Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11675/2022 04.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsi üzərində mülkiyyət hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 30 nömrəli 10 dekabr 1998-ci il tarixli protokuluna əsasən Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində 16-cı Cənub küçəsində yerləşən, 500 kv.m sahəsi olan 311 nömrəli bağ sahəsi İddiaçı ayrılmış və sərhədləri yerində müəyyən edilərək ona təhvil verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. Sonradan iddiaçının istifadəsində olan sözügedən bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı onun müraciətinə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********61 saylı 27 noyabr 2019-cu il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adım aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir və yaxınlıqdan keçən qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sözügedən bağ sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, həmin torpaq sahəsi 1998-ci ildən onun daimi istifadəsindədir və bu günədək hər hansı bir şəxsin onun daimi istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir iddiası olmamışdır. Bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar olunmaması isə, onun təqdim etdiyi sənədlər əsasında torpaq sahələrinin adına qeydiyyata alınmasından cavabdeh tərəfindən imtinaya əsas vermir. Bağ sahələrinin bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi də mümkün deyil. Belə ki, torpaq sahəsi ona ayrılarkən yerində, mövcud sxemə uyğun olaraq təhvil verilmişdir və yaxınlıqdan da, heç bir qaz xətti keçmir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə, Torpaq Məcələsinin 84-cü maddəsinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, «Vətəndaşların qanuni istifadəsin dəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə, «İnzibati icraat haqqında» Qanunun 23.1-ci maddəsinə, İPMin 2, 33, 35, 73-cü maddəsinə, «Dövlət rüsumu haqqında» Qanunun 9.1.12-ci maddəsinə əsaslanaraq, məhkəmədən “Avtomobilçi” bağçılıq bostançılıq cəmiyyətinin idarə heyyətinin yığıncağının 30 nömrəli 10 dekabr 1998-ci il tarixli protokuluna əsasən iddiaçının ona ayrılmış Xəzər rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 16-cı Cənub küçəsində yerləşən, 500 kv.m sahəsi olan 311 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 20 oktyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı 4 noyabr 2019-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. Həmçinin bağ sahəsi bağçılıqyoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə 307 saylı bağın ərazisidir. Bundan əlavə, sözügedən bağ sahəsinə digər fiziki şəxsin (H.N.Quliyev) müraciəti olmuşdur. Bağ sahəsi tamamilə yaxınlıqdan keçən mərkəzi qaz xəttinin (325 mm-lik) mühafizə zonasında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 27 noyabr 2019-cu il tarixli **********61 saylı cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7, 11.1, 23-cü maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə, AR Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın 2.7, 2.11-ci bəndlərinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı “Avtomobilçi” bağçılıqbostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 30 nömrəli 10 dekabr 1998-ci il tarixli protokuluna əsasən Pirallahı rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində 16cı Cənub küçəsində yerləşən, 500 kv.m sahəsi olan 311 nömrəli bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır, bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemi ilə uyğunsuzluq təşkil edir (göstərilən sahə 307 saylı bağın ərazisidir), bağ sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur, bağ sahəsi tamamilə yaxınlıqdan keçən mərkəzi qaz xəttinin (325 mm-lik) mühafizə zonasında yerləşir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və sözügedən bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Pirallahı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin 3.0.25-ci bəndinə görə ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Əsasnamənin 5.1-ci bəndinə görə Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: - (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.20-ci bəndinə görə isə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək də daxildir. İnzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Pirallahı rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Pirallahı rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasındadır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur (maddə 64.4). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin İddiaçı Dübəndi qəsəbəsi, 16-cı Cənub küçəsində yerləşən 500 kv.m sahəsi olan 311 nömrəli bağ sahəsinin ayrılması barədə 30 nömrəli 20 dekabr 1998-ci il tarixli qərar – protokoldan çıxarışı və üzvlük biletinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən qərar (protokoldan çıxarış) geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından sözügedən protokoldan çıxarış və üzvlük bileti mötəbər sübut kimi qiymətləndirilməlidir. Bundan başqa, ARDNŞ-nin (SOCAR) İddiaçı ünvanlanmış 18 avqust 2022-ci il tarixli məktubunda bildirilirmişdir ki, müəyyən olunmuşdur ki, UTM WGS 84 koordinat sistemində X 440147 Y 4473553, X 440165 Y 4473542, X 440178 Y 4473563, X 440161 Y ******* koordinatlarda olan 532 kv.m torpaq sahəsi SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Nəzərə alınmalıdır ki, cavabdehin imtinasında mübahisə obyekti olan bağ sahəsinin yaxınlıqdan keçən mərkəzi qaz xəttinin (325 mm-lik) mühafizə zonasında yerləşməsi bildirilsə də, cavabdeh tərəf buna dair heç bir tutarlı sübutu məhkəmə icraatında təqdim etməmişdir. Eləcə də qeyd olunmalıdır ki, İddiaçı “Avtomibilçi” bağçılıq cəmiyyəti tərəfindən Dünbəndi qəsəbəsi, 16-cı Cənub küçəsində ayrılmış 311 saylı bağ sahəsi ərazidəki 325 mm-lik qaz xəttinin mühafizə zonasında yerləşsə də, mövcud qanunvericilik normalarının, daha dəqiq desək «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7 və 15-ci maddələrinin tələbləri torpaq sahəsinin “qaz xəttinin mühafizə zonasında yerləşməsi”ni ona hüququn qeydiyyata alınmasından imtina üçün əsas kimi müəyyən etmir. Yalnız həmin Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan hüquqmüəyyənedici (Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda sadalanan) sənədlər torpaq sahəsinin müvafiq mühafizə zonalarına düşdüyü hallarda qeydiyyata alınma üçün əsas kimi çıxış edə bilməz. Halbuki, iddiaçının təqdim etdiyi sənəd bağ sahəsinə dair “Avtomobilçi” bağçılıq yoldaşlığı tərəfindən verilmiş üzvlük bileti və protokoldan çıxarışdır. Cavabdeh tərəfin imtinasındakı digər dəlillərə gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçının adının “Daşınmaz Əmakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan “üzvlərin siyahısı”nda aşkar olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil. Bu hal və bağ sahəsi ilə bağlı başqa şəxsin müraciətinin daxil olması bağ sahəsinə hüququn qeydiyyatından imtina üçün əsas deyil. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsinin imtinasında göstərilən digər dəlilə münasibətdə məhkəmənin qənaəti belədir ki, iddiaçıya məxsus bağ sahəsinin bağların bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3-cü bəndinə (3.1.20) görə birbaşa cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərindədir. Bütün bunların məcmusunda “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin yığıncağının 30 nömrəli 10 dekabr 1998-ci il tarixli protokulu və üzvlük bileti Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 16-cı Cənub küçəsində yerləşən 311 saylı 0.05 ha torpaq sahəsi olan bağ sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən akt kimi qiymətləndirilir və belə nəticə əldə olunur ki, iddiaçı həmin torpaq sahəsinin qanuni istifadəçisi kimi ona «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Odur ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, 16-cı Cənub küçəsində yerləşən 0,05 sahəsi olan 311 saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 17-ci maddələrinin tələblərinə ziddir və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona ayrılmış Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 16-cı Cənub küçəsində yerləşən, 500 kv.m sahəsi olan 311 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ona ayrılmış Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsi, “Avtomobilçi” bağ massivində, 16-cı Cənub küçəsində yerləşən, 500 kv.m sahəsi olan 311 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-11675/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11675/2022
04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver