Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11684/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 141, 9 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət çıxarışının (xüsusi mülkiyyət kimi) və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 141, 9 nömrəli mənzil uzun illərdir iddiaçının ailəsinin istifadəsindədir. Sözügedən mənzilin kirayəçisi iddiaçının babası X5 olmuş, 18.08.1980-cı ildə iddiaçının babası X5 ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Həmin mənzildə keçmiş icarədərin nəvəsi, hazırki iş üzrə iddiaçı 1984-cü ildən qeydiyyatda olmaqla hal-hazırda 2 nəfər ailə tərkibi ilə yaşayır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 05.11.2011-ci il tarixli, 374 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.09.2011-ci il tarixli, 2(006)-3778 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmiş anasına qəyyum təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 25.06.2012-ci il tarixli, 166 saylı sərəncamı ilə həmin mənzilə dair icarə müqaviləsi İddiaçı ilə bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan da aydın olur ki, sözügedən mənzil iddiaçının istifadəsindədir. Həmin mənzil üzərində mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət çıxarışının (xüsusi mülkiyyət kimi) və texniki pasportun verilməsi ilə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də tələbinin təmin olunmasında imtina olunmuşdur. Həmin mənzilə dair kirayə müqaviləsi ilkin olaraq iddiaçının babası ilə bağlanmışdır, babası dünyasını dəyişdikdən sonra 1984-cü ildən iddiaçı həmin mənzildə qeydiyyatdadır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, qeyd olunan mənzilə dair İddiaçı adına verilmiş icarə müqaviləsinin bağlanması barədə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 25.06.2012-ci il tarixli, 166 saylı sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 141 saylı evin, 9 saylı mənzil üzərində qanunvericiliyə uyğun olaraq iddiaçının istifadə hüququ qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanlanmış 19.10.2021-ci il tarixli, **********07 saylı imtina məktubunda qeyd edilir: Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 141 saylı evin, 9 saylı mənzili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 04.10.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyd olunan mənzilə dair İddiaçı adına verilmiş icarə müqaviləsinin bağlanması barədə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 25.06.2012-ci il tarixli, 166 saylı sərəncamı əsasında ********** qeydiyyat nömrəli, 08.09.2021-ci il tarixli ərizəniz icra olunaraq, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 141 saylı evin, 9 saylı mənzili üzərində istifadə hüququnuz qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan ünvanda yerləşən mənzil üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 08.12.2021-ci il tarixli məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 141, 9 saylı mənzilinə (38.8 kv.m) İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 22.09.2021-ci il tarixdə qeydiyyata alınmışdır (əsas Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 25.06.2012-ci il tarixli 166 saylı sərəncamı, qeydiyyat nömrəsi **********). İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 03.12.2021ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21.09.2011-ci il tarixli 2(006)-3778/2011 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 10.04.1948-ci ildə Lerik şəhərində doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, Vidadı küçəsi, ev 141, mənzil 9-da yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir, həmin qətnamə 24.10.2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 05.11.2011-ci il tarixli 374 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadı küçəsi, ev 141, mənzil 9-da yaşayan İddiaçı 10.04.1948-ci il təvəllüdlü anası X1 qəyyum təyin edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 25.06.2012-ci il tarixli 166 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Vidadi küçəsi 141 nömrəli evin 2 otaqlı yaşayış sahəsi 30,0 kv.m olan 9 №-li mənzilinin icarədarı X5 olmuş, 18.08.1980-cı ildə ölümü ilə əlaqədar olaraq qeydiyyatdan çıxarılmışdır. Həmin mənzildə keçmiş icarədarın nəvəsi İddiaçı 1984-cü ildən qeydiyyatda olmaqla hal-hazırda 2 nəfər ailə tərkibi ilə (özü, anası) yaşayır. İddiaçı ərizə ilə Nəsimi rayon tcra Hakimiyyətinə müraciət edərək mənzil icarə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 21.09.2011-ci il tarixli 2(006)-3778 №-li qətnaməsi ilə İddiaçı anası X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Nəsimi rayon İcra Hakimiyyəti başçısnın 05.11.2011-ci il tarixli 374 №-li sərəncamı ilə İddiaçı anasına qəyyum təyin edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 25.06.2012-ci il tarixli 166 saylı sərəncamına əsasən Vidadi küçəsi 141 №-li evin 2 otaqlı yaşayış sahəsi 30,0 kv.m olan 9 №-li mənzilinin icarə müqaviləsinin vətəndaş İddiaçı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 25.06.2012-ci il tarixli 166 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 141 saylı evin 2 otaqlı yaşayış sahəsi 30,0 kv.m olan 9 saylı mənzilinin icarə müqaviləsinin İddiaçı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. İddiaçı 1984-cü ildən 2 nəfər ailə tərkibi ilə (özü, anası) həmin ünvanda qeydiyyatdadır və orada yaşayır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 05.11.2011-ci il tarixli 374 saylı sərəncamına əsasən iddiaçı anası X1 qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 25.06.2012-ci il tarixli 166 saylı sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 141, 9 saylı mənzilinə (38.8 kv.m) İddiaçı istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində 22.09.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının adına qeyd olunan mənzilə dair Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 166 saylı sərəncamın 25.06.2012-ci il tarixdə verildiyini bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan sərəncam 25.06.2012-ci il tarixdə imzalansa da, iddiaçının mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - 01.10.2009-cu ilədək yaranmışdır. Belə ki, iddiaçı həmin mənzildə 1984-cü ildən ailəsi ilə birlikdə qeydiyyatda olmaqla həmin tarixdən orada yaşayır, qeyd olunanlar nəzərə alınmaqla da Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 25.06.2012-ci il tarixli 166 saylı sərəncamına əsasən həmin mənzilin icarə müqaviləsinin iddiaçı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 141 saylı evin 9 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-11684/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11684/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver