Məhkəmə qərarları › İş №2-1(112)-11701/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11701/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11701/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, hazırda Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı, 26 aprel 2022-ci il tarixli sorğusu ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair müraciət etmişdir. Lakin cavabdeh onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında 10 may 2022-ci il tarixli, ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərara əsasən, 04 mart 1970-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar İddiaçı, xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək), Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmaması halı və eyni zamanda, AR Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndləri ilə əsaslandırılmışdır. Sonra sözügedən qərarla razılaşmayaraq, şikayətlə müraciət olunmuşdur. Lakin həmin şikayət təmin edilməmiş və bu barədə AR DMX Təşkilat-Nəzarət Baş İdarəsi xx.xx.2022-ci il tarixli k/inz-1527 nömrəli məktubla münasibət bildirmişdir. Sözügedən məktub xx.xx.2022-ci il tarixində poçt vasitəsilə verilmişdir. Aşağıda göstərilən səbəblərə və əsaslara görə, cavabdehin sözügedən 10 may 2022-ci il tarixli ******* nömrəli qərarı ilə razı deyildir. Belə ki, İddiaçı 04 mart 1970-ci il tarixində Qazax rayonunun Qazax şəhərində doğulmuş və bu barədə Qazax Rayon VVADQ şöbəsinin 12 dekabr 2003-cü il tarixli AZ-İ 392397 nömrəli doğum haqqında şəhadətnaməsi mövcuddur. Onun atası X6 Azərbaycan Respublikasında doğulmuş və Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin xx.xx.2016-cı ildə vəfat etmişdir. X2 da Azərbaycan Respublikasında doğulmuş və Azərbaycan Respublikasının vətəndaşıdır və bunu təsdiq edən şəxsiyyət vəsiqəsi vardır. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikasında doğulmaqla yanaşı, həm də Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixli sorğusu əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixdə ******* saylı qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, o, 1970-ci ildə Azərbaycan Respublikasında doğulsa da, sonradan Rusiya Federasiyasına getmiş və həmin ölkənin vətəndaşıdır. Qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi, 4.1.1-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək -1998-ci il oktyabrın 7dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-nin vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Bundan başqa, DMX-nin yuxarıda qeyd olunan qərarı 2022-ci ilin mayın 16-da şəxsə DMX tərəfindən təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 10 may 2022-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir və qeyd edilən qərarla İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır; İddiaçının nümayəndəsi X4 tərəfindən 14 iyun 2022-ci il tarixli, Azərbaycan Respublikası Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova ünvanlanmış ərizəsinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ilə nümayəndəsi olduğu İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 79.3-cü maddəsinə əsasən şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarında iş üçün əhəmiyуət kəsb edən faktiki və hüquqi hallar təqdim olunmuş sübutlar əsasında düzgün olaraq qiymətləndirilmiş və qəbul edilmiş inzibati akt qanunvericiliyə müvafiq olaraq əsaslandırılmışdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli ******* nömrəli qərardan verdiyi inzibati şikayət təmin edilməyərək qərar dəyişdirilmədən saxlanılmışdır; AZ-İ 392397 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı 04 mart 1970-ci ildə Qazax şəhərində doğulmuşdur, atası kimi X3, anası kimi X7 qeydə alınmışlar, hər iki şəxsin milliyyəti azərbaycanlı kimi qeyd edilmişdir; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin sorğuya 06 oktyabr 2022-ci il tarixli, 018-23416-1222 nömrəli cavab məktubuna əsasən iddiaçının Azərbaycan Respubikasının ərazisində qeydiyyatı barədə məlumat aşkar olunmamışdır. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və huquqi bağlılığı, qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Şəxsin Azərbaycan Respublikası vətəndaşı sayılmasının əsasları 30 sentyabr 1998ci il tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur, həmin qanunun 5-ci maddəsi Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət adlanır. Həmin maddənin tələbinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İPM-in 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi. İddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməsi üçün iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi günədək (yəni xx.xx.1998-ci il tarixədək) yaşayış yeri üzrə Azərbaycan Respublikasının ərazisində qeydiyyatda olmalı idi. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə görə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin “Qaydalar”ın 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəalardan göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan əsas diqqətini onun özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. İnzibati orqanın Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina ilə bağlı qərarından görünür ki, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-cı il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Qeyd edilənlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 06 oktyabr 2022-ci il tarixli, 018-23416-1222 nömrəli məktubu ilə öz təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra iddiaçı həmin qanuna müvafiq olaraq Azərbaycan Respublikası vətəndaşlığı əldə etməmişdir. İddiaçının tələbinin əsaslandırdığı yuxarıda adı çəkilən “Qaydaların” 4.1.4.1-ci yarımbəndi ilə bağlı məhkəmə qeyd edir ki, həmin yarımbəndə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxsin doğulduğu anda valideynlərindən biri və ya hər ikisinin Azərbaycan Respublikasının vətəndaşı olması şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını şərtləndirən hallardan biri kimi nəzərdə tutulmuşdur. Lakin qeyd edilən hal-hazırkı iş üzrə müəyyən edilməmişdir. Belə ki, iş üzrə İddiaçı doğulduğu anda (04 mart 1970-ci il) valideynləri Azərbaycan Respublikasının vətəndaşı deyil, Azərbaycan SSR-in vətəndaşı olmuşdur. İddiaçının istinad etdiyi yarımbənddə şəxsin valideynlərindən biri və ya hər ikisinin Azərbaycan SSRin vətəndaşı olması halı qeyd edilməmiş və həmin “Qaydalar”ın 2.2.1-ci yarımbəndində “və ya Azərbaycan SSR-in vətəndaşı” olma halının ayrıca qeyd edilməsi, iddiaçının istinad etdiyi 4.1.4.1-ci yarımbənddə “Azərbaycan Respublikasının vətəndaşı” ifadəsinin “Azərbaycan SSR-in vətəndaşı” ifadəsini də ehtiva etməməsi qənaətinə gəlməyə əsas verir. Beləliklə, həmin yarımbəndin tələbləri konkret müəyyən olunduğundan genişləndirici şərh verilməsi yolverilməzdir. “İnzibаti icrааt hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 2.0.7-ci mаddəsinə əsаsən, diskrеsiоn səlаhiyyətlər qаnunlа inzibаti оrqаnа və yа vəzifəli şəхsə mümkün qаnunа uyğun qərаrlаrdаn birini sеçmək hüququnun vеrilməsidir. İPM-in 73.3.1-ci mаddəsinə əsаsən, inzibаti оrqаn tərəfindən diskrеsiоn səlаhiyyət əsаsındа qərаr qəbul еdildikdə məhkəmə bir qаydа оlаrаq iddiаçının tələbinə uyğun qərаr qəbul еdə bilməz. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasından qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin еdilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar