Məhkəmə qərarları › İş №2-1(112)-11685/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11685/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11685/2023 04.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixədək “X5” MMC-nin direktoru vəzifəsində çalışmış və müəssisənin təsisçilərinin xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərin birinin təşəbbüsü ilə) əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bununla da Dövlət Vergi Xidmətində müvafiq qeydiyyat aparılmaqla “X5” MMC-nin qanuni təmsilçisi sırasından çıxarılmışdır. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiası əsasında müəssisənin 9075,4 AZN məbləğində vergi borcunun mövcud olmasını səbəb gətirərək məhkəmənin qətnaməsi ilə müəssisənin direktoru (əvvəlki) kimi iddiaçının ölkədən çıxmaq hüququ məhdudlaşdırılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, Lokal Gəlirlər Baş İdarəsi İddiaçı (VÖEN: **********) qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi “X5" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə hesablanmış 8916,38 manat borcunun ödənilməsini təmin etmək üçün iddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2103/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, “X5" MMC-nin vergi borcu tam ödənilənədək iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və qərar qanuni qüvvəsini almışdır. Həmçinin MPM-ə əsasən, qətnamə qanuni qüvvəsi aldığından, iddiaçı tərəfindən şikayət verilməsi müddəti ötürülmüşdür. Həmçinin, iddia ərizəsində qeyd olunmuş tələbetmə müddəti keçməyən 9075,40 manat borc məbləği xx.xx.2021-xx.xx.2021-ci il tarixləri ərzində 338030,47 manat məbləğində elektron qaimə faktura təqdim edilməsinə baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannamələrinin göstəricisiz təqdim edilməsi səbəbindən hesablanmış əlavə vergi məbləğindən və ona hesablanan faizdən ibarətdir. Qeyd olunan səbəbə görə, xx.xx.2021-ci il tarixli **********247000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilsə də, iddiaçının rəhbəri olduğu şirkət tərəfindən münasibət bildirilməmişdir. Bundan sonra, 2021-ci il mənfəət vergisi İİİ Rüb üzrə “Cari vergilərin hesablaması barədə” xx.xx.2021- ci il tarixli **********385300 nömrəli Bildiriş göndərilmişdir. Ən son müvafiq araşdırma zamanı uçot-baza baza məlumatlarına əsasən 2021-ci il üzrə gəlir və xərcin olduğu müəyyən edilmiş lakin, iddiaçının rəhbəri olan müəssisə tərəfindən 2021- ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Buna görə də, xx.xx.2022-ci il tarixli **********738500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilsə də, iddiaçının rəhbəri olduğu şirkət tərəfindən münasibət bildirilməmişdir. Bundan sonra, xx.xx.2022-ci il tarixli **********705300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmin qərarla iddiaçının rəhbəri olduğu müəssisəyə analoji hesablama üsulu ilə 2021-ci' Mənfəət vergisi üzrə əlavə 35.696,32 manat əlavə vergi məbləği hesablanmışdır. "X5" MMC-nin (VÖEN: **********) xx.xx.2023- cü il tarixə olan 48612,93 manat vergi borcu 2021-ci il üçün analoji qaydada hesablanmış vergidən, eyni zamanda 2021-ci ilin 3-cü rübü üzrə cari hesablamadan və onlara hesablanmış faizlərdən ibarətdir. İddiaçı tərəfindən 1 ildən çox müddət keçdikdən sonra, başqa bir məhkəmədə iddianın qaldırılması və özünün hazırda direktor olmamasını göstərməsi və məhkəmənin də iddiaçının mövqeyini təsdiqləyərək onun lehinə qərar çıxaracağı təqdirdə qərarlar arasında uyğunsuzluq yaranacaqdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin qərarında qeyd edilən 8916,38 manat məbləğində vergi borcu məhz iddiaçının direktor olduğu ərəfədə yaranmış və bu hissədə də təmin olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 2.2.2-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışkarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.

Belə ki, iş materiallarında olan:

İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətinə əsasən, o, xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “X5” MMC-nin xx.xx.2022-ci il tarixli Əmrinə əsasən, müəssisənin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışına əsasən, “X5” MMC-nin qanuni təmsiliçisi X6 Khalaf (çıxarışın verildiyi tarix xx.xx.2022) əvvəlki qanuni təmsilçisi İddiaçı qeyd edilmişdir.

İV. Məhkəmənin mövqeyi

5. Azərbaycan Respublikasının Konstitusiyasının

- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

6. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən:

- 9.2. vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. - 9.3-cü maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.1. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; 9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək; 9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək.

7. “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokoluna əsasən:

2. hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafıəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi "Vintervert Niderlanda qarşı" işində göstərmişdir ki, Konvensiyanın «qanunla müəyyən edilmiş qaydada (şərtlərlə)» (o cümlədən "qanunla nəzərdə tutulmuş") ifadəsi bir başa daxili hüquqa yönəldən normadır. Onun mənasına görə şəxsin һər hansı hüquqdan məhrum edilməsi yalnız dövlət daxili qanunlarla əsaslanmalı və bu qanunlar Konvensiyaya zidd olmamalıdırlar.

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:

- 23.1. vergi orqanlarının hüquqları aşağıdakılardır:.. 23.1.7. Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək; 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; - 24.1. Vergi orqanları: 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən:

- 355-5.1.vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. İşin faktiki hallarına əsasən iddiaçının icra orqanının rəhbəri (qanuni təmsilçisi) olduğu hüquqi şəxs “X5” MMC-nin dövlət büdcəsinə vergi borcu olduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, vergi ödəyicisi olan “X5” MMC-nin hal-hazırda icra orqanının rəhbəri (qanuni təmsilçisi) X6 Khalaf adlı şəxsdir. Belə olan halda iddiaçının hal- hazırda aidiyyəti olmadığı “X5” MMC-nin vergi borclarına görə hüquqlarının məhdudlaşdırılması mövcud qanunvericiliyinin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçının “X5” MMC-nin vergi borclarına görə ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas (onun Cəmiyyətin icra orqanının rəhbəri olması kimi halı 2022-ci ilin aprel ayından mövcud olmadığından) hazırda aradan qalxmışdır. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, vergi orqanı “X5” MMC-nin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsində maraqlı olduğu halda borcların ödənilməsini təmin etmək məqsədi ilə qanun ilə nəzərdə tutulmuş digər tədbirlərin heç birini həyata keçirməmişdir. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən vergi ödəyicisi olan Cəmiyyətin hesablarının olduğu banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam verilməsi, əmlakının siyahıya alınması üçün tədbirlər görülməsi müəyyən edilməmişdir.

10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun

- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2.inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin . Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar