Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1167/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 433 saylı sərancamı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış (1200 kv.m) 30 saylı torpaq sahəsinin X3 məxsus olmasını təsdiqləyən arayışın (çıxarışın) verilməsi öhədliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X5 fərdi yaşayış evi tikmək üçün ərizə ilə Bakı Şəhəri Əzizbəyov Rayon İH-nin Zirə qəsəbəsindəki nümayəndəliyinə ərizə ilə müraciət etmiş, Bakı Şəhəri Əzizbəyov Rayon İH-nin Zirə qəsəbəsindəki nümayəndəliyi isə həmin məsələ ilə əlaqədar Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin qeyd edilənləri nəzərə alaraq, özünün xx.xx.1997-ci il tarixli, 433 saylı sərancamına əsasən Bakı Şəhəri Əzizbəyov Rayon İH-nin Zirə qəsəbəsindəki nümayəndəsinin xx.xx.1997-ci il tarixli, 37 saylı Sərancamına baxılmış və Bakı şəhər XDS İcraiyyə Komitəsinin 13/713 N-li, xx.xx.1989-cu il tarixli qərarını rəhbər tutaraq, Zirə qəsəbəsi, C.M.Quluzadə küçəsi, döngə 8, ev 2-də yaşayan, heç bir yerdə işləməyən, ailə tərkibi 2 (iki) nəfərdən ibarət olan X3 Zirə qəsəbəsində fərdi ev tikmək üçün 30 saylı sahədə 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Mərhum anası X5 xx.xx.2009-cu ildə vəfat etmişdir. Bundan sonra iddiaçı ərizə ilə Bakı şəhəri 33 saylı dövlət notariat ofisinə ərizə ilə müraciət edərək, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Zirə qəsəbəsi, 30 saylı sahədə 1200 kv.m olan torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 33 saylı dövlət notariat ofisi ərizəni qəbul etmiş və onu vərəsə kimi tanımışdır. Hazırda ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 30 saylı torpaq sahəsi üzərində hüquqların mərhum X3 məxsus olması barədə arayışın verilməsi xahiş olunsa da, cavabdeh inzibati orqan müraciətinə cavab olaraq xx.xx.2024cü il tarixli, 3-21-3-30/2- 9249/2024 saylı məktubla bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 30 saylı torpaq sahəsi üzərində hüquqların mərhum X3 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024- cü il tarixli ərizənizə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə Zirə tərəvəzçilik-südçülük sovxozunu Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Şiyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməlidir. Hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 30 saylı torpaq sahəsi üzərində hüquqların mərhum X3 məxsus olması barədə arayışın verilməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Zirə Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, idarəçiliyə qaytarılma Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” 13 iyun 2008-ci il tarixli 2866 saylı Sərəncamı əsasında həyata keçirilmiş, həmin sərəncam qüvvəyə minənədək Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının torpaq sahəsi ayırma səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 33 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 2 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Bak şəhəri, Zirə qəsəbəsi, 30 saylı sahədə 1200 kv.m., olan torpaq sahəsinə dair vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1157/2024 nömrəli məktubu ilə göndərilmiş keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər rayon İH) arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 433 saylı sərəncamına əsasən Zirə qəsəbəsi, C.M.Quluzadə küçəsi, döngə 8, ev 2də yaşayan 2 nəfərdən ibarət olan vətəndaş X3 Zirə qəsəbəsində fərdi ev tikmək üçün 30 saylı sahədə 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********10 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki 1200 kv.m-dir. Torpaq sahəsi m/daş hasar daxilindədir. Bir tərəf yol, üç tərəf qonşudur. Sahədə 1 mərtəbəli yaşayış evi var. Qapı və darvaza mövcuddur. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-12/2-2755/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, Xəzər Rayon İcra Hakimiyyətində mövcud olan, Əzizbəyov (indiki Xəzər) RİHB-nin 433 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Zirə qəsəbəsində mərhum X3 ayrılmış 30 saylı, 1200 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsinə əsas olmuş sənədlərin surəti sizə təqdim edilir. Həmin məktubla göndərilmiş Əzizbəyov (indiki Xəzər) RİHB-nin 433 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Zirə qəsəbəsində mərhum X3 ayrılmış 30 saylı torpaq sahəsinin yerləşmə sxemində torpaq sahəsinin koordinatları (X 440411.11 Y 4470246.37) və ölçüsü (1200 kv.m) göstərilmişdir. Sxem Xəzər Rayon İcra Hakimiyyəti Rayon Təsərrüfatı şöbəsinin memarı C.Ələkbərli və Xəzər RİHB-nın Zirə İƏD üzrə nümayənndəsi R.Hüseynov tərəfindən imzalanmış və Xəzər Rayon icra Hakimiyyəti Başçısının möhürü ilə təsdiqlənmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********31 nömrəli məktubu ilə göndərilmiş sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan torpaq sahəsinə X4 mülkiyyət hüququ xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. - keçmiş Əzizbəyov rayon İH-nin (indiki Xəzər rayon İH) xx.xx.1993-cü il tarixli, 629/622 saylı sərəncamına əsasən vətəndaş X6 Zirə qəsəbəsinin Şərq hissəsində fərdi ev tikmək üçün 10 saylı sahədə 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan 0.12 ha torpaq sahəsi X4 mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixində **********97 reyestr nömrəli ilə qeydiyyata alınmışdır. - Əzizbəyov rayon İH-nin (indiki Xəzər rayon İH) xx.xx.1997-ci il tarixli, 447 saylı sərəncamına əsasən vətəndaş İddiaçı Zirə qəsəbəsinin qərb hissəsində fərdi ev tikmək üçün 32 saylı sahədə 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat tarixli çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan 0.12 ha ölçüdə torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ xx.xx.2014-cü il tarixində **********80 reyestr nömrəli əmlak olaraq qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********49 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə Zirə tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2009-cu il tarixdə vəfat etmiş X2 vərəsəsi olmaqla Bakı şəhəri Xəzər rayon İHB tərəfindən xx.xx.1997-ci il tarixli, 433 nömrəli sərəncamına əsasən, Zirə qəsəbəsində fərdi ev tikmək üçün 30 saylı sahədə ayrılmış torpaq sahəsinə hüquqların qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsinin Zirə tərəvəzçilik-südçülük sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsi olduğu, bu əsasdan sovxoz torpağının ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin təqdilm edilmədiyini əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsasızlığını iddia edərək sözügedən torpaq sahəsinə hüquqların mərhum X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının 433 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə Zirə qəsəbəsində X3 fərdi yaşayış evinin tikintisi üçün 1200,0 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Sözügedən qərarla mərhum X3 ayrılmış torpaq sahəsinin naturada yerləşmə cizgisi hazırkı yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cizgi Xəzər Rayon İcra Hakimiyyəti Rayon Təsərrüfatı şöbəsinin memarı C.Ələkbərli və Xəzər RİHB-nın Zirə İƏD üzrə nümayənndəsi R.Hüseynov tərəfindən imzalanmış və Xəzər Rayon icra Hakimiyyəti Başçısının möhürü ilə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavabında torpaqayıran qurum olaraq Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti sözügedən ərazidə yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) hazırlanmasına əsas olmuş sənədlərin surətlərini məhkəməyə təqdim etməklə hazırda da həmin cizginin qüvvədə olduğunu bilavasitə təsdiq etmişdir. Cavabdeh özü də hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin Zirə tərəvəzçiliksüdçülük sovxozunun Bakı şəhər icra hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahəsi olduğunu imtina və etirazda bildirmişdir. Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti iddiaçıya məhz Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının 433 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin cizgisini tərtib etməklə həm adıçəkilən sərəncamın hüquqi qüvvəsini, həm də ayrılmış torpaq sahəsinin naturada sovxoz torpağı deyil, məhz yerli icra hakimiyyətinin idarəçiliyində olmuş torpaq sahəsi olduğunu qəbul etmişdir. Cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək torpaq sahəsinin faktiki ölçüləri, yerləşmə koordinatları müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin yaxınlığında ən yaxın məsafədə qeydiyyatdan keçmiş torpaq sahələrinə dair reyestr məlumatlarından məlum olur ki, Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti başçısının sərəncamları əsasında ayrılmış torpaq sahələrinə dair ayrı-ayrı fiziki şəxslərin xüsusi müliyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi iddiaçı ilə qonşu olan torpaq sahəsi də yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış, həmin torpaq sahəsinin də yerləşmə cizgisi yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cavabdeh orqan həmin qonşu torpaq sahəsinin sovxoz ərazisinə aid olması ilə bağlı dəlil irəli sürmədən təqidm olunan yerli icra hakimiyyətinin sənədlərinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (sərəncam və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötəbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı Şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 433 saylı Sərancamı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində X3 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış (1200 kv.m) 30 saylı torpaq sahəsinin mərhum X3 məxsus olmasını təsdiqləyən arayışın İddiaçı verilməsi vəzifəsi cavabdehə həvalə ediıməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 433 saylı sərancamı ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m ölçüdə 30 saylı torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1167/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1167/2025
14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver