Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1170/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan-ölçünün tərtib edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 1 ünvanda yerləşən 778v saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alılnması və texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********13 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən ləğv edilmiş DTXK tərəfindən verilmiş “Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair” JN 20536D saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Həmçinin, qeyd edilən bağ nömrəsinin göstərilən əraziyə aidiyyəti yoxdur. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsinə malik, 778v saylı bağ sahəsinə dair texniki pasport tərtib edilməklə, bu barədə müvafiq qeydiyyat aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 ərazisində yerləşən 0,12 ha sahəsi olan 778V saylı bağ sahəsinin naturada yerləşmə vəziyyətinə uyğun olaraq sxematik xəritəyə uyğunlaşdırmaqla plan-ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, halhazırda mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 ünvanda yerləşən 778v saylı 0,12 hektar bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsi, sahənin keçmiş mülkiyyətçisi X6 ilə aralarında bağlanmış 16 dekabr 2021-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında satın alınmışdır. Torpaq sahəsi ona satılarkən qanunvericiliyin bütün tələblərinə əməl olunaraq, torpaq sahəsinin alqı-satqı müqaviləsinin predmeti olması üçün tələb olunan bütün zəruri sənədlər mövcud olmuş və notariusa təqdim olunmuşdur. Ərizəsinə əlavə etdiyi, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05A4/1937 saylı arayışdan göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 ünvanda yerləşən 778v saylı 0,12 hektar torpaq sahəsinə malik bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində, 1060 nömrəli reyestr kitabının 101175 vərəqində qeydiyyata alınmaqla, üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Eyni zamanda, bu torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 20536D, KOD 00500003 saylı Şəhadətnamədə torpaq sahəsinin yerləşmə koordinatları əks olunmaqla sərhədlərinin ölçüsü göstərilmişdir. Müvafiq sənədləri təqdim etməklə xx.xx.2021-ci il tarixdə və təkrarən xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək mülkiyyətində olan bağ sahəsinə dair texniki pasport tərtib etməklə qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ünvanına göndərilmiş cavablarla onun haqlı tələbi təmin edilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, göstərilən ərazi sxematik xəritəyə əsasən 800-810 saylı bağların ərazisinə uyğun gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 104 saylı orderdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 730 saylı qərarı ilə X4 0,12 ha sahəsi olan 778v saylı bağ sahəsi ayrılmışdır. - JN-19404D, KOD 00500003 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bağlar Təsərrüfatı İdarəsinin 104 saylı orderinə əsasən 778v saylı bağ sahəsinə Solmaz Əliyevin mülkiyyət hüququ xx.xx.2005-ci il tarixdə 2095 nömrə ilə qeydə alınmışdır. - xx.xx.2005-ci il tarixli AN-İ №0036962 nömrəli alqı satqı müqaviləsindən görünür ki, X7 JN-19404D, KOD 00500003 olan xx.xx.2005-ci il tarixdə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Vişnyovka - 1 bağ massivində yerləşən 0,12 hektardan ibarət torpaq sahəsini X3 mülkiyyətinə verilmişdir. - X3 adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-20536D, Kod 00500003 seriya nömrəli Şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontorunun 08 aprel 2005-ci il tarixli 4Ə/2-215 saylı alqısatqı müqaviləsi ilə satılmış 0,12 hektar Vişnyovka - 1 bağ massivində yerləşən 778v saylı bağ sahəsi onun mülkiyyətinə verilmişdir. - AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə ona verilmiş seriya nömrəsi JN-20536D, Kod 00500003 olan şəhadətnaməyə əsasən tam mülkiyyət üzrə 0,12 ha torpaq sahəsini İddiaçı satmışdır. - İşdə olan xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan ünvanında yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Tikili yoxdur. Bundan əlavə, ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından, həmçinin bağ nömrəsi sxematik xəritədə müşahidə olunmadığından 778v saylı bağın sənəd üzrə sahəsini müəyyənləşdirmək mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqları kateqoriyasına aiddir. Həmçinin, qeyd olunan əraziyə dair digər fiziki şəxsin müraciəti yoxdur. Torpaq sahəsi 811 saylı bağın indeksləri və bölünənlərinin ərazisinə uyğun gəlir. JN 20536D saylı şəhadətnamənin elektron bazada yerləşməsində fərq olduğu üçün naturada koordinatlarının müəyyən olunması mümkün olmamışdır. Şəhadətnamə iddia olunan sahəyə uyğun gəlmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı mübahisəli torpaq sahəsini alqısatqı əsasında əldə etmiş, onun həmin sahəyə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: -1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. -2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. -4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. -5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. -6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. -7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. -8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. -9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinə əsasən: - 1. Torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. - 2. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. - 3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə aşağıdakılar göstərilməlidir: müqavilənin tərəfləri; müqavilənin növü; müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar da daxil olmaqla, torpaq sahəsinin hüquqi rejimi, dövlət torpaq reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən daşınmaz əmlak barədə məlumatlar (tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər); müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın əldə edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya digər əsas); torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağanlar qoyulması (əmlakın həbs edilməsi və ya digər səbəb nəticəsində) barədə qeydlər; torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-olmaması barədə göstərişlər (ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və digər göstərişlər); torpaq sahəsi üzərində hüquqların verilməsi tarixi; əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri; tərəflərin öhdəlikləri. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq publik hüquqi şəxsin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nə əsasən: - 3. Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. - 5. Bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları"nın 23.4-cü bəndinə əsasən daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın 13-cü bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair texniki sənədlərin verilməsi fiziki və hüquqi şəxslərin ərizələri əsasında həyata keçirilir (bənd 13.1). Texniki sənədlər, o cümlədən texniki pasport dövlət və ya bələdiyyə orqanlarının sorğusu, daşınmaz əmlak obyektlərinin mülkiyyətçilərinin və ya onların səlahiyyətli nümayəndələrinin isə ərizəsi əsasında verilə bilər (13.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir (bənd 4.1). Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur (bənd 4.2). Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən ilk növbədə həmin torpaq sahəsinə dair plan və ölçü tərtib edilməli, daha sonra hüquqların dövlət qeydiyyatı həyata keçirilməlidir. İşdən olan sənədlərdən görünür ki, Bakı şəhəri, Vişnyovka - 1 bağ massivində yerləşən 0,12 hektardan ibarət 778v saylı bağ sahəsinə dair mülkiyyət hüququ ilk dəfə 2005-ci il tarixdə qeydə alınsa da, cavabdeh həmin torpaq sahəsi ilə bağlı plan və ölçü tərtib etməmiş, həmin tarixdən sonra torpaq sahəsinə mülkiyyət hüququ bir neçə dəfə dəyişsə də, cavabdeh torpaq sahəsi ilə bağlı plan ölçü verməmişdir. Baxmayaraq ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə əsasən torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınarkən təqdim edilməli sənədlədən biri də plan və ölçüdür, hansı ki, həmin sənəd cavabdeh tərəfindən tərtib edilməlidir. Belə olan halda ayındır ki, iddiaçı hazırda mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsini tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən qeyd edilən bağ nömrəsinin göstərilən əraziyə aidiyyəti olmadığını bidirsə də, məhkəmə sorğusuna cavab olaraq həmin nömrənin sxematik xəritədə olmadığını, habelə JN 20536D saylı şəhadətnamənin elektron bazada yerləşməsində fərq olduğu üçün naturada koordinatlarının müəyyən olunmasının mümkün olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh JN 20536D saylı şəhadətnamədə göstərilən torpaq sahəsinin naturada yerini müəyyən edə bilmirsə, deməli, iddiaçının göstərdiyi torpaq sahəsinin həmin şəhadətnamədəki 778v saylı bağ sahəsinə uyğun gəlmədiyini də iddia edə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin bağın qonşuluğunda yerləşən bağların 811 saylı bağın indeksləri və bölünənlərinin ərazisinə uyğun gəldiyini, buna görə də həmin ərazinin 778v saylı bağ olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, bağ sahələri ilə bağlı tərtib edilən sxematik xərtiələr uzun müddət əvvəl tərtib edildiyindən hazırkı faktiki vəziyyəti əks etdirmir. 2005-ci ildən dövlət qeydiyyatına alınmış və hazırda iddiaçının mülkiyyətində olan 778v saylı bağın nömrəsinin sxematik xəritədə olmaması bu halın əyani sübutudur. O da qeyd edilməlidir ki, ilkin dövrlərdə bağ sahələrinin 0,25 ha ayrılması nəzərdə tutulmuş, sonradan həmin sahələr bölünərək digər vətəndaşlara verilmiş, bu zaman yeni verilmiş bağları fərqləndirmək üçün bağ sahələrinin nömrələrinə müvafiq hərflər əlavə edilmişdir. Sonradan bölünmüş həmin bağların sxematik xəritəsini tərtib etmək, yaxud mövcud sxematik xəritəni həmin vəziyyətə uyğunlaşdırmaq isə iddiaçının deyil, müvafiq səlahiyyətli dövlət orqanlarının məsuliyyətində olmuşdur. Buna görə də, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin hazırkı dəlilləri iddiaçının müılkiyyətində olan torpaq sahəsinə dair texniki sənəd olan plan və ölçünün tərtib edilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka 1 ərazisində yerləşən 0,12 ha sahəsi olan 778V saylı bağ sahəsinə dair sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla İddiaçı adına torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1170/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1170/2023
07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver