Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11681/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Əmir oğlunun sədrliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinə qarşı “polisin inzibati binasına qeydiyyatına alınma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı İddiaçı Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur. Heç vaxt şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. 1998-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, 10 nömrəli sanatoriya tipli internat məktəbinin birinci sinfinə getmişdir. 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. X1 xx.xx.1966-cı il tarixdə Lənkəran rayonunun Xolmili kəndində doğulmuşdur. O, xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Suraxanı rayonu, “Hövsan qəbiristanlığı”nın “Kimsəsizlər" sektorunda dəfn edilmişdir. Anası vəfat edən zaman onun hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini və şəxsiyyətini təsdiq edən sənədi olmamış, bu səbəbdən də onun ölümü dövlət qeydiyyatına alınmamışdır. Atası Niyaz adlı şəxs olub, onun “tam adı”nı və kim olduğunu bilmir. Uşaqlıqdan doğum haqqında şəhadətnaməsi olmadığı üçün indiyədək şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün heç vaxt rəsmi iş yeri olmamışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı doğum faktının müəyyən edilməsi məqsədilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2312/2023 saylı, xx.xx.2023-cii il tarixli qətnaməsi ilə "iddiaçının - İddiaçı xx.xx.1992-ci il tarixdə Lənkəran ravonunun Xolmili kəndində xx.xx.1966-cı təvəllüdlü X2 doğulması faktı müəyyən edilmişdir". xx.xx.2023-cü il tarixdə isə həmin qətnamə əsasında Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçının doğum faktı qeydə alınmış və iddiaçı AZ-İV seriyalı, 870050 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. İddiaçı doğulan zaman anası heç kimlə nikahda olmamış, doğumu qeydə alınan zaman isə atalığı müəyyən edilməmişdir. Bundan başqa, anası 2018-ci ildə vəfat etdiyi üçün doğumu qeydə alınan zaman doğumu haqqında akt qeydində atası barədə məlumatlar Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2312/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən formal olaraq qeyd edilmişdir. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin bir- gə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və ata babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edildikdən sonra iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* saylı qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Ravon İdarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. Artıq onun 32 yaşı var. Lakin yaşayış yeri üzrə qeydiyyata alınması üçün ünvan olmadığından şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilmir. Şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığından Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Hazırda iddiaçı ünvan 2 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. Yaşadığı mənzil onun mülkiyyətində deyil və o, həmin ünvanda kirayədə yaşayır. Şəxsiyyət vəsiqəsi olmadan hansısa mülkə sahib olmağı da mümkün deyil. Lakin mənzilin mülkiyyəçisi onun həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasına razılıq vermədiyi üçün onun həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınması mümkün deyil. İddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması üçün başqa ünvan da yoxdur. Yaşayış yeri üzrə qeydiyyata alınması üçün ünvan olmaması səbəbindən "ASAN xidmət" mərkəzi tərəfindən onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunması mümkün deyil. Bu səbəbdən də iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək onun 1 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 “S” saylı Sərəncamına əsasən Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağının təmin edilməsini və həmin sənədin 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə göndərilməsini xahiş etmişdir. Lakin həmin müraciətindən 49 gün keçməsinə baxmayaraq cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin hərəkətsizliyi səbəbindən iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmamışdır.
3. Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə hər hansı cavab verilməmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdilər və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
9. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir. İşdə olan 00867 saylı qəbzdən görünür ki, iddiaçı hazırki tələblə xx.xx.2024cü il tarixdə cavabdehə müraciət etmişdir.
10. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. 10 nömrəli Sanatoriya tipli internat məktəbinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, şəkildə olan şəxs Bakı şəhəri, Sabunçu rayonu, 10 N-li sanatoriya tipli internat məktəbinə 21 №-li əmrə əsasən xx.xx.1998-ci ildə İ sinfə qəbul olunub, 36 №-li əmrə əsasən xx.xx.2007-ci ildə İX sinfi bitirən xx.xx.1992-ci il təvəllüdlü Ruslan Niyaz oğludur.
12. AZ-İV 870050 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunun Xolmili kəndində doğulmuşdur. X11, X1dır.
13. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı qərara əsasən xx.xx.1992-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.
14. İlkin hərbi qeydiyyata alınma haqqında İQ 621950 nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə AR SHXÇDX Nəsimi rayon şöbəsində ilkin qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 3 may 1992cı il təvəllüdlü İddiaçı (himayə sənədi № ***-*******8) Dövlət Miqrasiya Xidməti tərəfindən 1 may 2024-cü il tarixindən 30 noyabr 2024-cü il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.
16. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 2(006)-2312/2023 saylı xx.xx.2024-cü il tarixli məktubdan nə ona əlavə eilmiş məhkəmə aktlarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin “İddiaçı xx.xx.1992-ci il tarixdə Lənkəran rayonu Xolmili kəndində xx.xx.1966-cı il təvəllüdlü X3 doğulmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi”nə dair 2(006)-2312/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. xx.xx.2023-cü il tarixli qərardadla həmin qətnaməyə “İddiaçı xx.xx.1992-ci il tarixdə Lənkəran rayonu Xolmili kəndində xx.xx.1966-cı il təvəllüdlü X3 doğulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilsin. Valideynlər haqqında məlumatın ata qrafasında Niyaz Əliyev qeyd edilsin” kimi izah verilmişdir.
17. Nəsimi Rayon Qeydiyyat Şöbəsi məhkəmənin sorğusuna cavab olaraq İddiaçı doğumunun dövlət qeydiyyatına alınmasına əsas olan sənədləri məhkəməyə göndərmişdir.
18. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.1992-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarı və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir.
IV. Məhkəmənin mövqeyi
19. Cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. CMS-AZEMİS məlumat-axtrarış sistemindən görünür ki, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən 1 may 2024-cü il tarixindən 30 noyabr 2024-cü il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına əsasən qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və ona şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
23. Məhkəmənin qeyd edilən qənaəti həm də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından irəli gəlir. Həmin qərarda qeyd edilir: ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər...
24. Yəni Konstitusiya Məhkəməsinin qərarında da ifadə edilən hüquqi mövqeyə görə şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Belə ki, şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə qeyd edilən vəzifələrin icra edilməsi imkanı mümkünsüz olur.
25. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçıların uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi tərəfindən qeyd edilən hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Belə ki, eyni problemlə rastlaşan Ukrayna və Belarusiyada bu məsələnin həlli üçün müəyyən yaşayış yeri olmayan şəxslərin reqional Qeydiyyat Mərkəzləri yaradılmışdır.
27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
30. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı Şəhər Nəsimi Rayon Polis İdarəsinin ünvanına (inzibati binası) qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X10