Məhkəmə qərarları › İş №2-1(112)-1168/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1168/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1168/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinə qarşı “əmrin qismən ləğvi olunması, iddiaçının işə bərpa edilməsi və dəymiş zərərin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin xitam verilməsinə dair çıxarılmış xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmrin qismən (iddiaçıya aid olan hissədə)ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4000/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinə qarşı “əmrin ləğvi olunması, iddiaçının işə bərpa edilməsi və dəymiş zərərin ödənilməsi” nə dair iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1169/2019 saylı, xx xxx 2019-cu il tarixli qərardadı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4000/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə sonraki prosessual hərəkətlərin edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və X6 Nazirinin xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2015-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin Daxili Nəzarət Şöbəsinin funksional vəzifələrinin icrasına nəzarət sektorunun məsləhətçisi vəzifəsində çalışmışdır. İddiaçı hesab edir ki, yuxarıda qeyd olunan əmr tamamilə qanunsuz və əmək hüquqlarının kobud surətdə pozulması şəraitində çıxarıldığından iddiaçıya aid olan hissədə ləğv edilməli, iddiaçıya ödənilməli müavinət qanunamüvafiq qaydada ödənilməli və işə bərpa olunmalıdır. Belə ki, işəgötürən Azərbaycan Respublikası Əmək və X6 Nazirinin xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmri ilə iddiaçı tanış edilməmişdir. Əmək qanunvericiliyinə əsasən əmək müqaviləsinə xitam verildiyi zaman, işçi əmrlə tanış edilməlidir. Daha sonra qeyd olunmalıdır ki, iddiaçının işdən çıxarılmağı ilə bağlı xx.xx.2018-ci il tarixdə işəgötürən tərəfindən bildiriş təqdim olunmuş və bu bildirişlə razılaşmağı tövsiyyə olunmuşdur. Lakin, iddiaçı bunun qanunsuz olmasını bildirərək bildirişə etirazını bildirmişdir. İşəgötürən tərəfindən 9 həftə əvvəl xəbərdar edilməli olduğu halda, xx.xx.2018-ci il tarixdə, yəni əmrdən 2 gün əvvəl iddiaçı bu barədə xəbərdarlıq edilmişdir. Mübahisələndirilən əmrin verilməsinə əsas kimi Cavabdeh üzrə 2018-ci il 09 aprel tarixli, **********7 nömrəli əmr ilə təsdiq edilmiş Nazirliyinin Aparatının ştat cədvəlinə dəyişikliklər edilməsi haqqında Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli əmri və İddiaçı, yəni iddiaçının ərizəsi hesab olunmuşdur. Halbuki, iddiaçı ixtisar olunmağı xahiş edən və ya digər bu tipli heç bir ərizə yazılmamışdır. Belə ki, çıxarılan əmr mübahisələndirilən əmr əsası olmadan çıxarılmışdır. xx.xx.2018-ci il tarixdə AR Əmək və X6 Nazirinə teleqram ünvanlayaraq xx.xx.2018-ci il tarixində Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsahibəni uğurla keçməyi səbəbi lə müvafiq vəzifəyə təyin olunmağını xahiş etdikdən bir neçə gün sonra iddiaçını işdən azad etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin nümayəndəsi Elşad Əliyev Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin Əsasnaməsi”nin 5.5.5-ci yarımbəndinə əsasən müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin sayı həddi daxilində Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin işinin səmərəliliyinin artırılması məqsədilə Nazirliyinin Aparatının ştat cədvəlinə xx xxxxxx 2018-ci il tarixli əmri ilə müvafiq dəyişiklik aparılmışdır. Strukturda aparılmış dəyişikliklə əlaqədar xx xxxxxx 2018-ci il tarixli **********3 nömrəli əmr imzalanmışdır. Ştatların ixtisara düşməsi ilə əlaqədar xx xxxxxx 2015-ci il tarixdən Nazirliyin Aparatının Daxili nəzarət şöbəsinin Funksional vəzifələrin icrasına nəzarət sektorunda müddətli əmək müqaviləsi ilə çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajlarından asılı olaraq dörd təqdim həftəsi əvvəl xəbərdar edilməli və ya həmin xəbərdarlıq müddəti əvəzinə onun razılığı ilə orta aylıq əməkhaqqının 0,9 misli miqdarında əməkhaqqının bir dəfəyə ödənilməli idi. Nazirlik qarşısında qoyulmuş cari və perspektiv planları operativ həyata keçirmək zərurətindən ştatların ləğvi üçün xəbərdarlıq müddəti gözləmək mümkün olmadığından iddiaçıya xəbərdarlıq müddəti əvəzi ödənilməsi təklif edilmişdir. Lakin iddia ərizəsində göstərildiyi kimi iddiaçı buna qəti etiraz etdiyi üçün ona ödənişlər aparılmamışdır. Bundan başqa, adı çəkilən əmr bir neçə işçiyə aid olduğundan əsas hissəsində qeyd edilmiş “ərizələri” sözü digər işçilərə şamil edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixli ərizəsi ilə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin Aparatının Daxili nəzarət şöbəsinin Funksional vəzifələrinin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsinə müvəqqəti təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin xx xxxxxx 2015-ci il tarixli əmri ilə İddiaçı xx xxxxxx 2015-ci il tarixdən öz ərizəsində qeyd olunduğu kimi müvəqqəti olaraq Azərbaycan Respubliklikası Əmək və X6 Nazirliyinin Aparatının Daxili nəzarət şöbəsinin Funksional vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsinə qəbul edilmişdir. Müddətli əmək müqaviləsi əsasında işə qəbul edilmək üçün müraciət etmiş şəxslə daimi müqavilə bağlanıla bilməzdi. İddiaçı 2007-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində çalışmış, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 453 nömrəli Fərmanı ilə həmin komitə ləğv edildiyindən dövlət qulluğuna xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət X1 xx xxxxx 2015-ci il tarixli 017-Q nömrəli Qərarı ilə ehtiyat kadrlar siyahısına daxil edilmişdir. İddiaçı daimi dövlət qulluğuna qəbul edilməsi üçün xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinə ərizə ilə müraciət etmiş və ona xx xxxx 2018-ci il tarixdə **********9 nömrəli məktubla cavab verilmişdir. Cavab məktubunda iddiaçıya Dövlət İmtahan Mərkəzinə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı ehtiyat kadrlar siyahısından vəzifəyə təyin edilməsi üçün xx xxxxxx 2017-ci il tarixdə müraciət etmiş, lakin Dövlət İmtahan Mərkəzindən xx xxxxxx 2018-ci il tarixdə 04/08-22/01-40 nömrəli məktubla verilmiş cavabda onun ehtiyat kadr siyahısında olma müddətinin bitdiyi və iddiaçının daimi dövlət qulluğuna qəbulu yalnız “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqə və ya 29.3-cü maddəsinə uyğun olaraq ümumi müsahibə yolu ilə həyata keçirilə biləcəyi qeyd edilmişdir. İddiaçı işə daxil olarkən yazdığı ərizəsindən və tərəflərin imzaladıqları əmək müqaviləsindən göründüyü kimi onunla bağlanmış müqavilənin müvəqqəti xarakterli olduğu bilmiş, arzu etmiş, sərbəst iradə ifadəsi etmiş və ehtiyat kadr müddəti ərizində daimi dövlət qulluğuna qəbul olunması üçün müraciət etməmişdir. İddiaçı ilə xx xxxxxx 2015-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanıldığından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2-1(82)-2142/2018-ci il nömrəli qərarını əsas götürərək hazırki məhkəmə prosesində törəmə hüquq kimi istifadə edə bilməz. İddiaçı ərizəsində ümumi müsahibədən keçdiyini və nəticədə vəzifəyə təyin edilmədiyini göstərmişdir. Nazirlikdə dövlət qulluğuna qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci və 29-cu maddələrinə əsasən həyata keçirilir, müsahibə vasitəsi ilə inzibati vəzifənin tutulması həmin Qanunun 29-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2017-ci il tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydaları”na əsasən həyata keçirilməlidir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, onun vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdirlər ki, cavabdeh Azərbaycan Respublikasının Konstitusiyasının, Əmək Məcəlləsinin və Dövlət qullugu haqqında Qanunun müddəalarının kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçının əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin b)-bəndi ilə, xitam verilib. Halbuki, Məcəllənin 70-ci maddəsinin b)-də işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgöturən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Hazırki halda isə nə işçilərin sayı azaldılmış, nə də ştatlar ixtisar edilmişdir. Əmr “struktur dəyişikliyi” üçün nəzərdə tutulsa da qanunsuz olaraq sonradan bir sıra ştatların ixtisar edildiyi yazılır, bu struktur dəyişikliyi ştatların ixtisarı sayıla bilməz. Çünki əmrdə açıqca göstərilir ki struktur dəyişikliyi “ştatların sayı və əmək haqqı fondu daxilində” həyata keçirilir, dövlət qulluğu vəzifələrinin say tərkibini Cənab Prezident müəyyən edir. Mərkəzi icra hakimiyyəti orqanları dövlət qulluğu vəzifələrini ləğv etmək səlahiyyəti yoxdur, ancaq və ancaq ştatların yerini, yəni ki sektorunu və yaxud da şöbəsini dəyişmək səlahiyyəti var. Deməli, hər hansı bir ştatın ləgv edilməsindən söhbət gedə bilməz. Bundan savayi isə, ştatların sayı azalmayıb, sadəcə şöbədə 3-cü sektor yaradılıb və həmin bu ştatlarda həmin sektora verilmişdir. Qeyd edilənlərə əsasə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərilən tələblər əsassızdır və yalnız birinci hissəsi qismən mümkün sayıla bilər. İddiaçının iddia tələbinin ikinci hissəsi məcburetmə növündə iddia olsa da, iddiaçı bununla bağlı cavabdeh orqana müraciət etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə məcburetmə növündə iddia tələbinə baxılarkən imtina məktubunun olması zəruridir. Həmçinin, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı ştatı ixtisar olunarkən onun qüvvədə olan əmək müqaviləsi xx xxxxxx 2018-ci il tarixədək nəzərdə tutulduğundan iddia ərizəsində yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi hissəsində haqlı deyildir. Qeyd olunanlara əsasən, iddia tələbinin bir hissədə mümkün sayılmamasını, bir hissədə isə rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia tələbi ilə iddiaçı əmrin qismən ləğvi, işə bərpa edilməsi və yekun məhkəmə aktı qəbul edilənək məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsini xahiş edir. İddia tələbi mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən inzibati akt xx.xx.2018-ci il tarixlidir, iddiaçı hazırki iddia tələbi ilə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmiş, xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, İPMin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qanunun normasından da göründüyü kimi, əlavə ərizənin verilməsi yeni bir iddia ilə məhkəməyə müraciət edilməsini deyil, mübahisələndirmə haqqında iddia zamanı həmin nəticələrin aradan qaldırılmasına dair tələblə çıxış etməyi nəzərdə tutur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. İş materiallarına əlavə edilmiş: - İddiaçı xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və X6 Nazirlyinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin Aparatının Daxili nəzarət şöbəsinin Funksional vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsinə müvəqqəti təyin edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və X6 Nazirlyinin xx xxxxxx 2015-ci il tarixli, 09/11- 568 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən İddiaçı xx xxxxxx 2015-ci il tarixdə əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödənilməklə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin Aparatının Daxili nəzarət şöbəsinin Funksional vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsinə müvəqqəti təyin edilmişdir. - İddiaçı xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və X6 Nazirlyinə ərizə ilə müraciət edərək, onun Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin Aparatının Daxili nəzarət şöbəsinin Funksional vəzifələrin icrasına nəzarət sektorunun məsləhətçi vəzifəsində daimi dövlət qulluğuna qəbul olunmağı üçün müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və X6 Nazirlyinin İddiaçı ünvanladığı xx xxxx 2018-ci il tarixli, **********9 saylı məktubundan görünür ki, iddiaçının xx xxxxxx 2017-ci il tarixli müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçı xx xxx 2007-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli 453 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci bindənə əsasən dövlət qulluğuna xitam verilmişdir. xx xxxx 2015-ci il tarixdən iddiaçıya Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Nərimanov rayon Məşğulluq Mərkəzi tərəfindən işsizlik statusu verilərək işsizlik müavinəti təyin edilmişdir. xx xxxxxx 2015-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin Aparatının Daxili Nəzarət Şöbəsinin Funksiolan vəzifələrin icrasına nəzarət sektorunun məsləhətçisi vəzifəsinə müddətli müqavilə əsasında iş qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2011-ci il tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasına uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmadıqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na əsaslanaraq dövlət qulluqçusu kimi işə qəbul edilməsi məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə müraciət edilməsi məqsədəuyğun olması bildirilmişdir. - xx xxxxxx 2018-ci il tarixli teleqramın surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Əmək və X6 Nazirliyinə müraciət edərək, xx xxx 2018-ci ildə Dövlət İmtahan Mərkəzinin müsahibəsindən uğurla keçdiyini nəzərə alaraq, onu işlə təmin edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Əmək və X6 Nazirlyinin Kadr və kadr hazırlığı şöbəsinin müdiri tərəfindən İddiaçı ünvanlanmış məktubun təsdiq olunmuş surətindən görünür ki, “Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi üzrə 2018-ci il 09 aprel tarixli **********7 nömrəli əmrlə təsdiq edilmiş Nazirliyin Aparatının ştat cədvəlində dəyişikliklər edilməsi haqqında” Nazirliyin 09 avqust tarixli 2018-ci il əmrinə əsasən ştatların ixtisar edilməsi ilə əlaqədar işdən azad olunması üçün İddiaçı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,7 misli məbləğində işdənçıxarma müavinəti ödəniləcəyi bildirilmişdir. Həmin məktubu İddiaçı xx xxxxxx 2018-ci il tarixdə imzalayaraq, razı olmadığını, tam olaraq qanunsuz qərar olduğunu bildirmişdir. - Azərbaycan Respublikasının Əmək və X6 Nazirlyinin xx xxxxxx 2018-ci il tarixli, **********3 saylı əmrinin 2.2-ci və 5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştatların ixtisar edilməsi ilə əlaqədar Nazirliyinin Aparatının Daxili Nəzarət şöbəsinin Funksional vəzifələrin icrasına nəzarət sektorunda məsləhətçi vəzifəsində müddətli müqavilə əsasında çalışan İddiaçı tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2018-ci il tarixdə xitam verilməsi, ştatların ixtisarı ilə əlaqədar işdən azad olunmuş İddiaçı razılığı olmadığı üçün işdənçıxarma müavinətinin ödənişi aparılmaması əmr edilmişdir. - Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin İddiaçı ünvanladığı xx xxxxxx 2018-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi üzrə 7-x xxxxxx 2018-ci il tarixlərində elan olunmuş müsabiqədə iştirak edərək uğur qazanmış namizədlərin təyinatı aparıldıqdan sonra, vakant vəzifələr üzrə elan ediləcək növbəti müsabiqə və müsahibələrdə iştirak edərək dövlət qulluğuna qəbul edilə bilər. Dövlət orqanlarına o, cümlədən Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi üzrə mövcüd vakant vəzifələr üzrə elan olunan müsabiqə və müsahibələr haqqında məlumatları Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi imternet saytından əldə etmək imkanının olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərarın surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı X8 Azərbaycan Respublikası Əmək və X6 Nazirliyində müqavilə əsasında işə qəbul olunduğu, yəni xx.xx.2015-ci il tarixdən etibarən daimi dövlət qulluğuna qəbul edilməsi vəzifəsinin cavabdeh Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərar isə onunla əsaslandırılmışdır ki, iddiaçı X10 Nazirlikdə işə qəbul olunan zaman dövlət qulluqçularının ehtiyat kadrlar siyahısında olmuş, həmin Nazirlik isə onu daimi dövlət qulluğuna qəbul etməmiş və yalnız müvəqqəti olaraq vəzifəyə təyin etmişdir. Belə olan halda, Nazirlik “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 464 №-li Fərmanına əsasən İddiaçı daimi dövlət qulluğuna qəbul etməli və bu barədə Dövlət İmtahan Mərkəzinə məlumat verməli olduğu da qeyd olunmuşdur. Məhkəmə sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin xx xxxxx 2018-ci il tarixli, **********7 nömrəli əmrlə təsdiq edilmiş Nazirliyin Aparatının ştat cədvəlinə əsasən Daxili nəzarət şöbəsi 31 ştat vahidindən ibarət olmuş və Nazirliyin xx xxxxxx 2018-ci il tarixli **********2 nömrəli əmri ilə, xx xxxxx 2018-ci il tarixli əmrə dəyişiklik edilərək 24 ştat vahidindən ibarət Daxili nəzarət və audit şöbəsi yaradılmışdır. Təqdim edilmiş ştat cədvəllərindən çıxarışdan göründüyü kimi, İddiaçı çalışdığı Daxili Nəzarət Şöbəsi ləğv edilmiş və onun yerinə daha az ştat vahidindən ibarət Daxili Nəzarət və audit şöbəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirliyin Əsasnaməsinin 5.5.5-ci bəndinə əsasən Nazir müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, strukturuna daxil olunan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli **********2 saylı əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi üzrə 2018-ci il 09 aprel tarixli **********7 nömrəli əmrlə təsdiq edilmiş Nazirliyinin aparatının ştat cədvəlində dəyişikliklər olunaraq yeni ştat cədvəlinin təsdiq edilməsi əmr edilmişdir İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmrinin ona aid olan hissədə ləğv edilməsini, onun işə bərpa olunmasını və iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxarılan tarixədək əməkhaqqlarının ödənilməsini tələb edir və bu halı cavabdeh tərəfindən müvafiq qanunların tələblərinin pozulması ilə əsaslandırır. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, cavabdeh inzibati orqan tərəfindən ixtisarın məqsədəuyğunluğu məsələsini müzakirə etmədən işçilərin sayının və ya ştatların ixtisar edilib-edilmədiyini, işçinin işdə saxlanmaq üçün üstünlük hüququnun nəzərə alınıb alınmadığını, işçinin razılığı ilə onun peşəkarlıği, ixitisası(peşəsi,sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi üçün işəgötürənın tədbirlər görüb görmədiyini, bu əsaslı əmək müqaviləsinin ləğv edilməsi qaydasını tənzimləyən əmək qanunvericiliyinin normalarına işəgötürənin əməl edib-etmədiyinə qiymət verilməsidir. İddia ərizəsi mahiyyətinə görə iki hissədən ibarətdir: 1) İşdən azad edilməsi ilə bağlı əmrin ləğvi və əvvəlki vəzifəyə bərpa; 2) Məcburi iş buraxma müddəti üçün yekun məhkəmə aktı çıxan günədək əməkhaqqının ödənilməsi. Məhkəmə ilk öncə iddia tələbinin birinci hissəsinə münasibət bildirir. İşin araşdırılmış hallarından və iş materiallarından göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin Aparatının Daxili Nəzarət Şöbəsinin Funksional vəzifələrinin icrasına nəzarət sektorunun məsləhətçi vəzifəsinə müvəqqəti təyin olunma ilə bağlı ərizə ilə müraciət etmiş və Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin xx xxxxxx 2015-ci il tarixli, 09/11-568 saylı əmri ilə işə qəbul olmuşdur. Halbuki, İddiaçı cavabdeh Nazirlikdə işə qəbul olunan zaman dövlət qulluqçularının ehtiyat kadrlar siyahısında olmuş, həmin Nazirlik isə onu daimi dövlət qulluğuna qəbul etməmiş və yalnız müvəqqəti olaraq vəzifəyə təyin etmişdir. Halbuki, cavabdeh Nazirlik “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasını Qanununun 21.1.6-cı maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 464 №-li Fərmanına əsasən İddiaçı daimi dövlət qulluğuna qəbul etməli və bu barədə Dövlət İmtahan Mərkəzinə məlumat verməli idi. Sözügedən hal isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarında öz əksini tapmış və İddiaçı Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyində müqavilə əsasında işə qəbul olunduğu zaman, yəni xx.xx.2015-ci il tarixdən etibarən daimi dövlət qulluğuna qəbul edilməsi kimi qiymətləndirmişdir. Göründüyü kimi, tərəflər arasında yaranmış əmək münasibətləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları (Əmək Məcəlləsinin 5.2-ci maddəsinin tələbləri çərçivəsində) ilə tənzimlənir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1.6-cı maddəsinə əsasən, dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük dövlət qulluqçuları üçün təminatlar sırasına daxildir. Həmin Qanunun 33.1.3-cü maddəsinə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə dövlət qulluğuna xitam verilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsiQaydasının 1-ci bəndinə əsasən, bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı qəbul edilməzdən əvvəl, yəni İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı mübahisəsi yekunlaşmamazdan əvvəl, iddiaçını işdən azad etmiş və bunu ştatların ixtisar olması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin ə) bəndinə əsasən, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüquqlarıdır. Həmin Məcəllənin 70-ci maddəsinin b) bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə görə, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Şərh olunan maddələrin normalarına görə, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinin ləğv edilməsidir. Ümumi qaydaya görə, müəssisə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən edir. Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibi müəyyənləşdirmək hüququ məhz işəgötürənə məxsusdur. Ştat ixtisarı dedikdə, müəyyən olunmuş vəzifə üzrə bir yaxud bir neçə vahidin ləğvi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. Bir qayda olaraq, işçilərinin sayının və ya ştatının ixstisarı müəssisədə istehsalın və idarəçiliyin təşkili təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə işəgötürənin əmri ilə həyata keçirilir. İşçilərin sayının və ştatının ixtisarı aşağıdaki şərtlər mövcud olduqda işçilərə əmək müqaviləsinin ləğvi üçün hüquqauyğun əsas qismində çıxış edir: müəssisədə həqiqətən işçilərin sayı və ya ştatı ixtisar olunmalıdır; işçinin işgüzar keyfiyyətləri (peşəkarlığı, ixtisası) nəzərə alınmalıdır; işdə saxlamaq üçün üstünlük hüququna riayət olunmalıdır; işçi azı iki ay əvvəl rəsmi xəbərdar edilməlidir; işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanı hökmən araşdırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin a), b) və c) bəndlərində göstərilən əsaslar üzrə işçilərin əmək müqaviləsinin xitam verilməsinə işçinin öz razılığı ilə digər işə keçirmək mümkün olmadıqda və ya işçi ona təklif edilmiş işdən imtina etdiyi halda yol verilir. Məcəllənin 78.1-ci maddəsinin normasının mənasından isə aydın olur ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmağa üstünlüyü müəyyən edən əsas meyar qismində yüksək ixtisaslı (peşə) və peşəkarlıq səviyyəsini nəzərdə tutur. Bu meyarların müəyyən olunması müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərlə əmək münasibətlərini saxlamağa imkan verir. İşçinin peşəkarlıq səviyyəsini qiymətləndirmək hüququ işəgötürənə məxsusdur. Bu zaman onların əmək fəaliyyətini xarakterizə edən müxtəlif məlumatlar (məsələn, təhsil haqqında sənədlər, işin ödənilməsi, ixtisas üzrə iş stajı, xidməti tapşırıqların yerinə yetirilmə keyfiyyəti, bu və ya digər ixtisas qrupuna mənsub olma haqqında məlumatlar, həvəsləndirmələr, peşə üzrə ixtisasını artırması və s.) nəzərə alınır. Mübahisələnidirilən əmrdən göründüyü kimi, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə uyğun olaraq ştatların ixtisarı ilə əlaqələndirilmişdir. Məhkəmə icraatı zamanı isə təqdim olunmuş Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin xx xxxxxx 2018-ci il tarixli **********2 saylı əmrindən və ştat cədvəllindən görünür ki, iddiaçının fəaliyyət göstərdiyi sahə və vəzifə, yəni Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyinin nəznində olan Daxili Nəzarət Şöbəsinin Funksional vəzifələrin icrasına nəzarət sektoru və həmin sektorda olan məsləhətçi vəzifəsi dəyişdirilərək, ayrıca Daxili Nəzarət və Audit Şöbəsi yaradılmış, həmin Şöbə üç ayrıca sektordan ibarət olmuşdur: Funksional vəzifələrin icrasına nəzarət sektoru, İcra və əmək intizamına nəzarət sektoru, Təftiş monitorinq və təhlil sektoru. İddiaçının fəaliyyət göstərdiyi “Məsləhətçi” vəzifəsi isə həm İcra və əmək intizamına nəzarət sektoruna, həm də Təftiş monitorinq və təhlil sektoruna əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işdən azad olma barədə əmrin əsasında duran “Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi üzrə 2018-ci il 09 aprel tarixli **********7 nömrəli əmrlə təsdiq edilmiş Nazirliyin Aparatının ştat cədvəlində dəyişikliklər edilməsi haqqında” Nazirliyin 08 avqust tarixli 2018-ci il əmridir. Cavabdeh inzibati orqan iddiaçının işdən azad edilməsi ilə bağlı əmri qəbul edərkən, ştat ixtisarına deyil də, işçilərin ixtisarına əsaslanmışdır. Halbuki, iddiaçının əvvəl fəaliyyət göstərdiyi sektor və vəzifə ləğv olunmamış, yalnız şöbənin adı dəyişilərək üç sektora bölünmüş və nəticə olaraq həmin vəzifə saxlanılmışdır. Bundan savayi isə, cavabdeh ümumiyyətlə iddiaçının bilik, bacarıqlarını, peşəkarlıq səviyyəsini yoxlamamış, həmçinin, dövlət qulluğu ilə bağlı imtahan nəticələrini nəzərə almamışdır. Halbuki, həm “Dövlət qulluğu haqqında” Qanunun, həm Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsiQaydasının, həm də Əmək Məcəlləsinin normalarına görə, ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmağa üstünlüyü müəyyən edən əsas meyar qismində yüksək ixtisaslı (peşə) və peşəkarlıq səviyyəsi çıxış edir. Cavabdeh isə nə məhkəmə icraatı zamanı, nə də öz izahatlarında İddiaçı həmin meyarlara uyğun olub-olmamasını ilə bağlı araşdırmanın aparılmasını qeyd etməmiş və bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi İddiaçı işdən azad edilməsi ilə bağlı yalnız xx.xx.2018-ci il tarixdə xəbərdar etmiş, yəni əmr qəbul etməzdən 2 gün əvvəl. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq müddətlərdə rəsmi xəbərdar edilməlidir:bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi (77.1-ci maddə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında (77.3-cü maddə). Cavabdeh inzibati orqan iddiaçıya xəbərdarlıq müddəti əvəzinə işdənçıxarma müavinətinin ödənilməsi təklifini onunla əsaslandırmışdır ki, nazirlik qarşısında qoyulmuş cari və prespektiv planları operativ həyata keçirmək zərurətindən ştatların ləğvi üçün xəbərdarlıq müddəti gözləmək mümkün olmadığından iddiaçıya xəbərdarlıq müddəti əvəzi ödənilməsi təklif edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Lakin cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş İddiaçı təqdim edilmiş ərizədə iddiaçı xx.xx.2018-ci ildə “Razı deyiləm, tam olaraq qanunsuz qərardır” qeydini yazmışdır. Beləliklə, cavabdehin məktubundan və mübahisələndirilən əmrdən görünür ki, İddiaçı xəbərdarlıq müddəti əvəzinə veriləcək müavinəti qəbul etməmiş, həmin dövrdə bunu mübahisələndirmiş və son olaraq həmin məbləğ ona ödənilməmişdir. Yuxarıda göstərilən hallara və iş materiallarında olan sənədlərə məcmu halda qiymət verərək Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi tərəfindən İddiaçı münasibətdə xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmri qəbul edilərkən, Nazirlikdə ştat ixtisarı baş verməmiş, ştat ixtisarlarına deyil də, məhz işçi ixtisarına yönəlmiş tədbirlər görülmüş, iddiaçının işdə saxlanmaq üçün üstünlük hüququ nəzərə alınmamış, iddiaçının razılığı ilə onun peşəkarlıği, ixitisası(peşəsi,sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi üçün hər hansı bir tədbir görülməmiş və ən əsası işdən azad edilmə ehtimalı olduğu təqdirdə iddiaçı bununla bağlı yalnız iki gün öncədən xəbərdar olmuşdur. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilməli və İddiaçı işə bərpa edilməlidir. Məhkəmə iddianın “məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməsi” hissəsinə münasibət bildirir. “Dövlət qulluğu haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-ci maddəsinin ikinci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər Şərh olunan maddələrin normasına görə, AR ƏM-in 300-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri açıqlanır. Maddənin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmaması dedikdə üç hal nəzərdə tutulur: a) işəgötürənin, əmək müqaviləsinin AR ƏM-in 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş qaydada ləğv edilməsi əsaslarını pozması; b) işəgötürənin AR ƏM-in 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə riayət etməməsi; c) işəgötürənin AR ƏM-in 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət verməməsi. Göstərilən hər üç halda işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərsə, əmək mübahisəni həll edən məhkəmə işçinin AR MPM-n 149 və 150-ci maddələrində nəzərdə tutulmuş qaydada verdiyi iddia ərizəsini və işin bütün faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün (işçidən asılı olmayan səbəblərə görə baş verən iş buraxma halları) əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılır. İşə bərpa tələbi ilə əlaqədar olmayan, lakin maddi tələblərlə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət etmə hüququ ilə bağlı Məhkəmə bildirir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, eləcə də maddi və mənəvi ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnu pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qüvvədə olan qanunvericiliyin normaları əsasında Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi tərəfindən İddiaçı münasibətdə qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmri qismən ləğv olunduğundan, qeyd edilən hissədə də iddiaçının tələbi təmin edilməli, cavabdeh qüvvədə olan qanunvericiliyin normalarını rəhbər tutaraq, öz təqsiri nəticəsində iddiaçının işdən azad etdiyi vaxtdan məcburi iş buraxma müddəti üçün əmək haqqını ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X7 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmri İddiaçı hissəsində ləğv edilməli və İddiaçı işə bərpa edilməlidir. İddiaçı işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olunan vaxtadək, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. İddiaçı işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar