Məhkəmə qərarları › İş №2-1(112)-1169/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1169/2021

05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1169/2021 05.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəyən zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 2018-ci ilin avqust ayında ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müaciət edərək təqaüdçü olduğunu, sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını, təqaüdünün onun şəxsi eytiyaclarını ödəsə də, əlavə xərclərə maddi imkanının çatmadığını bildirmiş və Cavabdehnə müraciət edərək, onun özünəməşğulluq proqramına cəlb olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Onun müraciətindən bir neçə gün sonra o, Cavabdehnə dəvət edilmiş və heyvandarlıq sahəsi üzrə qeydiyyata alınmışdır. Bununla bağlı bütün tələb olunan sənədləri təqdim etmişdir. 2019-cu ilin aprel ayında o, yenidən Mərkəzə dəvət edilmiş, sənədləri yoxlandıqdan sonra istifadə edəcəyi torpağın fotoşəkillərini çəkib Mərkəzə təqdim etmişdir. Bu vaxta qədər o, bankdan təqaüdcü kimi heyvandarlıqla məşğul olması üçün 2000 manat məbləində kredit götürmüşdür. Ona aid olan torpaqda tövlə və ambar tikmişdir. Sonradan əlavə olaraq 1000 manat məbləğində borc götürmüşdür. X1 bildirilmişdir ki, təlimlər başlanan zaman ona məlumat veriləcəkdir, o vaxta kimi gözləməlidir. 2019-cu ilin sentyabr ayında özü Mərkəzə yenidən müraciət etmiş və ona bildirilmişdir ki, heyvandarlıq ləğv edildiyindən onu özünəməşğulluq layihəsi üzrə qeydiyyatdan çıxarmışlar. Sonra o, məcbur olub yenidən Nazirliyə müraciət etmiş və sonra Mərkəzə dəvət edilmiş və bu dəfə onu quşçuluq üzrə qeydiyyata almışlar. O, 2019-cu il oktyabr ayının 15-dən 25-nə kimi təlimlərdə iştirak etmiş, dərslərə cəlb olunmuşdur. 25 oktyabrda dərs əsnasında Mərkəzin müdriyyəti onu çağıraraq təqaüdçü olduğu üçün layihədən kənarlaşdırıldığını bildirmişdir. Nəticədə o, bir ildən coxdur ki, təqaüdünün 77 manatını əbəs yerə götürdüyü krediti ödəməyə borcludur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı iddia tələbində ona dəyən zərərin ödənilməsini tələb etsə də, dəyən zərəri konkret olaraq göstərməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif edilsə də, iddiaçı zərərin məhkəmə araşdırmasına əsasən müəyyən edilməli olduğunu hesab etdiyini və buna görə dəymiş zərəri dəqiq göstərmək niyyətində olmadığını bildirmiş və iddia tələbinin dəqiqləşdirilməsindən imtina etmişdir. Bundan başqa, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddia tələbinin mümkünlüyü şərtlərindən biri bu barədə iddiaçının məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqanlara müraciət etməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə tərəfindən təklif edilsə də, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmədiyini bildirdi və müraciət etməsi barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1-ci bənd). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2-ci bənd) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar