Məhkəmə qərarları › İş №2-1(112)-11662/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11662/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11662/2022 20.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “iddiaçıya 01.10..2021-ci il tarixindən 2022-ci ilin mart ayınadək verilməyən 930 manat məbləğində müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldıraraq “ona 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək verilməyən 930 manat məbləğində müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən İİ dərəcə əlilliyə görə sosial müavinət alır. xx.xx.2016-ci il tarixdə həmin əlillik dərəcəsi təsdiqlənmiş və növbəti beş il üçün müavinət təyin edilmişdir. Qeyd edilən müddət bitdikdən sonra xx.xx.2021-ci il tarixdə, elektron sistem vasitəsilə növbəti müayinədən keçməsi barədə bildiriş daxil olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində tibbi müayinəni keçib və tibbi rəy həmin mərkəz tərəfindən Bakı 11 nömrəli şəhər poliklinikasına göndərilmişdir. Qeyd edilən rəy kifayət etmədiyi üçün iddiaçı yenə Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş və üç dəfə müvafiq müayinədən keçmişdir. xx.xx.2021 və xx.xx.2022-ci il tarixli müayinə vərəqələri ərizəyə əlavə edilmişdir. Bu vərəqələr 11 nömrəli şəhər poliklinika tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilməli idi, lakin o bunu etməmiş, bu səbəbdən iddiaçının müayinəsi 6 ay uzanmışdır.İddiaçı İİ dərəcə əlilliyə görə müavinət (130 manat) axırıncı dəfə 2021-ci ilin sentyabr ayı üçün almışdır. Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçının İİ dərəcə əlilliyi növbəti səfər təsdiq edilmişdir. İddiaçı hal-hazırda 180 manat məbləğində müavinət alır. Lakin 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək iddiaçıya müavinət ödənilməmişdir.İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək qeyd olunan dövr üçün İİ dərəcəli əlilliyə görə ödənilməli olan müavinətin ödənilməsini xahiş etmişdir. Lakin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının onun müraciətinə 08 iyul .2022-ci il tarixli cavabında “əlilliyin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün iddiaçının müraciətində qaldırılan məsələnin həllini mümkün hesab etməmiş və qərarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmənin sərəncamına əsasən təqdim etdiyi etirazında cavabdeh göstərmişdir ki, iddiaçıya xx.xx.2007-cı il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və iddiaçının əlilliyə görə müavinət xx.xx.2021-ci il tarixdən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. İddiaçı 28 mart 2022-ci il tarixdə həkim komissiyasından keçdiyi və 12 aprel 2022-ci il tarixdə müsbət rəy aldığı üçün ona 12 aprel 2022-ci il tarixdə yenidən müavinət təyinatı aparılmışdır. İddiaçı həmin tarixdən qabaq iki dəfə X3 adına Milli Oftolmologiya Mərkəzində tibbi müayinədən keçmiş, lakin hər iki müayinə nəticəsində rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuş, həmçinin diaqnozu təsdiqləyən müayinələr tam aparılmamışdır. İddiaçının sağlamlıq imkanlarının məhdudluğu 11 nömrəli şəhər poliklinikasının göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və arxa qütbün və ləkənin degenerasiyası,OU-Periferik xoriorentinal distrofiya diaqnozu ilə sağlamlıq imkanlarının məhdudluğunun təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçının bundan əvvəl iki dəfə tibbi sosial ekspert müayinəsinə göndərişləri natamam doldurulduğu üçün tibb müəssisəsinə geri qaytarılmış, sonuncu göndəriş isə tam doldurulduğundan və diaqnoz sağlamlıq imkanlarının təyininə əsas verdiyindən təyinat aparılmışdır.Ona görə də hazırda mübahisə predmeti mövcud olmadığından işə xitam verilməlidir. Bu qəbildən olan işlərin məhkəmə icraatına qəbul edilməsi mümkünsüz sayılmalı və vətəndaşa aidiyyəti üzrə tibb müəssisəsinə müraciət etməli olduğu izah edilməlidir. Çünki inzibati məhkəmələr inzibati orqanın şəxsin hüquqlarını pozan və ya hüquqdan məhrum edən inzibati aktından verilən şikayətlərə baxırlar. Göndərişin natamam doldurulma səbəbindən tibb müəssisəsinə qaytarılması isə inzibati akt deyil, mövcud qanuni prosedurun bir pilləsidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı sübut qismində cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********0 nömrəli sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında məktubu, 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə xx.xx.2016-cı il tarixli məlumatı, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 09 sentyabr 2021-ci il tarixli tibbi rəyi,TSEK-ə göndərişə əsas verən müayinə vərəqələrini məhkəməyə təqdim etmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.3. əlilliyə görə müavinət. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə müavinət-əlillik müddətinə. Həmin Qanunun 9.1-2-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarına əsasən, xx.xx.1983-ci il təvəllüdlü İddiaçı xx.xx.2007-ci ildən uşaqlıqdan “ümumi görməyə görə İİ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və əlillyin müddətinin bitməsi ilə əlaqədar olaraq müavinətin ödənilməsi xx.xx.2021- ildə dayandırılmış, X1 Sisteminin Əlillik altsisteminə əsasən xx.xx.2022-ci ildən xx.xx.2027-ci il tarixinədək İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2022-ci ildən xx.xx.2027-ci il tarixinədək 180 manat aylıq sosial müavinət təyin edilmişdir və ödənilmişdir. 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək iddiaçının əlilliyi ilə bağlı məlumat qeyd olunmadığından cavabdeh müvafiq aylıq müavinəti ödəməkdən imtina etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixindən qüvvəyə minmiş 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3.3-1-ci maddə əlavə edilmişdir: “Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” Cavabdeh 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək olan müddət üçün iddiaçıya müavinət ödəməkdən imtinasını iddiaçının əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin etirazının əsasları ilə razılaşmır. Məhkəmə hesab edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsində göstərilmiş hal iddiaçıya münasibətdə şamil edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının əlilliyi müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2022 –ci ilin aprel ayında əvvəlki (uşaqlıqdan müəyyən edilmiş) diaqnoz əsasında İİ dərəcə əlillik təkrar müəyyən edilmişdir. Göründüyü kimi əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Belə olan halda, iddiaçının ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı müavinət iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, iddiaçıya ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən 2022-ci ilin mart ayınadək olan dövr üçün müavinətin(930 manat) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ikinci dərəcəli əlilliyə görə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək verilməyən (930 manat məbləğində) müavinətin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar