Məhkəmə qərarları › İş №2-1(112)-11699/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11699/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11699/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı Oqtay oğlunun xx.xx.1968-ci ildə Xocalı rayonunda doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 1.İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “İddiaçı Oqtay oğlunun xx.xx.1968-ci ildə Xocalı rayonunda doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1968-ci ildə Xocalı rayonunda anadan olmuşdur. Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırım nəticəsində 1992-ci ildən məcburi köçkün düşmüşdür. İddiaçının atası İ Vətən Müharibəsi zamanı şəhid olmuşdur. Hazırda iddiaçı Bakı şəhəri, Xətai rayonunda məskunlaşır. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət edən zaman doğum haqqında akt qeydinin bərpa edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı öz rayonundan məcburi köçkün düşənədək doğum haqqında şəhadətnaməsi mövcud olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət”Mərkəzində qeydiyyat şöbəsinin 11 avqust 2023-cü il tarixli məhkəməyə göndərdiyi məktubunda göstərilmişdir:” vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə şöbənin adına Xocalı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Lakin araşdırma nəticəsində müəyyən edilmişdir ki, Xocalı rayon qeydiyyat şöbəsi tərəfindən 1968-ci illərdə tərtib edilmiş akt qeydlərinin mühafizəsi 1-ci Vətən müharibəsi zamanı mümkün olmamışdır. Və vətəndaşa bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetnin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənləri seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir.Vətəndaş doğumun qeyd edilməsinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim etmədiyi üçün ərizəsinin təmin mümkün olmamış və bu barədə vətəndaşa rəsmi məktub təqdim edilmişdir. Yuxarıda adı çəkilmiş müddəaların 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu səbəblə məhkəməyə müraciət etmək izah edilmişdir. ”

4. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinə əsasən: -13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 13-cü, 48-ci, 49-cu maddələrinə əsasən iddiaçıya yardım göstərmək, həmçinin işin hallarını və mübahisənin vəziyyətini tərəflərin iştirakı ilə müzakirə etmək məqsədi ilə məhkəmə iclası keçirmişdir. 5.Məhkəmə iddiaçının dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iddiası mümkün sayılmamalıdır. 6.Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. - 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər 7.“Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” 01 mart 2001-ci il tarixli, 152 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» ına əsasən, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarına əsasən: -13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. -15. Vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. -16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. -17. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır. -18. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Ərizə sahibinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında aktın qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

19. Vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

20. Rəy toplanmış bütün materiallarla birlikdə itirilmiş qeydin olduğu yerdəki qeydiyyat şöbələrində və konsulluq idarələrində bərpa qeydiyyat kitabında qeydə alınır.

21. Vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, qeydiyyat şöbələri və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır.

22. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsində göstərilmişdir: “1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.” 9.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən - 25.2.-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. - 305.1.-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; - 307.1. –ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.-ci maddəsinə əsasən, məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;

10. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarının 4.-cü bəndinə əsasən Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna əsasən göndərdiyi 14 avqust 2023-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1968-ci il təvəlüdlü Xocalı rayonunda anadan olmuş İddiaçı doğumu haqqında akt qeydinin surətinin istənilməsi ilə bağlı müraciətinə baxılmışdır. “Vətəndaşlıq vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı doğumu haqqında akt qeydi aşkar edilmədi Xocalı rayonunun vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dair sənədləri Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində 1989-cu ildən saxlanılır.”

12. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, xx.xx.1968-ci il təvəlüdlü Xocalı rayonunda anadan olmuş iddiaçının doğum haqqında sənədi (doğum haqqında şəhadətnamə)yoxdur, belə ki, müharibə zamanı itirilmişdir. Mövcud qanunvericiliyə əsasən aktın itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

13. Hazırda iddiaçı doğum haqqında şəhadətnaməni və ya qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qeydiyyat orqanına və ya məhkəməyə təqdim etməmişdir, belə ki belə sənədlər mövcud deyil. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, məcburi köçkün və şəhid ailəsi olması barədə vəsiqələri, X1 ölüm haqqında şəhadətnamə- iddiaçının doğum akt qeydinin bərpasına əsas vermir, bu sənədlərdə doğum akt qeydinın bərpası üçün mühüm və zəruri olan məlumatlar: iddiaçının atası, anası barədə məlumatlar- əks olunmamışdır.

14. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarında iddiaçının doğum akt qeydinin bərpası üçün hüquqi əhəmiyyəti faktının (iddiaçının ata və anası barədə məlumatların ) müəyyən edilməsi məsələsinə ümumi məhkəmədə baxılmalıdır. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

18. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt mövcud olmadığından, “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar