Məhkəmə qərarları › İş №2-1(112)-11661/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11661/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11661/2023 13.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində aparılmış qeydə düzəliş edilərək dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində aparılmış qeydə düzəliş edilərək dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın sövlət reyestrindən” Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi ev 32 mənzil 2B ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur. Həmin çıxarışda mənzilin ümumi sahəsi 29.90 kv.metr qeyd edilmişdir. İddiaçı 1.06.2023-cü il tarixli ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək ona məxsus daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda düzəliş edilərək, mənzilin fərdi yaşayış evi kimi, torpaq sahəsinin isə 0,970 ha (970 kv.m) ölçüdə dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “...sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər idarəyə təqdim edilməmişdir...” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, ev 32/2B saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) torpaq sahəsi hissəsində müvafiq düzəliş edilərək, həmin mənzilin fərdi yaşayış evi kimi, torpaq sahəsinin isə 0,20 ha (2000 kv.metr) ölçüdə dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil faktiki olaraq ümumi sahəsi 29.90 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Həmin torpaq sahəsi daş hasarın içində yerləşən və uzun illərdir onun və ailəsinin istifadəsindədir. Qeydiyyat aparılarkən tikinti altı və həyətyanı sahədən ibarət 0.20 ha torpaq sahəsi qeydiyyatdan kənar qalmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayon Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, 32/2B saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021) mənzil söküldüyü üçün qeydiyyatın ləğv edilməsi, torpaq sahəsi hissəsində müvafiq düzəliş edilərək torpaq sahəsinin 1870 kv.metr kimi qeyd edilməklə qeydiyyatın aparılması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dəqiqləşmə onunla asaslandırılmışdır ki, cavabdehin məhkəməyə təqdim etdiyi müayinə aktına əsasən torpaq sahəsi 1870 kv.metrdir, 2 otaqlı ev sökülmüşdür, əlavə olaraq iki fərdi yaşayış evi inşa edilərək ərizəçi tərəfindən istifadə edilməkdədir. ünvan 2 ünvanında yerləşən əmlak onun mülkiyyətindədir. Bu barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mənzil faktiki olaraq ümumi sahəsi 29.90 kv.m olan fərdi yaşayış evindən ibarət olmuş həmin evə əlavə tikililər birləşdirilmiş və əlavə olaraq həyət tikililəri və iki fərdi yaşayış evi inşa edilmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi, “Bakı şəhəri, Xəzər rayon Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, 32/2B saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakı dövlət reyestrində aparılmış qeydiyyatda (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) mənzil söküldüyü üçün qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissədə mümkün sayılmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə göstərilən daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, qeydiyyatdan keçmiş mənzil sökülmüş və torpaq sahəsində 2 ədəd 2 mərtəbəli yaşayış evi və həyət tikililəri inşa olunmuşdur. Bundan əlavə, göstərilən torpaq sahəsinin faktiki sahəsi 1868 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçı inzibati orqana müraciət edərkən torpağın sahəsini 970 kv.metr göstərmiş, iddia tələbində isə 1870 kv.metr kimi tələb irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, bu hal sahə fərqi olmaqla cavabdehin imtinasına uyğun olduğundan bu qaydada tələbi irəli sürməsi mümükünlük şərtlərinə təsir etmir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətində olmuşdur. Həmin mənzil sökülmüş, yerində iki ədəd iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. İddiaçının hazırkı tələbi qaldırmaqda hüquqi marağı, daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi hissəsində müvafiq düzəliş edilərək torpaq sahəsinin 1870 kv.metr kimi qeyd edilməklə qeydiyyatın aparılması və bu barədə reyestrdən çıxarışın verilməsidir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. Həmin sənədlər aşağıdakılardır.: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Lakin iddiaçı iddia etdiyi 1870 kv.metr torpaq sahəsinə dair normalarda göstərilən hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş sənədlərlə bağlı digər bir normativ sənəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısıdır ki, iddiaçı həmin Siyahıda sadalanan sənədlərdən hər hansı birini də təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq sahiblik və istifadə etdiyini iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Torpaq sahəsinə faktiki sahiblik isə, mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. İddiaçının mübahisəli ünvanda yerləşən daşınmaz əmlak olan mənzilə mülkiyyət hüququ olmuş, həmin mənzil isə sökülmüşdür. Həmin mənzillə bağlı dövlət reyestrində aparılmış qeyddə və verilmiş çıxarışda torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair hər hansı qeyd olmamışdır. Məhkəmə həmin mənzilə dair bütün hüquqmüəyyənedici sənədləri cavabdehdən tələb etmişdir. Mənzilin arxiv qovluğunda Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Texniki Pasport müəyyən edilmişdir ki, həmin sənəd də torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun olaraq üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd kimi təsbit edilmişdir. İş materiallarında olan texniki pasport isə xx.xx.2005-ci il tarixlidir. Həmçinin həmin daşınmaz əmlak bir neçə dəfə özgəninkiləşdirilmiş və özgəninkiləşdirilən zaman yalnız 29.9 kv.m mənzil alqı-satqının predmeti olmuşdur. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “dövlət reyestrində aparılmış qeydə düzəliş edilərək dövlət reyestrində qeydiyyatın aparılması və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar