Məhkəmə qərarları › İş №2-1(112)-1169/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1169/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1169/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı «cavabdehin hərəkətsizliyinin qanunsuz sayılması və iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin Pasport və qeydiyyat şöbəsinə qarşı «yaşayış yeri üzrə qeydiyyata alınma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə iddia ərizəsində cavabdeh kimi “Bakı şəhəri Xəzər RPİ-nin Pasport və qeydiyyat şöbəsi”nin göstərilməsini formal xəta qismində qiymətləndirmiş və cavabdeh kimi “Bakı şəhəri Xəzər RPİ”-ni qəbul etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, iddaçı İddiaçı cavabdeh Xəzər rayon RPİ-nin Pasport və qeydiyyat şöbəsinə ünvanladığı 6 fevral 2023-cü il tarixli ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanına pasport qeydiyyatına alınması barədə müraciətinə bu günədək cavab alınmamışdır. Cavabdehin imtinası qanunsuz, əsassız və ədalətsiz hesab edilir. İddaiçı ailəsi ilə birlikdə ünvan 2 ünvanında 1992-ci ildən etibarən yaşayırlar. Sözügedən mənzil X1na məxsus olmuşdur. Belə ki, mənzilin şəxsi hesabı onun adına olmuş, daha sonra Bakı Aviasiya İstehsalat Birliyinin Mənzil Kommunal İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin və müdriyyətin Birgə iclasının 10 mart 2005-ci il 02 saylı qərarına əsasən mənzilin şəxsi hesabı X2 adından iddiaçının adına keçirilmişdir (qərar əlavə olunur). Onlar 26 may 1988-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və birgə nikahdan üç övladları olmuşdur. Əlavə olunmuş qonşuların notarial təsdiq olunmuş ərizəsinə əsasən İddiaçı və övladları – 1988-ci il təvəllüdlü X9, 1991-ci il təvəllüdlü oğlu X10 və 1989-cu il təvəllüdlü qızı X8 ilə birlikdə 1993-cü ildən ünvan 3 ünvanında qeydiyyatsız yaşaması təsdiq olunmuşdur. X1 12 yanvar 2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı övladları ilə birlikdə bugünədək həmin ünvanda yaşayırlar. Əlavə olunmuş 1 saylı Xüsusi təyinatlı MKTB-nin 111 saylı MKİS-in verdiyi 2 aprel 2021-ci il tarixli arayışına əsasən iddiaçının və ailə üzvlərinin sözügedən ünvanda qeydiyyatsız yaşaması təsdiq olunmuşdur. Hazırda mənzildə 31 il yaşamaqlarına baxmayaraq, pasport qeydiyyatında olmadıqlarından onlara müəyyən çətinliklər yaramır. Odur ki, daimi yaşadıqları mənzilə pasport qeydiyyatına alınmaq zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının və övladları – 1988-ci il təvəllüdlü X6, 1991-ci il təvəllüdlü X7 və 1989-cu il təvəllüdlü X4 1993-cü ildən yaşadıqları ünvan 3 ünvanına pasport qeydiyyatına alınması ilə bağlı cavabdeh Xəzər rayon RPİ-nin Pasport qeydiyyat şöbəsinə rəsmi müraciət olunsa da cavabdeh iddiaçının müraciətinə cavab verməmişdir. Odur ki, məsələnin məhkəmə yolu ilə həlli zərurəti yaranmışdır. Əlavə olunmuş poçt xəbərnaməsindən də aydın görünür ki, cavabdeh iddiaçının ərizəsini 8 fevral 2023-cü il tarixdə almışdır. Buna baxmayaraq, qanunda nəzərdə tutulan qaydada və müddətdə cavab verməmişdir. Göstərilənlərə əsaslanaraq və İPM-in 33.1, 33.2, 39.1-ci maddələrini rəhbər tutaraq, cavabdeh Xəzər rayon RPİ-nin Pasport və qeydiyyat şöbəsinin imtinasının qanunsuz hesab edilməsi və iddiaçının ailə üzvlərilə birlikdə daimi yaşadığı ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin imtinasının (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və iddiaçının ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdiriməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçınınnümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. İş materiallarında olan Bakı ŞİH MKTB 1 saylı Xüsusi Təyinatlı MKTB 29 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2 saylı bina 1 saylı Xüsusi Təyinatlı MKTB-nin balansındadır və 111 saylı MKİS-nin xidmət dairəsindədir. İş materiallarında olan Bakı şəhəri 1 saylı Xüsusi Təyinatlı MKTB 111 saylı MKİS-in məhkəməyə müvafiq sorğuya cavab olaraq ünvanlanmış 05 dekabr 2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2, 59 saylı mənzil Bakı Aviasiya İstehsalat Birliyinin Mənzil Kommunal İdarəsinin balansında olmuş, hazırda MKTB-nin balansındadır. Sözügedən mənzil xüsusi təyinatlı deyil. Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2, 59 saylı mənzil 029904 saylı 9 dekabr 1992-ci il tarixli orderə əsasən İsxakova Məryəmə verilmişdir. Bakı Aviasiya İstehsalat Birliyinin Mənzil Kommunal İdarəsinin Həmkarlar İttifaqı Komiitəsinin Rəyasət heyətinin və müdriyyətin Birgə İclasının 6 saylı 15 sentyabr 2000-ci il tarixli protokoluna və eyni tarixli sərəncamına əsasən mənzilin şəxsi hesabı X2 adına dəyişdirilmişdir. Bakı Aviasiya İstehsalat Birliyinin Mənzil Kommunal İdarəsinin Həmkarlar İttifaqı Komiitəsinin Rəyasət heyətinin və müdriyyətin Birgə İclasının 2 saylı 10 mart 2005-ci il tarixli protokoluna və eyni tarixli sərəncamına əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2, 59 saylı mənzilin şəxsi hesabı İddiaçı adına dəyişdirilmişdir. ünvan 3 ünvanında İddiaçı və övladları 1988-ci il təvəllüdlü X9, 1991-ci il təvəllüdlü X10 və 1989-cu il təvəllüdlü X8 ilə birlikdə 1993-cü ildən bu günədək qeydiyyatsız yaşayırlar. Yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı yaşadığı ünvana qeydiyyat alınması zəruri olduğundan (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti mövcud deyil), Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsi 2, 59 saylı mənzilinə binanın balanssaxlayıcının razılığı ilə köçürüldüyündən və sözügedən mənzildən başqa yaşayış yeri olmadığından, onun yaşadığı həmin ünvana qeydiyyata alınmasından imtina olunması, eləcə də bununla bağlı hərəkətsizlik qanuni sayılmamalı və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin hərəkətləri qanunsuz sayılmalı və İddiaçı ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin hərəkətləri qanunsuz sayılsın və İddiaçı ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar