Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11695/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı direktoru Nümayəndə və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı Apellyasiya Məhkəməsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində X2 Bakı şəhər İdarəsi İddiaçı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin pozulmasına görə protokol tərtib edərək Nərimanov rayon Məhkəməsinə göndərmişdir. Nərimanov rayon Məhkəməsi də protokol əsasında iddiaçının 5000 (beş min) manat cərimələnməsi haqqında qərar qəbul etmişdir. Həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişlər. Çünki X2 Bakı Şəhər İdarəsi protokol tərtib etdikdən sonra göndərdiyi xəbərdarlıq müddətini pozmuşdur. Bu öz təsdiqini Bakı Apellyasiya Məhkəməsində tapsa da, hakim buna fikir verməmişdir. X2 Bakı şəhər Baş İdarəsi protokolu İXM-in maddələrini pozaraq qəbul etmişdir. Belə ki, İXM-in 101-ci maddəsində protokolun tərtib olunma müddətləri göstərilib. Protokol inzibati xəta aşkar olunduğu an yazılmalıdır, əlavə araşdırmaya ehtiyac duyduqda 2 gün müddətində tərtib oluna bilər. X2 Bakı Şəhər İdarəsi protokolu nə zaman aşkar edib, nə zaman tərtib edib və bunu tərtib edən zaman yanında kim olub? X2 Bakı Şəhər İdarəsi hüquqi şəxsə istədiyi zaman protokol tərtib edib xəbərsiz məhkəməyə göndərə bilərmi? İddiaçı MMC protokolun tərtib olunması və Məhkəmənin qərar çıxardığını icra məmuru zəng etdiyi zaman bilmişdir. Məhkəmələr prosessual pozuntuya göz yumub sadəcə cəriməni ödətmişlər. İnzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan 48 saatadək müddətə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Əgər 48 saat müddətə hakimə göndərilməsə, hakim həmin porotokola baxmamalı və cərimə tətbiq etməməlidir. Amma məhkəmə iddiaçı tərəfdən xəbərsiz bütün bu prosessual pozuntulara göz yummuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin mümkünlük məsələsinin müzakirə edilməsi üçün hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; -2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırkı halda iddia tələbinin yönəldiyi Bakı Apellyasiya Məhkəməsi həmin siyahıda inzibati orqan kimi nəzərdə tutulmamışdır. İddiaçı tərəfin iddia ərizəsindən və məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçının məqsədi məhkəmə qərarının ləğv edilməsi ilə bağlıdır. Qanunda verilmiş anlayışa görə qərarın inzibati akt olması üçün o müəyyən tələblərə cavab verməlidir. Yəni həmin qərar inzibati orqan tərəfindən qəbul edilməli, publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmalı və ya həll etməli, eyni zamanda da ünvanlandığı hüquqi və fiziki şəxslər üçün hüquqi nəticələr yaratmalı və qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Məhkəmə qərarı isə bu xüsusiyyətlərə malik olmadığından inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.1-ci bəndlər). Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi qurum inzibati orqan olmadığından və mübahisələndirilən məhkəmə qərarı inzibati akt hesab edilmədiyindən işə inzibati qaydada baxıla bilməz. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilməməlidir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddianın mümkün sayılmamasını nəzərə alaraq cavabdehin işə üçüncü şəxsin cəlb edilməsi ilə əlaqədar vəsatətinə münasibət bildirməyə zərurət görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-11695/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11695/2023
21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver