Məhkəmə qərarları › İş №2-1(112)-11692/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11692/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11692/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı "doğum akt qeydinə düzəliş edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək təqdim edərək xx.xx.1981-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 3810 nömrəli doğum haqqında akt qeydində adının “Lalə”dən “Nərmin”ə dəyişdirilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun doğumu Nəsimi rayon qeydiyyat şöbəsində qeydiyyata alınarkən valideynləri onun adını Nərmin kimi qeyd etdirmiş və ona Nərmin adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçıya məxsus bütün sənədlərdə adı Nərmin kimi qeyd edilmişdir. İddiaçının adının doğum haqqında akt qeydində Lalə kimi qeyd edilməsindən məlumatı olmamışdır. O, yalnız doğum haqqında şəhadətnaməsi itdikdən sonra təkrar doğum haqqında şəhadətnamə əldə etmək üçün müraciət etdikdən sonra adının doğum haqqında akt qeydində Lalə kimi qeyd edildiyini öyrənmişdir. Ona məxsus digər sənədlərdə - şəxsiyyət vəsiqəsində, orta təhsil haqqında attestat, diplom və digər sənədlərdə adı “Nərmin” olaraq yazılmışdır. Ailə üzvləri, qohumları, digər tanışları onu “Nərmin” kimi tanıyırlar. İddiaçı yuxarıda qeyd edilən bu zidiyyətli halın aradan qaldırılması üçün ilk dəfə cavabdeh tərəfindən tərtib edilmiş 3810 nömrəli xx.xx.1981-ci il tarixli doğum haqqında akt qeydində adının “Lalə”dən "Nərmin”ə dəyişiklik edilməsinə dair ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və həmçinin bildirdi ki, onun doğum şəhadətnaməsi itmişdir. Lakin, şəhadətnamənin surəti var. O, adının doğum akt qeydində “Lalə” kimi qeyd edilməsindən məlumatsız olmuşdur. Yalnız yeni şəhadətnamə almaq üçün müraciət edərkən adının “Lalə” kimi yazıldığını bilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, əvvəlki dövrlərdə bəzən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında belə yanlışlıqlar olurdu. Belə ki, vətəndaşlar uşaqlarının adlarını əvvəzcə bir cür, sonra başqa cür yazdırmaq istəyəndə ola bilsin ki, VVAQ əməkdaşları akt qeydində dəyişiklik etmişlər. Qeyd edilənlərə əsasən nümayəndə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını, düzəlişin edilməsinin cavabdehin səlahiyyətləri xaricində olduğunu bildirdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi şəxsiyyət vəsiqəsi nəzərdən keçirilərkən soyadın “Kərimli”, adın “Nərmin”, ata adının “Şahlar” yazıldığı halda, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1981-ci il tarixli 3810 nömrəli doğum haqqında akt qeydində soyadın “Orucova”, adın “Lalə”, ata adının “Şahlar” qeyd edildiyi müəyyən edilmişdir. Bu səbəbdən müvafiq sənədin verilməsi mümkün olmamışdır. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İddiaçıya məxsus olan cavabdeh tərəfindən verilmiş Vİİİ-ЖГ seriyalı, 363895 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X3, anası X5r. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydlər kitabında xx.xx.1981-ci il tarixli, 3810 №-li qeyd aparılmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş 3810 nömrəli, xx.xx.1981-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadın “Orucova”, adın “Lalə”, ata adının “Şahlar” qeyd edildiyi görünür. İddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı, soyadı və ata adı “İddiaçı” kimi yazılmışdır. AZ-İ seriyalı, 255634 nömrəli 14 dekabr 2016-cı il tarixli Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X2 İddiaçı ilə olan nikahı ləğv edilmişdir. N seriyalı, 221159 nömrəli 29 iyun 1998-ci il tarixli Orta təhsil haqqında attestatda, A seriyalı, 096645 nömrəli 17 iyul 2002-ci il tarixli və MNB seriyalı, 010303 nömrəli xx.xx.2008-ci il tarixli diplomlarda iddiaçının adı, soyadı və ata adı “X4” kimi yazılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində doğum haqqında akt qeydində düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir (158.1.). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (158.2.). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (160.1.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (160.2.). Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir (161.1.). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər (161.2.). Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır (161.3.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasında göstərilmişdir ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (1.4.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır (10.2.). İşdən görünür ki, cavabdeh tərəfindən verilmiş doğum akt qeydində iddiaçının soyadı “Orucova”, adı “Lalə”, ata adı “Şahlar” kimi qeyd edilmişdir. Lakin, iddiaçının həmin akt qeydinə əsasən verilmiş doğum haqqında şəhadətnaməsində, habelə digər sənədlərində adı “Nərmin” kimi yazılmışdır. Yəni doğum akt qeydində iddiaçının adı səhv göstərilmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.1981-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 3810 nömrəli doğum akt qeydində uşağın adı qrafasında “Lalə” adına düzəliş etməklə “Nərmin” kimi yazılması vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1981-ci il tarixdə, Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 3810 nömrəli doğum akt qeydində uşağın adı qrafasında “Lalə” adına düzəliş etməklə “Nərmin” kimi yazılması vəzifəsi cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar