Məhkəmə qərarları › İş №2-1(112)-11679/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11679/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11679/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbi ilə əlaqədar cavabdehin imtinasının əsassız sayılması və güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığı dövrdən hesablama aparılmaqla ona, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, cavabdehə rəsmi sənədləri ilə müraciət edərək, xx xxx 1962-cı il təvəllüdlü olduğunu və 14 may 2022-ci il tarixdən yaranmış pensiya hüququ nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Qanunvericiliyin tələblərinə əsasən onun 14 may 2022-ci il tarixdə güzəştli şrtlərlə pensiya alımaq hüququ yaranmışdır. Lakin cavabdeh tərəfindən onun güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olduğu əsas gətirilməklə müraciətindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş cavab məktubunda müvafiq qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli iş stajı 07 il 08 ay 19 gün olduğundan (12 il 06 aydan az) mümkün olmadığı bildirilmişdir. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 8 ay 19 gün (xx.xx.2011-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 iyul 2022-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır.Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 8 ay 19 gün (xx.xx.2011-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli HR-2022/BOS/GHA/R- 00/103 saylı güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də xx.xx.2011ci il tarixdən xx.xx.2018-ci il tarixədək Quraşdırıcı (Metalkonstruksiyaların quraşdırılması üzrə) peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir (xx.xx.2018 tarixli, 1022/18 ir saylı Əmr). Nəzərinizə çatdırırıq ki, BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 6 il 9 ay 19 gün təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AS05/22-028 saylı işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, 1962-ci il təvəllüdlü X5 həqiqətən "xxxx" MMC X1 xx.xx.2021-ci ildə tarixindən (Əmr № 037, xx.xx.2021) xx.xx.2022-ci il (Əmr № X/005, xx.xx.2022-ci il) tarixinədək “Quraşdırıcı” peşəsində işləyib. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmiş “polad və dəmir-beton konstruksiyalarının quraşdırlması üzrə quraşdırıcılar” bəndinə əsasən X3 "xxxx" MMC-də güzəştli əmək şəraitində iş müddəti 0 il, 8 ay, 2 gün təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 308 saylı güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Quraşdırıcı (Metalkonstruksiyaların quraşdırılması üzrə) peşəsində işləmiş, Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir (xx.xx.2020 tarixli, 42 saylı Əmr). "xxxx" MMC xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası Bakı şəhəri Vergilər Departamentinin Komersiya X6 Qeydiyyatı İdarəsi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü metal konstruksiya və texnikaların üst qurğularının quraşdırılması (su və ya yanacaq çənləri, özü boşaldan və s.) işlərinin icrası təşkil edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı İmprotex İndustries MMC-də güzəştli əmək şəraitində iş müddəti 0 il 4 ay 3 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “McDermott X7” (MCCİ) şirkəti SOCAR-ın strukturuna daxil olan müəssisə deyil. Bu səbəbdən aşağıdakılardan başqa məlumatların verilməsi imkanımız xaricindədir. “McDermott X7” şirkəti X10 Sazişləri çərçivəsində öz fəaliyyətini 90-cı illərin əvvəlində başlayıb və son 2010-2014-cü illərdə icra etdiyi layihə Qərbi Çıraq olub. Bu layihə çərçivəsində MCCİ şirkəti Azəri-Çıraq-Günəşli yatağının infrastrukturunda olan boşluqların aradan qaldırılması və neft əmsalının artırılması, hasilat tempinin azalmasının qarşısının alınması işlərini yerinə yetirmişdir. 2014-cü ildə Qərbi Çıraq layihəsi tamamlanıb və 2020ci ildən etibarən “McDermott X7” şirkətinin Nümayəndəliyi fəaliyyətini 10 il müddətində dayandırıb. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə 3-cü dərəcəli dülgər-betonçu kimi qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1983-cü ildə Azərbaycan SSR Tikinti Sənayə Nazirliyinin 7 saylı trestin 72 saylı Tikinti idarəsində MMMT-dən 2 saylı məntəqəyə köçürülərək 3-cü dərəcəli dülgər-betonçu kimi işə qəbul edilmiş, xx.xx.1984-cü ildə betonçu vəzifəsinin 4-cü dərəcəsini mənimsəmişdir, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Bakı zavodu SQO-da 4-cü dərəcəli dülgər kimi RTU köçürülmüşdür, xx.xx.1988-ci ildə dülgərin beşinci dərəcəsini mənimsəmişdir, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə BHAZ TMİ “Şelfprouektoriya”dan tikinti qrupuna 5-ci dərəcəli dülgər kimi qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə Azərbaycan SSR MS 7 saylı trestinin 73 saylı Bölüşdürücü idarəsində dülgərin 5-ci dərəcəsini mənimsəmişdir, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə tikinti qrupuna beş dərəcəli dülgər kimi qəbul edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Azərbaycan SSR X12 Nazirliyi SMU-2 5-ci dərəcəli dülgər kimi təyin edilmiş, xx.xx.1993cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Şeyllayihətikinti Birliyinin İxtisaslaşdırılmış Tikinti İdarəsinə köçürmə yolu ilə 2 nömrəli sahəyə 5-ci dərəcəli dülgər qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Mənzil və Kommunal İdarəsi BHAZ TMİ “Şelfprouektoriya” tikinti qrupu üçün 5-ci kateqoriyalı suvaqçı tərəfindən nümunələr olmadıqda, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-ci ildə 4 №-li Tikinti-Quraşdırma İdarəsinə köçürmə yolu ilə 4-cü dərəcəli betonçu işinə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci ildə 2 saylı Tikinti Quraşdırma İdarəsində 1 nömrəli sahəyə 3-cü dərəcəli quraşdırıcı qəbul edilmiş, xx.xx.1999-cu ildə 4cü dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2000-ci ildə 5-ci dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2001-cdə 6-cı dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə MkDermott X8-da quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci ildə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmiş, xx.xx.2004-cü ildə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2007-ci ildə işdən azad edilmiş, xx.xx.2022-ci ildə "xxxx" MMC-nin Ələttikinti layihəsinə fəhlə peşəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci ildə işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu ildə "xxxx" MMC-yə su kəməri işçisi işinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmiş, xx.xx.2011-ci ildə "xxxx" MMC-yə quraşdırıcı peşəsinə qəbul edilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmiş, xx.xx.2019-cu ildə "xxxx" MMC-də quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmiş, xx.xx.2021-ci ildə "xxxx" MMC-də quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı hərbi xidmət müddəti də daxil olmaqla, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək 35 il 1 ay 23 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 60 yaşının tamam olduğu xx.xx.2022ci il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək MkDermott X8-da quraşdırıcı vəzifəsində, xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-yə quraşdırıcı vəzifəsində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" MMC-də quraşdırıcı vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləmişdir (cəmi 12 il 06 ay 11 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur – Bölmə 29 - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd a) fəhlələr: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 12 il 06 ay 11 gün). Beləliklə, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-cu il tarixədək 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 60 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar