hazırda əmək pensiyası 1616,10 manat məbləğində (vəzifə maaşı 810, rütbə maaşı 154, xidmət illərinə görə əlavə 385,60, ərzaq payı 64, məharət dərəcəsi 202,50 manatdan ibarət olmaqla) iddiaçıya ödənilir, iddiaçı pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətinə davam etmiş və məcbru sosial sığorta haqqını ödəmişdir, iddiaçı xx.xx.2022-ci ildə cavabdehə müraciət edərək Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarını rəhbər tutaraq, fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında hazırda aldığı hərbi qulluqçu kimi yaşa görə güzəştli şərtlərlə pensiyanın sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmiş, iddiaçının məqsədi pensiyasının artırılmasına nail olmaq olmuşdur, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı əsasında iddiaçının pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 1616.10 manat – iddiaçı cavabdehə pensiyasının yenidən hesablanması barədə müraciət edən gündə aldığı pensiya məbləğinə bərabər məbləğdə müəyyən edilmişdir, yəni iddiaçı tərəfindən pensiyaya çıxdıqdan sonra cavabdehə müraciət etdiyi anda 29878,38 manatdan artıq pensiya kapitalı toplamasına baxmayaraq iddiaçının pensiya məbləğində heç bir artım olmamışdır. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qeyd edilən hərəkətlərini qanunsuz hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

V. Məhkəmənin mövqeyi

12. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

14. Həmin Qanunun 9.6-cı maddəsinə görə isə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.

15. Həmin Qanunun 37.3-cü maddəsinin iddiaçının cavabdehə müraciət etdiyi zaman qüvvədə olan redaksiyasına əsasən: “işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;”

16. Hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3-cü maddəsində göstərilir: “işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;”

17. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.

18. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsinin adı: “Əmək pensiyalarının indeksləşdirilməsi”dir, həmin maddənin cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının qəbul edildiyi zaman qüvvədə olan redaksiyası aşağıdakı kimi idi: “29.1. Əmək pensiyasının sığorta hissəsi, ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

19. İşin faktiki hallarına görə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduğu gündən sonra 6 il işlədikdən sonra həmin işlədiyi dövr üzrə topladığı pensiya kapitalı (29000,00 manatdan çox) nəzərə alınmaqla pensiyasının yenidən hesablanması, yəni artırılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından göründüyü kimi iddiaçının pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilsə də pensiyanın məbləği qərarda iddiaçı cavabdehə pensiyasının yenidən hesablanması barədə müraciət edən gündə aldığı pensiyanın məbləği qədər müəyyən edilmişdir, yəni iddiaçının pensiyasında artım olmamışdır.

20. Cavabdehin etirazından göründüyü kimi cavabdeh qeyd edilən halı “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə və habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarının təsviri əsaslandırıcı hissəsinə istinad etməklə iddiaçının pensiyasının sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasının əlavəsinin məbləğinin azaldılması ilə əsaslandırmışdır

21. Göründüyü kimi cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsi əmək pensiyalarının müvafiq icra hakimiyyətinin qərarına əsasən əmək pensiyasının istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi məsələlərini tənzimləyir, indeksləşdirmə haqqında Qanunun 29.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş qərar isə həmin “Əmək pensiyaları haqqında” Qanunun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə Azərbaycan Respublikasının Prezidentinin qərarı əsasında aparılır.

22. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Resrublikasının Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.

23. İddiaçının istinad etdiyi, 6 il və daha çox işləyən əmək pensiyaçının topladığı pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsi isə əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən indeksləşdirilməsini deyil, fərdi hesabdakı sığorta kapitalına görə pensiyanın yenidən hesablanmasını nəzərdə tuturdu ki, hal-hazırda qüvvədə olan redaksiyada bunun artıq pensiyaçının müraciəti əsasında da deyil cavabdeh tərəfindən avtomatlaşdırılmış şəkildə (yəni heç bir halda müvafiq icra hakimiyyətinin qərarı olmadan) aparılması nəzərdə tutulur.

24. Bundan başqa məhkəmə onu da qeyd edir ki, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2 fervral 2022-ci il tarixli qərarında təsviri-əsaslandırıcı hissədə həqiqətən də “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır” ifadəsi mövcuddur.

25. Lakin eyni ilə həmin ifadə ilə yanaşı Konstitusiya Məhkəməsinin həmin qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir: “Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir.Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.”

26. Göründüyü kimi cavabdehin etirazında istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstituiya Məhkəməsinin Plenumuun 2 fervral 2022-ci il tarixli qərarında xüsusi qeyd edilmişdir ki, pensiyaya çıxdıqdan əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanması imperativ qaydadır.

27. Belə olan halda iddiaçının müraciətinə baxılan və əmək pensiyası hesablanan zaman cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun “Əmək pensiyalarının indeksləşdirilməsi” haqqında normaları tətbiq edilməməli olduğu halda tətbiq edilmiş, bu da cavabdeh tərəfindən iddiaçı barədə əlverişsiz qanunsuz inzibati akt qəbul edilməsilə nəticələnmişdir.

28. Məhkəmə onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli qanun ilə cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir.

29. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri

30. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

32. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

33. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

34. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

35. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022ci il tarixli, **********8 nömrəli qərarı ləğv edilməli, iddiaçıya pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında bugünədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

36. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

38. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 33, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddiа tələbi təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarı ləğv edilsin, İddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında bugünədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar