Məhkəmə qərarları › İş №2-1(112)-11702/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11702/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11702/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı qanun pozuntularının müəyyən edilməsi məqsədilə təftiş keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, X10 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "xxxx" Kollektiv Müəssisəsinin təsərrüfat fəaliyyətinin tam araşdırılması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədilə təftiş keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci ildə "xxxx" Müəssisəsi özəlləşdirilərək "xxxx" özəl kollektiv müəssisəsi yaradılmışdır. Müəssisə 300-dən çox kollektiv üzvlərinin əmək haqqları hesabına dövlətdən alınaraq özəlləşdirilməsi nəticəsində yaradılmışdır. Sonradan, 03 sentyabr 1996-cı il tarixində müəssisə yenidən təşkil edilmiş, nizamnaməsi kollektivin ümumi iclasında təsdiq edilmiş və 25 noyabr 1996-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunaraq “Dövlət qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. 1991-ci ildən 2017-ci ilədək müəssisənin direktoru X11 olmuş və o, 2017-ci ildə vəfat etmişdir. Bundan sonra heç bir yığıncaq, iclas keçirilməmişdir. "xxxx" Kollektiv müəssisəsinin 23 avqust 2010-cu il tarixli ümumi iclasında əmlakların inventarlaşdırılması, qiymətləndirilməsi və satılması üçün 7 nəfərdən (Hüseynov Loğman, İddiaçı1, Efendiyev Sahib, Həsənov İlqar, Şahverdiyev Cəbrayıl, Cahangirova Rəbiyə, Əliyeva Svetlana) ibarət aşağıdakı komissiya yaradılmışdır. Kollektiv müəssisənin direktorunun ölümündən sonra, guya 18 may 2017-ci il tarixində keçirilmiş ümumi yığıncaqda müəssisənin yeni idarə heyətinin sədri X12, üzvü isə X1. Bildirirlər ki, belə bir iclas ümumiyyətlə keçirilməmiş, sadəcə formal olaraq protokol tərtib edilərək vergi orqanına təqdim edilmişdir. Həmin iclas barədə müəssisə üzvlərinin, hətta yuxarıda qeyd edilən komissiya üzvlərindən X12 və X2 başqa digərlərinin belə xəbəri olmamışdır. Həmçinin onu da qeyd etmişlər ki, cavabdeh X12 18 may 2017-ci il tarixində idarə heyətinin sədri seçilməsinə baxmayaraq, müəssisə üzvlərinin xəbəri olmadan 15 aprel 2016-cı il tarixdən qanuni təmsilçi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçmişdir. Bu isə onu göstərir ki, kollektiv müəssisənin rəhbərliyi onun əmlaklarını mənimsəmək məqsədi ilə qanunsuz olaraq təşkil edilmiş, bununla da, müəssisənin üzvlərinin konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Digər tərəfdən, qanunsuz seçilməsinə baxmayaraq, müəssisənin rəhbəri nizamnamənin maddələrinin tələblərinə də, əməl etməmiş, müəssisə üzvlərinə (sahibkarlara) müəssisənin təsərrüfat fəaliyyəti, onun əmlaklarının vəziyyəti, hansı əmlakın nə məqsədlə və hansı qiymətə satılaraq haraya sərf edilməsi barədə heç bir məlumat verməmişdir. Halbuki, Nizamnaməyə görə müəssisənin əmlakları yalnız ümumi yığıncaqda səsvermə vasitəsilə satıla və ya barəsində rəhbərlik tərəfindən üzvlərə hesabat verilməlidir. Bundan başqa, bugünə kimi müəssisədə nizamnamədə nəzərdə tutulan daxili komissiyalar yaradılmamış, möhür, ştamp və müəssisəyə aid olan digər rəsmi sənədlər, əmlakların faktiki qalığının təhvil-təslim aktları tərtib olunmamışdır. Sonradan ona məlum olmuşdur ki, 15 aprel 2016-cı il tarixində "xxxx" X4rumlarının dövlət reyestrində qeydə alınmış (VÖEN: **********) və X3 qanuni təmsilçisi təyin olunmamışdır. "xxxx" Kollektiv Müəssisəsinin təsərrüfat fəaliyyəti və əmlakları ilə bağlı mübahisə yaranmışdır. Dəfələrlə üzvlər tərəfindən müəssisənin rəhbərliyinə müraciət edərək, yığıncaq keçirilməsi, onlara lazımi məlumatların və hesabatın verilməsini xahiş etsələr də, rəhbərlik tərəfindən buna əməl olunmamış, müəssisənin nizamnaməsi ilə müəyyən edilmiş qanuni hüquqları pozulmuşdur. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə müraciət edərək, müəsisədə təftiş aparılaraq vergi ödənişləri ilə əlaqədar qanun pozuntularının, müəssisənin fəaliyyəti ilə bağlı məlumatların müəyyən edilməsini xahiş etsələr də, rəhbərlik tərəfindən buna əməl olunmamış, müəssisənin nizamnaməsi ilə müəyyən edilmiş qanuni hüquqları pozulmuşdur. Bununla bağlı dəfələrlə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edərək, müəssisədə təftiş aparılaraq vergi ödənişləri ilə əlaqədar qanun pozuntularının, müəssisənin fəaliyyəti ilə bağlı məlumatların müəyyən edilməsini xahiş etsələr də, onlara müsbət cavab verilməmişdir. Sonuncu dəfə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti tərəfindən **********525200 saylı, 21 yanvar 2021-ci il tarixli məktubla onlara bildirilmişdir ki, vergi orqanının səlahiyyətinə aid olan məsələlər Vergi Məcəlləsinin 24.0.5.1-ci maddəsinə əsasən, "xxxx" Kollektiv Müəssisəsində keçiriləcək vergi nəzarəti tədbirləri zamanı araşdırılma məqsədilə aidiyyəti vergi orqanı tərəfindən nəzarətə götürülmüşdür. Lakin, bu günə kimi cavabdeh tərəfindən müraicəti ilə bağlı heç bir tədbir görülməmiş, müraciətlərinə cavab məktubunda verilən vədlərə əməl olunmamışdır. Odur ki, mübahisənin məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən idida ərizəsinə münasibət bildirilməsi üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə vəsatət təqdim edilərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı1 və qeyrilərinin iddia ərizəsi mümkünsüz hesab edilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların konkret növləri göstərilmişdir. Hazırkı iş üzrə isə qaldırılmış iddia tələbi iddiaçılar tərəfindən məcburetmə haqqında iddia kimi təsnifləndirilsə də, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində nəzərdə tutulan və inzibati icraat qaydasında baxılan iddia növlərindən hər hansı birinə aid deyildir. Belə ki, İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd edirlər ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsəsən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bildirirlər ki, iddiaçıların “cavabdeh Dövlət Vergi Xidmətinə "xxxx" kollektiv müəssisənin təsərrüfat fəaliyyətinin tam araşdırılması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədi ilə təftiş keçirilməsi vəzifəsinin həvalə edilməsi” tələbi ilə çıxış etmələrinə baxmayaraq, iddia ərizəsində Dövlət Vergi Xidməti tərəfindən onlara münasibətdə konkret olaraq hansı hərəkətlərin edilməsi onların hüquqlarına və qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxartdığı əsaslandırılmamışdır. Bununla bağlı qeyd edirlər ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası; Ali Məhkəməsi Plenumunun Qərarının 4.1 -ci bəndində qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırki iddia tələbi üzrə isə iddiaçıların subyektiv hüquqlarının olmaması ilə yanaşı, cavabdeh qismində göstərilmiş Dövlət Vergi Xidmətinin üzərinə hər hansı müəssisənin təsərrüfat fəaliyyətinin tam araşdırılması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədi ilə təftiş keçirilməsi vəzifəsi qoyula bilməz. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirtmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göründüyü kimi, vergi ödəyicilərinə münasibətdə hər hansı nəzarət tədbirinin keçirilməsi vergi orqanının vəzifələrinə deyil, imperativ səlahiyyətlərinə aid olduğundan iddiaçıların tələbi əsassız və qanunvericiliyin normalarına ziddir. Digər tərəfdən isə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin həmin Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxslərə ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. Bununla yanaşı, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsində həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsində qeyd edilmişdir ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Hazırki iddia ərizəsinə nəzər salındıqda görünür ki, iddia tələbi "xxxx" kollektiv müəssisənin təsərrüfat fəaliyyətinin tam araşdırılması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədi ilə təftiş keçirilməsi vəzifəsinin həvalə edilməsi”dən ibarət olmuş və məhkəməyə təqdim olunmuş iddia ərizəsi İddiaçı1, İddiaçı3, İddiaçı4 və X10 tərəfindən imzalanmışdır. Lakin, həmin şəxslərdən heç biri kollektiv müəssisənin adından məhkəmədə çıxış etmək, onu təmsil etmək hüququna malik deyildirlər, o cümlədən iddia tələbi üzrə hər hansı subyektiv hüquqları mövcud deyildir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddiaçılar İddiaçı1 və qeyrilərinin həm subyektiv hüquqları olmadığına görə, həm də cavabdeh Dövlət vergi Xidmətinin həmin iddia üzrə cavab verməli şəxs olmadığına görə "xxxx" kollektiv müəssisənin təsərrüfat fəaliyyətinin tam araşdırılması və baş vermiş qanun pozuntularının müəyyən edilməsi məqsədi ilə təftiş keçirilməsi vəzifəsinin həvalə edilməsi barədə iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəsatət uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıların müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, **********525200 nömrəli “Müraciətə baxılması barədə” məktubun surətindən görünür ki, İddiaçı1 "xxxx" Kollektiv müəssisəsində qanun pozuntularına yol verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı xx.xx.2020-ci il tarixli müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində aidiyyəti üzrə baxılmışdır. Aparılan araşdırma zamanı "xxxx" kollektiv müəsisəsinin (VÖEN: **********) vergi uçot baza məlumatlarına əsasən fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Müraciətdə qeyd edilən məsələ ilə bağlı ona xx.xx.2019-cu il tarixli, **********239700 nömrəli, xx.xx.2020-ci il tarixli, **********091500 nömrəli məktublarla məlumat verilmişdir. Bir daha bildirilmişdir ki, müraciətində vergi orqanlarının səlahiyyətinə aid olan məsələlər Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən "xxxx" Kollektiv Müəssisəsində keçiriləcək növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə aidiyyəti vergi orqanı tərəfindən nəzarətə götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********489200 nömrəli “Müraciətə baxılması barədə” məktubdan görünür ki, İddiaçı1 "xxxx" Kollektiv Müəssisəsinin (VÖEN:**********) vergidən yayınması və digər məsələlər barədə müraicətinə Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmaq və vergi nəzarəti başa çatdıqdan sonra nəticələr barədə müraicət edən şəxslərə məlumat vermək vergi orqanlarının vəzifəsidir. Vergi ilə bağlı qeyd edilən məsələlər "xxxx" Kollektiv Müəssisəsinin fəaliyyətləri üzrə aparılacaq vergi nəzarəti tədbirləri zamanı nəzərə alaraq və nəticəsindən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməklə əlavə məlumat veriləcəkdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, məhkəmədə iddiaçı qismində iddia qaldırmış şəxslər İddiaçı1, İddiaçı3, İddiaçı4 və X10 olmasına baxmayaraq, məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana yalnız İddiaçı1 müraciət etmişdir. Eləcə də, məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 5.1-ci maddəsində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsində göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia ərizəsindən müəyyən edilir ki, hazırki halda iddiaçıların hüquqi marağı müəssisənin üzvləri kimi onların xəbəri olmadan, yığıncaq keçirilərək X9 müəssisənin qanuni təmsilçisi kimi vergi orqanında qeydiyyatdan keçirilməsinin qanunsuz hesab edilməsi və ümumiyyətlə müəssisənin təsərrüfat fəaliyyətinin tam araşdırılması, baş vermiş qanun pozuntularının müəyyən edilməsidir. İşin hallarından müəyyən edilir ki, İddiaçı1 bununla bağlı Dövlət Vergi Xidmətinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı "xxxx" Kollektiv Müəssisəsinin (VÖEN: **********) vergi uçot baza məlumatlarına əsasən fəaliyyətini dayandırdığı müəyyən edilmiş və müraciətində qeyd edilən vergi orqanlarının səlahiyyətinə aid olan məsələlərin Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən "xxxx" Kollektiv Müəssisəsində keçiriləcək növbəti vergi nəzarəti tədbirləri zamanı araşdırılması məqsədilə aidiyyəti vergi orqanı tərəfindən nəzarətə götürülmüşdür. Məhkəmə hesab edir ki, mövcud vəziyyətdə cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıların hüquqlarının və qanunla qorunan maraqlarının pozulması, həmçinin iddianın mümkünlüyü baxımından onların hüquqlarına aşkar şəkildə müdaxilə olunması müəyyən edilmədiyindən iddia mümkün mümkün iddia sayıla bilməz. Digər tərəfdən məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa əsasən iddiaçıların əsas hüquqi marağı müəssisənin üzvləri kimi onların xəbəri olmadan, yığıncaq keçirilərək X9 müəssisənin qanuni təmsilçisi kimi vergi orqanında qeydiyyatdan keçirilməsi və müəssisənin digər təsərrüfat fəaliyyəti və əmlakları ilə bağlı yaranmış mübahisədir ki, iddiaçıların müəssisənin fəaliyyəti ilə bağlı həmin tələblərinə mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 4.1-ci maddəsinə əsasən İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar