Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11688/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “bölgü sxemin təsdiq olunması və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ********** saylı bölgü sxeminin cavabdehin imzası olmadan təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubunda göstərmişdir ki, qeyd olunan fərdi yaşayış evinə dair ********** nömrəli, xx.xx.2022-ci il tarixli bölgü sxemi tərəflər arasında imzalarla notarial qaydada təsdiq edildiyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxıla bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ********** saylı xx.xx.2022-ci il tarixli bölgü sxeminin cavabdehin imzası olmadan təsdiq olunması və ********** qeydiyyat nömrəli elektron çıxarışın “Torpaq sahəsinin ölçüsü (hektarla) olan qrafada 0.010230 ha rəqəmini 0.100860 rəqəminə dəyişməklə, onun bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarış almışdır. Həmin çıxarışa əsasən ünvan 1 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,100860 ha torpaq sahəsi üzərində hüququn növü kimi “istifadə” göstərilmişdir. Yəni 0,100860 ha torpaq sahəsindən tam sərbəst digər payçı ilə bərabər şəkildə istifadə etmək hüququ var. Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, iki fərqli ailə müxtəlif səbəblərə görə bir torpaq sahəsi üzərində heç vaxt sülh içində birgə yaşaya bilməz. Sənədlərdə göstərilir ki, iddiaçının bütün həyətyanı torpaq sahəsindən istifadə etməyə tam hüquqi ixtiyarı var, lakin həmin hüququnu həyata keçirməyə faktiki imkanı yoxdur və bunula da onun konstitusion və vətəndaş hüquqları kobudcasına pozulur. xx.xx.2020-ci il tarixində iddiaçı cavabdehə rəsmi müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,10086 ha fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə dair onunla X7 arasında bərabər ölçüdə bölgü sxeminin hazırlanmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli, **********35 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, torpaq sahəsinin ½ olmaqla bölgü sxeminin tərtib olunması ilə bağlı İdarənin mühəndisləri tərəfindən ərazidə müayinə baxışı zamanı digər payçı ölçü işlərinin aparılmasına mane olmuş, yeni bölgü sxeminin hazırlanmasına etiraz etmişdir. Lakin xx.xx.2021-ci il tarixində Suraxanı Rayon Məhkəməsi 2(010)-3372/2021 nömrəli qətnamə qəbul etmiş, həmin qətnamə ilə cavabdeh X7 tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin bölgü sxeminin tərtib olunmasına dair maneələr aradan qaldırılmışdır. Suraxanı Rayon Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəsini almışdır. xx.xx.2022-ci il tarixdə iddiaçıya Suraxanı Rayon Məhkəməsinin 2(010)-3372/2021 saylı qətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** saylı ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi verilmişdir. Həmin sxemin təsdiq olunması üçün onun həm iddiaçı, həm də 2(010)-3372/2021 saylı iş üzrə cavabdehin (X4) imzaları tələb olunurdu. xx.xx.2022-ci il tarixdə o, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində bölgü sxemi imzalamaqla öz razılığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh X7 vəfat etmiş, dünyasını dəyişmişdir. Odur ki, bölgü sxemdə onun imzasının çəkilməsi qeyri-mümkündür. X8 2(010)-3372/2021 saylı qətnaməni mübahisələndirməmiş, bununla da dolayı şəkildə qərara öz razılığını bildirmişdir. Hazırda nə cavabdehin, nə də ki onun vərəsələrinin razılığı və imzası tələb olunur, çünki ********** saylı bölgü sxemi 2(010)-3372/2021 saylı məhkəmə qərarı əsasında verilmişdir. 2(010)-3372/2021 saylı məhkəmə qərarı isə məhz cavabdehin yeni bölgü sxemi ilə narazı olmasına və onun tərəfindən maneələrin aradan qaldırılmasına qarşı qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddia tələbinin ikinci hissəsində qeyd olunan “********** qeydiyyat nömrəli elektron çıxarışın “torpaq sahəsinin (ölçüsü, hektarla)” olan qrafada 0.010230 ha rəqəminin 0.100860 rəqəminə dəyişməklə onun bərpa olunması” məsələsi ilə əlaqədar olaraq İddiaçı ********** ərizə nömrəsi ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, müraciət icra edilərək xx.xx.2022-ci il tarixdə müvafiq elektron çıxarış iddiaçıya təqdim edilmişdir. İddia tələbinin “bölgü sxeminin cavabdehin imzası olmadan təsdiq olunması” hissəsinə gəldikdə, qeyd olunan məsələ İdarənin səlahiyyətləri xaricindədir. Belə ki, iddiaçı tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı ********** saylı ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq bölgü sxemi xx.xx.2022-ci il tarixdə tərtib edilərək iddiaçıya təqdim edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 3.1.22-ci bəndinə əsasən İdarənin vəzifələrinə daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi daxildir. Göründüyü kimi, əsasnamədə təsdiq etmə səlahiyyəti nəzərdə tutulmamışdır. Vətəndaşa təqdim edilmiş **********91 saylı, xx.xx.2022-ci il tarixli məktubda da qeyd edilmişdir ki, fərdi yaşayış evinə dair ayrıca çıxarış və texniki pasportun verilməsi üçün İdarə tərəfindən tərtib edilmiş ********** ərizə nömrəli bölgü sxemini tərəflər imzalayaraq notarial qaydada təsdiq edəcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxıla bilər. Buna görə də cavabdeh iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iddia ərizəsindən görünür ki, hazırkı iddia tələbi şərti olaraq iki hissədən ibarətdir: 1.********** qeydiyyat nömrəli elektron çıxarışda “Torpaq sahəsinin ölçüsü (hektarla) olan qrafada 0.010230 ha rəqəmini 0.100860 rəqəminə dəyişməklə, onun bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi; 2.ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ********** saylı xx.xx.2022-ci il tarixli bölgü sxeminin cavabdehin imzası olmadan təsdiq olunması. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2020-ci tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 11 saylı fərdi yaşayış evi üzrə A tikilisi X5, B tikilisi İddiaçı mülkiyyətində olmuş, istfadədə olan torpaq sahəsinin ölçüsü 0.100860 ha göstərilmişdir. xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin yerləşdiyi istfadədə olan torpaq sahəsinin ölçüsü 0.010230 ha göstərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ********** qeydiyyat nömrəli elektron çıxarışda “Torpaq sahəsinin ölçüsü (hektarla) olan qrafada 0.010230 ha rəqəminin 0.100860 rəqəminə dəyişməklə, onun bərpa olunmasını xahiş etmiş, cavabdeh iddiaçının tələbini bu hissədə təmin edərək, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış vermiş, həmin çıxarışda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.100860 ha göstərilmişdir. Belə olan halda aydındır ki, iddiaçının birinci tələbi cavabdeh tərəfindən təmin olunduğundan həmin hissədə yaranmış mübahisə artıq aradan qalxmışdır. İddia tələbinin ikinci hissəsinə gəldikdə, iddia ərizəsindən görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 11 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı tərtib edilmiş xx.xx.2022-ci il tarixli bölgü sxemin cavabdehin, yəni X5 razılığı olmadan təsdiq edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, birincisi, qüvvədə olan qanunvericiliyə əsasən tərtib edilmiş bölgü sxemin təsdiq edilməsi cavabdehin səlahiyyələrinə aid edilməmişdir. Qanunverici daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ilə bağlı müraciət edən şəxslərin xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, əmlaka dair hüquqmüəyyənedici sənədlər və müvafiq ərizə təqdim etdiyi halda bölgü sxemin tərtib edilməsini cavabdehə həvalə etmişdir, hansı ki, bu bölgü sxem əsasında bölünmüş əmlaka dair hər bir şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun reyestrdə ayrıca qeydiyyatı mümkündür. İşdən görünür ki, cavabdeh tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3372/2021 saylı qətnaməsi əsasında xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin bölgü sxemi tərtib edilmişdir. Həmin bölgü sxemə əsasən X5 mülkiyyətində olan A tikilisi üzrə istfadədə olan torpaq sahəsinin ölçüsü 0,05043 ha, iddiaçının mülkiyyətində olan B tkilisi üzrə istifadədə olan torpaq sahəsinin ölçüsü 0.05043 ha müəyyən edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, tərəflərin faktiki olaraq A tikilisi üzrə istfadəsində olan torpaq sahəsinin ölçüsü 915 kv.metr, B tikilisi üzrə istfadəsində olan torpaq sahəsinin ölçüsü isə 120.5 kv.metr təşkil edir. İşdən görünür ki, X8 xx.xx.2021-ci ildə ölmüş, onun vərəsəsi olan üçüncü şəxs X2 ev 11 ünvanında yerləşən A tikilisinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.100860 ha torpaq sahəsi də xüsusi mülkiyyət kimi İddiaçı və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının bölgü sxemin təsdiq edilməsini xahiş etdiyi torpaq sahəsi onun və X2 xüsusi paylı mülkiyyətindədir. İddiaçı hazırda üçüncü şəxslə paylı mülkiyyətində olan 0.100860 ha torpaq sahəsinin tərəflər arasında ½ hissədə bölünməsini əks etdirən xx.xx.2022-ci il tarixli bölgü sxemin təsdiq edilməsini xahiş edir ki, hansı ki, bu bölgü sxem faktiki bölgünü əks etdirmir. Belə ki, həmin torpaq sahəsinin böyük bir hissəsi - 915 kv.metr hazırda faktiki olaraq üçüncü şəxsin istifadəsindədir. Məhkəmə iclasında üçüncü şəxs N.Ryasnaya xx.xx.2022-ci il tarixli bölgü ilə razı olmadığını və onun faktiki istifadəsində olan 915 kv.metr torpaq sahəsinin ona məxsus olduğunu bildirdi. Beləliklə, göründüyü kimi, iddiaçı hazırkı iddia vasitəsilə onunla üçüncü şəxsin paylı mülkiyyətində olan torpaq sahəsinin bərabər hissədə olmaqla naturada bölünməsinə nail olmaq istəsə də, bu bölgü ilə bağlı paylı mülkiyyətçilər arasında razılıq mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 220.3-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İstinad olunan normalardan görünür ki, paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə bağlı tərəflər arasında razılaşma yoxdursa, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı halda tərəflər arasında paylı mülkiyyətin bölünməsi ilə bağlı razılıq, yaxud bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından iddiaçının hazırkı iddia vasitəsilə nail olmaq istədiyi məqsədə çatması, yəni ünvan 1 ünvanında yerləşən 0.100860 ha torpaq sahəsinin 0.05043 ha hissəsinin onun verilməsinə nail olması mümkünsüzdür. İddiaçı arzuladığı bu məqsədə nail olmaq üçün digər paylı mülkiyyətçiyə qarşı mülki mühakimə icraatı qaydasında öz payının naturada ayrılması ilə bağlı iddia qaldıra, yalnız müvafiq qərar qəbul edildikdən sonra bölgü sxemin tərtibi ilə bağlı cavabdehə müraciət edə bilər. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11688/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11688/2022
12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver