Məhkəmə qərarları › İş №2-1(112)-1169/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1169/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1169/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evin daşınmaz əmlakın mərhum atası X2 adına sənədləşdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri, Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi (keçmiş 26 Bakı Komissarı) ünvanda yerləşən fərdi yaşayış evində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu RİH Başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə X2 şəxsi mülkiyyətinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin), Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi (keçmiş 26 Bakı Komissarı) ünvanında yerləşən, ümumi sahəsi 161 kv.metr olan 52 nömrəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, tələbinin “ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 161 kv.metr olan 52 nömrəli evə dair mülkiyyət hüququnun vəfat etmiş mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, represiya dövründə iddiaçının babası İsrafil Hacıqulu oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin), Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi (keçmiş 26 Bakı Komissarı) ünvanında yerləşən, ümumi sahəsi 161 kv.metr olan 52 nömrəli ev məhkəmə tərəfindən müsadirə edilərək MİS-ə verilmişdir. 1956-cı ildə represiyaya məruz qalanlar haqqında əhv fərmanı çıxdıqdan sonra iddiaçının atası X8 iddiaçının babası İsrafil Hacıqulu oğluna məxsus 52 nömrəli evdə 27 kv.metr yaşayış sahəsi olan, heç bir kommunal şəraiti olmayan 2 otaq kirayələmiş və yaşamışdır. Ailə tərkibinin sayı artdıqca iddiaçının atası X2 müraciətləri əsasında otaqlar atasına qaytarılmışdır. xx.xx.1977-ci il tarixli, 0097 nömrəli müqaviləyə əsasən Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi (keçmiş 26 Bakı Komissarı) ünvanında yerləşən, ümumi sahəsi 161 kv.metr olan 52 nömrəli ev iddiaçının atası X5 verilmişdir. Bakı Şəhər İH-nin xx.xx.1991-ci il tarixli, 59 nömrəli qərarı ilə Maştağa qəsəbəsində yerləşən MİS-nin ləğv edilərək, 103 evin Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin sərəcamına verilməsini, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli fərmanına əsasən və ailə tərkibinin 9 nəfərdən ibarət olduğunu nəzərə alaraq Sabunçu RİH Başçısının Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyinin 23 may 1992-ci il tarixli, 40 saylı çıxarışına əsasən 52 nömrəli ev iddiaçının atası X5 qaytarılmış və Bakı şəhər TİB-dan həmin əmlaka dair texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. xx.xx.1992-ci il tarixdə iddiaçının atası X2 adına texniki pasport tərtib edilmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. “Azərbaycan Respublikasında Mənzil X3” xx.xx.1993-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “Maştağa qəsəbəsi, S.İ.Ağa küçəsi, 52 nömrəli evin X2 mülkiyyətinə verilməsi haqqında” Sabunçu RİH Başçısı xx.xx.1993-cü il tarixdə sərəncam vermiş və sərəncamın surəti MTİ-nə, TİB-ə və Maştağa qəsəbəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı Notariat Ofisinin 25 avqust 2020-ci il tarixli məktubuna əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 3 ünvanda yerləşən əmlaka dair X2 vərəsəsi İddiaçı adına vərəsəlik işi açılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək bildirmişdir ki, torpaq sahəsi qəsəbə nümayəndəliyi tərəfindən ayrılmış və qəsəbə nümayəndəliyinin torpaq ayırma səlahiyyəti olmamışdır. Eyni zamanda torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən idarənin mütəxəsislərinə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mülkiyyət hüququnun şəxsə məxsus olması barədə arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslılıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Lenin rayon XDS İK-nın xx.xx.1990-ci il tarixli, 34/13 nömrəli qərarından görünür ki, X8 9 nəfər ailə tərkibi ilə 26 ünvan 4 ünvanda kommunal şəraitsiz 27 kv.metr sahəsi olan 2 otaqlı mənzildə yaşayır. Həmin evdə M.Hacıquliyevə məxsus mənzillə ümumi divarı olan 12 kv.metr sahəyə malik mənzil boşalmışdır və M.Hacıquliyev həmin mənzilin ona verilmiş mənzilə birləşdirilməsini xahiş edir. Qərara əsasən Maştağa qəsəbəsi, 26 ünvan 5 ünvanda boşalan 12 kv.metr otaq M.Hacıquliyevə məxsus mənzilə birləşdirilmiş və o, 9 nəfər ailə üzvü ilə 3 otaqdan ibarət ümumi sahəsi 39 kv.metr olan mənzilin icarədarı hesab olunmuşdur. -Sabunçu RİH Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 40 saylı qərarına əsasən Maştağa qəsəbəsi, 26 Komissarı küçəsi 52 nömrəli ev Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli fərmanı əsasında X5 qaytarılmış və onun şəxsi mülkiyyətinə verilmişdir. Bakı şəhər TİB-dan X5 dair texniki pasport və qeydiyyat vəsiqəsi verilməsi xahiş olunmuşdur. - ünvan 2 (keçmiş 26 Bakı Komissarı), 52 saylı fərdi yaşayış evinə dair Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 09 iyun 1992-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, mübahisəli fərdi yaşayış evi 1966-cı ildə tikilmişdir, 5 otaqdan ibarətdir, yaşayış sahəsi 69,1 kv.metr, köməkçi sahəsi 95 kv.metr olmaqla, ümumi sahəsi 164,1 kv.metrdir, texniki pasport Maştağa qəsəbə nümayəndəliyinin 23 may 1992-ci il tarixli 40 nömrəli qərarına əsasən tərtib edilmişdir. - 27 mart 1956-cı il tarixli 087026 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1956-cı ildən anadan olmuş İddiaçı atası Hacı-quliyev Mollağa İsrafil oğlu, anası Hacı-quliyev Əsməd Məmməd-kərim qızıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 17 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli, 321 nömrəli məktubundan görünür ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası Hacı X6 qalmış miras əmlaka (ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan Hacı X7 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı hazırda mübahisəli evin atasına məxsus olmasına dair arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin yuxarıda sadalanan hallarından görünür ki, mərhum M.Hacıquliyev Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.1990-cı il tarixli qərarı ilə ünvan 2 (keçmiş 26 Bakı Komissarı), 52 saylı 5 otaqlı evin 3 otağının icarədarı hesab edilmiş, daha sonra qəsəbə nümayəndəliyi həmin evin ümumilikdə onun mülkiyyətə verilməsini qərara almışdır. Həmin qərar əsasında Texniki İnventarlaşdırma bürosu iddiaçının hüququnu tanımış və onun adına texniki pasport tərtib etmişdir. Həmin qərar ləğv edilməmişdir, hazırda qüvvədədir. Mərhum M.Hacı-quliyev həmin tarixdən vəfat etdiyi tarixədək mübahisəli evdə yaşamış, fasiləsiz istifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X17 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X15-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Məhkəmə hesab edir ki, mübahisəli dövlət orqanının qərarına M.Hacıquliyevin etimadının qorunması hüququ, mülkiyyətinə verilmiş fərdi yaşayış evinə isə qanuni gözləntisi olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlaka dair təqdim etdiyi sənəd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri kimi qəbul edilməli və iddia tələbi əsaslı sayılmaqla təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 164,4 kv.m olan 52 nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüququnun vəfat etmiş mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar