Məhkəmə qərarları › İş №2-1(112)-11682/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11682/2023

07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11682/2023 07.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı9, İddiaçı12, İddiaçı14, İddiaçı4, İddiaçı10, İddiaçı1, İddiaçı11, İddiaçı7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı, “X5” üçüncü şəxs qismində cəlb edilməklə Sərəncamların qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9 Məmmədxan oğlu, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2005-ci il 330 saylı və 2.06.2006-cı il tarixli 142 saylı Sərəncamlarının iddiaçılara məxsus bağ sahələrinə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 5 mart 1990-ci ildə, 26 Bakı komissarı (indiki Əli Əmirov) adına Neft Qazçıxarma İdarəsində (bundan sonra NQÇİ) yaradılan "Şabandağ" bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvləri və onların varisləridir. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına NQÇİ-nin xahişi nəzərə alınaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılıb. İddiaçılar ayrı-ayrılıqda onlara məxsus bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edib. İdarə iddiaçıların müraciətlərinin təmin edilməsindən imtina edib. Bütün imtina bildirişlərinin əsasları kimi idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında iddiaçıların adının aşkar olunmaması, elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığa dair bölgü sxeminin olmadığı üçün göstərilən torpaq sahəsinin yerləşməsini müəyyən etməyin mümkün olmaması, qeyd edilən ərazilərə digər fiziki şəxslərin müraciətinin qeydə alınması, həmçinin ümumi əraziyə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsə məxsus "Torpaq sahəsinin plan və ölçüsü" (kadastr planı) verilməsi göstərilib. Bakı Şəhər İcra Hakimiyyəti (bundan sonra cavabdeh adlandırılacaq) başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamına əsasən, X3 5 avqust 2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Xocasən rayonlarının ərazilərində, Xocasən kəndinin şərqində yerləşən Xocasən gölü ətrafından universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X3 daimi istifadəsinə torpaq sahəsi verilib. Cavabdeh qurumun 2 iyun 2006-cı il tarixli 142 saylı sərəncamına əsasən isə, Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X3 daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilib. İddiaçılar onlara verilmiş bağ sahələri üzərində, mülkiyyət hüquqlarının qeydiyyata alınması və bununla bağlı onlara çıxarış verilməsi üçün DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətlərinə aldıqları imtinalar əsasında məhkəməyə müraciət ediblər. Qurumun məhkəməyə ünvanladığı etiraz məktublarında məlum olub ki, həmin torpaq sahələri ilə bağlı kadastr planı cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı və 2 iyun 2006-cı il tarixli 142 saylı sərəncamına əsasən X4 verilib. İddiaçılar 2023-cü ilin aprel ayında cavabdeh orqana kollektiv müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 300 saylı sərəncamının "Şabandağ" bağçılıqbostançılığa ayrılan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş ediblər. Cavabdeh bu səhvi düzəltmək yerinə, 26 may 2023-cü il tarixli məktubunda iddiaçılara məhkəməyə müraciət etməyi tövsiyə edib. Aşağıdakılara əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının sözügedən sərəncamları qanunsuz və əsassızdır və bu səbəbdən də iddiaçılara münasibətdə məhkəmə qaydasında ləğv edilməlidir. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı qüvvədə olduğu halda həmin torpaqlar üzərində istifadə hüququnu başqa bir hüquqi şəxsə - X4 verib ki, bu da qanunsuz və əsassızdır. "İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. BŞİH qanunun qeyd edilən müddəasını pozmaqla iddiaçılara məxsus torpaq sahələrini X3 istifadəsinə verib. Bundan başqa, DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin cavab məktublarından aydın olur ki, cavabdeh qurumun torpaq sahəsinin X4 verməsi ilə bağlı sərəncamlarının İdarə tərəfindən qanunvericiliyə uyğun qəbul edilməsinin əsas səbəbi İdarənin əlində torpaq sahəsinin iddiaçılara məxsus olduğunu təsdiq edən arxiv məlumatlarının olmamasıdır. 2007-ci ildə 1 saylı Bakı Ərazi İdarəsini qeyd edilən arxivlə təmin etmək, beləcə cavabdeh qurumun sərəncamını ləğv etməklə İdarənin həmin torpaq sahələrini 12 yanvar 2011-ci ildə X3 adına uçota almasının qarşısını almaq və iddiaçıların qeyd edilən torpaqlar üzərində mülkiyyət hüququnu təsdiq etmək üçün yeni hüquqi əsas yaranıb. Belə ki, "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli № 2186 Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi vəzifəsi sözügedən sərəncamla Nazirlər Kabinetinə həvalə edilib. Ancaq işin hallarından görünür ki, Nazirlər Kabineti qeyd edilən arxiv məlumatlarını Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə təqdim etməyib, nəticədə İdarə arxiv məlumatlarından xəbərsiz olduğu üçün cavabdeh qurumun qanunvericiliyə zidd sərəncamını rəsmiləşdirmək məcburiyyətində qalıb. Bu səbəbdən də 1990-cı ilin əvvəlindən iddiaçıların istifadəsinə verilmiş bağ sahələrinin arxiv sənədlərinin Reyestr Xidmətinin arxivində olmamasının məsuliyyəti və nəticələri iddiaçıların deyil, birbaşa Nazirlər Kabinetinin və cavabdeh qurumun üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı; inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Cavabdeh qurumun 330 və 142 saylı sərəncamlarında isə həmin sərəncamlara qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi instansiya haqqında məlumat verilmir. Qanunun 62.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunması haqqında inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Ancaq cavabdeh qurum sözügedən sərəncamı ilə bağlı iddiaçılara heç bir məlumat verilməyib, onlar yalnız Reysetr Xidmətinin cavab məktubundan belə bir sərəncamın mövcudluğundan xəbər tutublar. Cavabdehin 26 may 2023-cü il tarixli cavab məktubunda isə bağçılara məhkəməyə müraciət etmələri tövsiyə olunub. Ancaq "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddiaçılar cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 nömrəli və 02 iyun 2006-cı il tarixli, 142 saylı sərəncamlarının mövcudluğundan yalnız Reyestr Xidmətinin məhkəməyə təqdim etdiyi etiraz məktubları ilə xəbər tutublar. Bundan sonra bağçılar kollektiv məktubla cavabdeh quruma müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 300 saylı sərəncamının "Şabandağ" bağçılıq-bostançılığa ayrılan torpaq sahəsinə düşən hissədə ləğv edilməsini xahiş ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyevin 26 may 2023-cü il tarixli cavab məktubu ilə bundan imtina edilib və məhkəməyə müraciət edilməsi bildirilib. Buna görə də cavabdeh qurumun 16 dekabr 2005-ci il tarixli 330 saylı sərəncamının mübahisələndirilməsi ilə bağlı müddətin axımı 26 may 2023-cü il tarixli cavab məktubunun iddiaçılara təqdim edilmə tarixindən başlayır. Həmin sərəncamlar "İnzibati icraat haqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən 6 (altı) ay ərzində mübahisələndirilməli inzibati aktlar siyahısına aiddir və bu səbəbdən də həmin sərəncamların məhkəmə qaydasında mübahisləndirilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməyib. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçılar İddiaçı15, İddiaçı3, İddiaçı9, İddiaçı4, İddiaçı10, İddiaçı1, İddiaçı5, (eyni zamanda Tofiq Məmmədlinin nümayəndəsi), Səməd Məmmədov (İddiaçı8 nümayəndəsi), İddiaçı11, İddiaçı17, İddiaçı7 ayrı-ayrılıqda verdikləri izahatlarda iddia müddətinin ötürülməsini üzrlü hesab edərək bərpa edilməsini, onlara köməklik göstərilməsini xahiş etdilər. Məhkəmənin 7.08.2023-cü il tarixli iclasında iştirak edən iddiaçılar ayrı-ayrılıqda verdikləri izahatlarda iddia müddətinin ötürülməsini üzrlü hesab edərək bərpa edilməsini, onlara köməklik göstərilməsini xahiş etdilər.. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, digər iddiaçılar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin, üçüncü şəxsin nümayəndələrinin və digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddianın növü mübahisələdirmə haqqında iddiadır. İddiaçılar cavabdehin üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair Sərəncamlarını (inzibati aktını) mübahisələndirirlər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbində iddiaçılar cavabdehin üçüncü şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı iki Sərəncamının, xx.xx.2005-ci il tarixli 330 saylı və 2.06.2006-cı il tarixli 142 saylı Sərəncamlarının onlara aid hissədə ləğv edilməsini xahiş edirlər. İddia tələbinin faktiki əsası ondan ibarətdir ki, üçüncü şəxsə ayrılan torpaq sahəsi, daha əvvəl onların istifadəsinə verilmiş və cavabdeh onların istifadəsinə verilmiş torpaq sahəsini üçüncü şəxsin istifadəsinə verərkən qanunsuz akt qəbul etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar bu əsasla cavabdehin ikinci Sərəncamını, yəni 2.06.2006-cı il tarixli 142 saylı Sərəncamını mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamışlar. Belə ki, cavabdehin 2 iyun 2006-cı il tarixli 142 saylı sərəncamına əsasən Binəqədi rayonu Xocasən gölünün şimalında "xxxx" X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilərək, həmin torpaq sahələri cavabdeh qurumun 330 saylı sərəncamına əsasən, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün üçüncü şəxsin daimi istifadəsinə verilmiş torpaq sahələrinə əlavə edilmişdir. Göründüyü kimi, cavabdehin 142 saylı Sərəncamı iddiaçıların hər hansı bir hüququna toxunmur, həmin Sərəncamla yalnız A.M.A.Y” X1 və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması ilə bağlı sərəncamlar ləğv edilmişdir. İddiaçıların DƏDKRPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti zamanı onların müraciətinin təmin olunmasından imtina edilərkən mübahisəli torpaq sahəsinə digər şəxsin adına (hazırkı işdə üçüncü şəxs Fondun) plan və ölçü sənədinin işlənməsi göstərilmişdir. Məhkəmənin təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, “Heydər Əliyev” fondunun adına işlənmiş xx.xx.2011-ci il tarixli “torpaq sahəsinin plan və ölçü” sənədinin verilməsinə əsas kimi cavabdehin xx.xx.2005-ci il tarixli 330 saylı Səncamı göstərilmişdir. Görünüdüyü kimi, iddiaçılar cavabdehin ikinci -142 saylı Sərəncamının onların hansı hüquq və mənafeyinə toxunmasını əsaslandırmamışlar, iddiaçıların həmin Sərəncamı mübahisələndirmək üçün subyektiv hüquqları müəyyən edilmir. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Digər tərəfdən subyektiv hüququları təsdiq edilsə belə, iddiaçılar cavabdehin Sərəncamlarını mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti də ötürmüşlər. Belə ki, mübahisələndirilən Sərəncamlar 2005 və 2006-cı il tarixlidir. Mübahisələndirilən Sərəncamların qəbul edildiyi vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Məhkəmə qeyd edir ki, istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İşin halları və tərəflərin izahatları ilə üçüncü şəxs ayrılmış torpaq sahəsində Universitet Kampusu inşa edilmiş və fəaliyyət göstərir. İddiaçıların onlara ayrılmış torpaq sahəsində Universitet Kampusunun tikintisindən məlumatlı olmaması ağlabatan və inandırıcı deyildir. İddiaçılar mübahisələndirdikləri Sərəncamlardan 18 ilə yaxın müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməyərək həmin Sərəncamları mübahisələndirməmişlər. İddiaçılar iddia ərizəsində cavabdehin 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamının mövcudluğundan yalnız Reyestr Xidmətinin iddia tələbinə verdiyi etiraz məktubu ilə xəbər tutduqlarını göstərmişlər. Həmçinin iddiaçılar mübahisələndirilən Sərəncamlara dair onların cavabdehə kollektiv müraciəti zamanı verilmiş xx.xx.2023-cü il tarixli məktubdan sonra müddətin axımının başlanmasını və Sərəncamda hüquqi müdafiə imkanları göstərilmədiyinə görə 6 ay müddətində məhkəməyə müraciət etmək hüquqlarının olduğunu bildirirlər. Məhkəmə qeyd edir ki, bu hal iddiaçıların hüquqlarının pozulmasının bildiyi (müddətin axımının başlanması) anı kimi qəbul edilsə belə, iddiaçılar həmin vaxtdan da, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşlər. Belə ki, hazırda qüvvədə olan İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçılara imtina məktubları müvafiq olaraq aşağıdakı tarixlərdə verilmişdir: İddiaçı1 – xx.xx.2022-ci il, İddiaçı3 xx.xx.2022-ci il, İddiaçı2 – xx.xx.2022-ci il, İddiaçı4 – xx.xx.2021-ci il, İddiaçı5 - xx.xx.2022, İddiaçı8 – xx.xx.2022-ci il, İddiaçı6 – xx.xx.2022-ci il, İddiaçı7 – xx.xx.2022-ci il, İddiaçı9 – xx.xx.2022-ci il, İddiaçı10 – xx.xx.2022-ci il, İddiaçı11 – xx.xx.2022-ci il, İddiaçı12 – xx.xx.2022-ci il, İddiaçı13 – xx.xx.2022-ci il, İddiaçı14 - xx.xx.2022-ci il, İddiaçı15 – xx.xx.2021-ci il, İddiaçı16 – xx.xx.2020-ci il, İddiaçı17 - xx.xx.2021-ci il və İddiaçı18 – xx.xx.2021-ci il tarixli məktublarla məlumat verilmişdir. Lakin iddiaçıların birgə iddia ərizələri 4.07.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Yəni iddiaçılara mübahisəli torpaq sahəsinin üçüncü şəxsin adına plan və ölçü sənədinin işlənməsi barədə həmin məktublarda məlumat verilmişdir. İddiaçılar isə həmin məktubların verildiyi tarixdən 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə hazırkı tələblə müraciət edərək 30 günlük iddia müddətini ötürmüşlər. İddiaçılar “İnzibati İcraat Haqqında” Qanunun 73.2-ci maddəsinə istinad edərək iddia müddətini ötürmədiklərini göstərmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, Qanunun “İnzibati şikayət verilməsi” adlanan həmin normasının adından və dispozisiyasından da göründüyü kimi istinad edilən norma inzibati aktın məhkəmədə mübahisələndirilməsi müddətini deyil, inzibati aktdan şikayət instansiyasına inzibati şikayət verilməsi müddətini tənzimləyir. Ona görə də, həmin normanın hazırkı halda tətbiqi mümkün olmamaqla, iddiaçılar həmin normada qeyd edilən müddəti də ötürməklə hazırkı iddianı veriblər. İddiaçılar məhkəmə iclasında iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini göstərsələr də, üzrlü hal kimi hər hansı bir səbəbə istinad edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia müddətinin ötürülməsinin bərpa edilməsi barədə vəsatət təmin edilməsin. İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı, “X5” üçüncü şəxs qismində cəlb edilməklə Sərəncamların qismən ləğv edilməsi tələbinə dair iddiaları mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar