Məhkəmə qərarları › İş №2-1(112)-11663/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11663/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11663/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 14/15-ci məhəllə, 9 saylı evin 77 saylı mənzilinə onun adına kirayə müqaviləsi bağlanılmasına sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 14/15-ci məhəllə, 9 saylı evin 77 saylı mənzilinə işlədiyi Bakı Baştikinti Mənzil Kommunal İdarəsinin orderi əsasında köçməklə, 1987-ci ildən qeydiyyata alınmış və faktiki olaraq ailə üzvləri ilə orada yaşayır. Hazırda da o həmin mənzildə faktiki olaraq yaşayır və bütün kommunal xidmətlərə görə haqları ödəməklə yanaşı mənzildən istifadə və sahiblik hüquqlarını həyata keçirir. Başqa yaşayış yeri yoxdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflələ məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəf təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının məcburetmə haqqında hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddianın əsaslığına gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan xx.xx.1988-ci il tarixli, 499 nömrəli orderdən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 otağı (255) İddiaçı istifadəsinə vermişdir. Orderdə iddiaçının, onun arvadı X9 və X6 adı qeyd edilmişdir. xx.xx.1991-ci il tarixli, 319 nömrəli orderdən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 otağı (251, 252, 253 və 254) iddiaçı X1 istifadəsinə vermişdir. Orderdə iddiaçının, onun arvadı X9, uşaqları X10, X7 və X2 adı qeyd edilmişdir. Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyininin 103 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 397 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Əsgərov X5 qəsəbəsi, 14/15 məhəllədəki 9 nömrəli, 9 mərtəbəli evin 3-cü mərtəbəsində 75.55 kv.m sahəsi olan 5 otaqlı 77 nömrəli mənzildə yaşayır. Ailəsi 5 nəfərdən ibarətdir. İddiaçı Əsgərəli oğlu, X9, X10 1988-ci ildən, X7 1989-cu ildən və X8 1991-ci ildən həmin ünvanda qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 254 saylı Sərəncamı ilə əvvəllər Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin mənzil-kommunal idarəsinə məxsus olmuş, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən ailəvi yataqxana binası balansa qəbul edilmişdir. Qeyd edilən binanın 77 saylı mənzili xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növünə aid deyildir və həmin mənzildə 1988-ci ildən qeydiyyatda olmaqla 5 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və 2 qızı) İddiaçı Əsgərali oğlu yaşayır. Hal-hazırda qeyd edilən bina və orada yerləşən 77 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla Suraxanı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İş materiallarında olan İddiaçı, X6, X3, X2 və X4 ərizələrindən görünür ki, onlar qeydiyyatda olduğu ünvan 4 ünvanında yerləşən mənzilin İddiaçı adına Sərəncam verilməsini xahiş etmişlər. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, dövlət mənzil fondu evlərində yaşayış sahəsinin kirayə müqaviləsi, yaşayış sahəsi orderi əsasında bağlanır. Suraxanı rayonu, Hövsan qəsəbəsi, 14/15-ci məhəllə, 9 saylı evin 77 saylı mənzilin istifadəsinə verilməsi barədə hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən onun xahişini təmin etmək mümkün olmamışdır. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirir. Məhkəmə bu imtinanı qanuna uyğun saymır və qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinə (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009cu il tarixədək qüvvədə olan) əsasən: - Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. - Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. - Maddə 91. Yaşayış sahəsinin yerləşdiyi ev dövlət ehtiyacları və ya içtimai ehtiyaclar üçün torpaq sahəsinin alınması ilə əlaqədar sökülməli, habelə ev (yaşayış sahəsi) yenidən qurulub qeyri-yaşayış evinə çevrilməli olduqda, həmin evdən (yaşayış sahəsindən) çıxarılan vətəndaşlara başqa abad yaşayış sahəsi torpaq sahəsinin ayrıldığı və ya yenidən qurulmalı olan evin (yaşayış sahəsinin) verildiyi dövlət, kooperativ təşkilatı və ya digər ictimai təşkilat tərəfindən verilir. Eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən: - Maddə 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. - Maddə 101.2 Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. - Maddə 85. Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. İstinad olunan normalardan görünür ki, yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə verilir. Bunun üçün müəssisə, idarə, təşkilat müdiriyyəti, həmkarlar ittifaqı komitəsi və komsomol komitəsi birgə qərar qəbul edir, daha sonra həmin qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İşdən görünür ki, iddiaçı ona mübahisəli yataqxana binasında otaq ayrılması barədə 499 və 319 saylı orderləri təqdim etmiş, lakin cavabdeh 77 saylı mənzilin iddiaçıya verilməsi barədə hüquqmüəyyənedici sənəd təqdim edilmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh bu zaman həmin orderlərlə iddiaçıya ayrılmış otaqların 77 saylı mənzili təşkil etdiyini nəzərə almamışdır. Belə ki, Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyininin 103 sayl Mənzil- Kommunal İstismar Sahəsinin 1484 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əsgərov X5 qəsəbəsi, 14/15 məhəllədəki 9 saylı evin 77 nömrəli mənzilində yaşayır. Yataqxana 22, məhəllə 14/15, ev 9, mənzil 77 eyni ünvandır. Göründüyü kimi, xx.xx.1988-ci il tarixli 499 saylı orderlə ayrılmış 255 saylı və xx.xx.1991-ci il tarixli 319 saylı orderlə ayrılmış 251, 252, 253 və 254 saylı otaqlar hazırda iddiaçının istifadəsində olan 77 saylı mənzili təşkil edir. Qüvvədə olan Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına istinad olunan maddi hüquq normalarını tətbiq edərək, qeyd edir ki, mübahisəli mənzil iddiaçıya işlədiyi idarə tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə verilmiş, 1988-ci ildən etibarən həmin mənzildə yaşamış və həmin mənzilə sahiblik etmişdir. Belə olan halda aydındır ki, 30 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair icarədar ilə eyni hüquq və vəzifələrə malik olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, 77 saylı mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. ünvan 5 ünvanında yerləşən 77 nömrəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar