Məhkəmə qərarları › İş №2-1(112)-11702/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11702/2025

22.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11702/2025 22.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “əmək təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “əmək təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə “iddia tələbi 25 il xidmət müddəti nəzərə alınmaqla ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsi və ödənilməmiş pensiya məbləğini 28 aprel 2022-ci il tarixdən ödənilməsinin cavabdehə həvalə edilməsi formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ədliyyə qulluqçusu kimi əmək pensyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təminindən imtina edilmişdir. Cavabdeh bildirir ki, 01 iyul 2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq stajı 25 ildən təşkil edir. İddiaçı hərbi xidmət və hakim kimi fəaliyyət göstərdiyi illərin də nəzərə alınmasına istinadən hesab edir ki, ona ədliyyə qulluqçusu kimi pensiya təyinatı aparılmalıdır. Cavabdehin etirazı: Etirazın məzmunu onunla əlaqədardır ki, iddiaçının 01 iyul 2017-ci il tarixədək ədliyə orqanlarında qulluq stajı 25 ildən az təşkil edir. Hakimlik stajı ədliyyə orqanlarında fəaliyyətdən sonrakı iş stajıdır, həmin illər ədliyyə orqanlarında qulluq illərinə hesablanmır. Tərəflər izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ədliyyə Nazirliyinin arayışında qeyd edilir ki, iddiaçı 02 yanvar 1992-26 oktyabr 1992-ci il tarixlərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalstika və X1 ETL-da kiçik elmi işçi, müdir müavini və müdir, 10 dekabr 1993-04 yanvar 2000-ci il tarixlərə ədliyyə nazirinin köməkçisi vəzifəsində işləmişdir. 31 dekabr 1999-31 iyul 2007-ci il tarixlərdə Xəzər Rayon Məhkəməsinin hakimi, 31 iyul 2007-ci il-03 oktyabr 2012-ci il tarixlərdə İmişli Rayon Məhkəməsinin hakimi və sədri, 03 oktyabr 2012-ci il 15 dekabr 2022ci il tarixlərdə Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır. Arayışdan görünür ki, 01 mart 2013-01 mart 2018-ci il tarixləri arasında işlədiyi dövr ərzində ona 132737,59 manat əməkhaqqı hesablanmışdır. Cavabdehin imtina məktubunda qeyd edilir ki, iddiaçının 01 iyul 2017-ci il tarixədək ədliyə orqanlarında qulluq stajı 25 ildən az təşkil edir. Hakimlik stajı ədliyyə orqanlarında fəaliyyətdən sonrakı iş stajıdır, həmin illər ədliyyə orqanlarında qulluq illərinə hesablanmır. Hərbi biletdən görünür ki, 11 noyabr 1981-18 noyabr 1983-cü illərdə iddiaçı hərbi xidmətdə olmuşdur. Ədliyyə Nazirliyinin 01 iyul 2025-ci il tarixli məktubunda qeyd edilir ki, qanunvericiliklə qulluq stajı olan ədliyyə işçiləri anlayışından istifadə edilir. İddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə 04 yanvar 2000-ci il tarixdə xitam verilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. “Əmək pensiyaları haqqında”Qanunun: 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (əvvəlki redaksiya 25 il) qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.8. Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il (əvvəlki redaksiya 25 il) qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. 23.10. Ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın: 2.1. Ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlər daxil edilir: 2.1.1. ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət; 2.2. Ədliyyə orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir: 2.2.1. hakim vəzifəsində işlədikləri müddət 2.2.7. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti İşin faktiki hallarından da göründüyü kimi iddiaçı “Əmək pensiyaları haqqında”Qanunun: 01 iyul 2017-ci il tarixədək olan redaksiyasının tələblərinə uyğun olaraq ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 25 il qulluq stajı olmasına istinadən hesab edir ki, ona ədliyyə qulluqçusu kimi pensiya təyinatı aparılmalıdır. Cavabdehin bununla bağlı imtina dəlili isə odur ki, iddiaçının hakimlik stajı ədliyyə orqanlarında fəaliyyətindən sonrakı iş stajıdır. Həmin dövr ədliyyə orqanlarında qulluq keçdiyi müddətdən sonra olduğundan həmin dövrün qulluq illərinə daxil edilməsi mümkün deyildir. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14.3.-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, pensiyanın təyin edilməsi barədə aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iddiaçı tərəfindən sübut edilmişdir ki, həmin təyinatın qəbulunu istisna edən hal kimi yuxarıda göstərilən faktiki şərtin mövcudluğundan söhbət gedə bilməz. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ndə, həmçinin də “Əmək pensiyaları haqqında” Qanunda ədliyyə qulluqçusu kimi pensiya təyinatının aparılması ilə əlaqədar ədliyyə qulluq illərinə daxil olan dövrlərin şəxsin son iş yeri ədliyyə orqanı olduğu halda təyinatın mümkün olmasına dair hər hansı normativ tənzimləmə mövcud deyildir. Yuxarıda istinad edilən “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsi və Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.8-ci maddəsinin də “qulluq stajı olan ədliyyə işçiləri” dedikdə məhz son iş yeri ədliyyə orqanı olan şəxslərə münasibətdə ədliyyə qulluqçusu kimi pensiyanın təyin edilməli olmasına dair şərh verilməsi, məhkəmə hesab edir ki, şəxsin pensiya hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ədliyyə qulluqçusu kimi pensiya təyinatının məqsədləri baxımından, şəxsə pensiya təyinatı üçün əsas Yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il (əvvəlki redaksiya 25 il) qulluq stajının olmasıdır ki, bu zaman ədliyyə orqanlarında qulluq illərinə daxil olan dövrlərin ardıcıllığı, hansı dövrün əvvəl və ya sonra gəlməsi hər hansı əhəmiyyət kəsb etməməklə, şəxsin ədliyyə orqanlarında qulluq illərinə həcminə münasibətdə hər hansı dəyişikliyə səbəb ola bilməz. Göstərilən normaların tələbi konkretdir və 01 iyul 2017 və ondan sonrakı tarixlər üzrə 25 il və 35 illlik qulluq stajının mövcud olmasında dair məhdudiyyət müəyyən edir ki, hərbi xidmət müddəti, ədliyyə orqanlarında xidmət müddəti və hakimlik fəaliyyəti üzrə dövrlər ümumilikdə götürülməklə iddiaçıya pensiya təyinatına əsas olan 25 illik qulluq stajına dair şərtin ödənildiyi aşkar müəyyən edilir. Qeyd olunur ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun: 22.1. Ədliyyə orqanlarının işçisi bu Qanunda nəzərdə tutulmuş hallardan başqa, vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla, ədliyyə orqanlarından xaric edilə bilməz və onun qulluq keçməsinə xitam verilə bilməz. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, ədliyyə orqanları işçisinin qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir və müdaxilə edilməsi yolverilməzdir. 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə; 40.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda; 40.1.2-1. stajorluq və ya sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə;[53] 40.1.3. qanunvericilik və yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 40.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; 40.1.5. uzunmüddətli (altı aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda;[54] 40.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda; 40.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 40.1.8. bu Qanunda ədliyyə orqanlarının vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda; 40.1.9. bu Qanunun 4.6-cı maddəsində göstərilən hal aşkar edildikdə;[55] 40.1.10. qulluqda olmanın son yaş həddinə çatdıqda; 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə; 40.1.12. qanunla nəzərdə tutulmuş digər hallarda.

43. Vəfat etdikdə, habelə məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə ədliyyə orqanları işçisinin adı ədliyyə orqanları işçilərinin siyahısından çıxarılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi öz arzusu, hakim təyin edilmə, qulluqda olmanın son yaş həddinə çatma ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitamının fərqli əsaslarıdır. Nəzərə alınmalıdır ki, həmin hallardan hər hansı birinin mövcudluğu halında ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam üzrə hər hansı fərqləndirmə aparılmamışdır. Yəni, göstərilən hallardan hər hansı biri olduğu təqdirdə şəxsin ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilir ki, bu zaman öz arzusu ilə qulluğa xitam verən və ya yaş həddinə çatma ilə əlaqədar qulluğa xitam verilmiş şəxsin pensiya təyinatı barədə müraciəti zamanı da cavabdehin mövqeyi ilə razılaşsaq yuxarıda göstərilən “qulluq stajı olan ədliyyə işçisi” kateqoriyası həmin şəxsə münasibətdə də tətbiq edilməməlidir. Başqa sözlə, Qanunun 9.7-ci maddəsi və 23.8-ci maddəsi həmin mövqe qanuni və əsaslı hesab ediləcəyi halda, belə anlaşılır ki, qulluq keçməsinə hələ xitam verilməmiş və 25 il və ya 35 il qulluq stajı olan şəxslər pensiya təyinatı barədə müraciət etmək hüququna malikdir ki, qulluq keçməsinə artıq xitam verilmiş şəxslər barəsində həmin hüquq istisna edilir. Yəni, həmin mövqe əsaslı qəbul ediləcəyi halda 40.1-ci maddədə nəzərdə tutulmuş hər hansı hala istinadla ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilmişdirsə, hər bir halda pensiya təyin edilməsi zamanı müraciət etdiyi vaxt həmin şəxs ədliyyə işçisi hesab edilməməli və ona pensiya təyinatı aparılmamalıdır. Çünki, pensiya təyin edilmə üçün qulluq stajı olan ədliyyə işçisi nəzərdə tutulur və həmin şəxslər xitam səbəbindən asılı olmayaraq pensiya təyinatı barədə müraciət edilən gün artıq ədliyyə işçisi statusunda deyil, qulluq keçməsinə xitam verilir. Başqa sözlə, göstərilən formada şərh yalnız, xidmətdən ayrılmadan ədliyyə qulluqçusu kimi pensiya təyinatını mümkün edir ki, aydın məsələdir ki, həmin mövqeyin əsaslılı istisna edilməlidir. Göründüyü kimi göstərilən forma mövqeyin qanuniliyindən söhbət gedə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsi üçün Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il (əvvəlki redaksiya 25 il) qulluq stajı olan ədliyyə işçisi dedikdə ədliyyə orqanlarında məhz göstərilən qulluq stajı olan şəxs başa düşülməlidir. Bu zaman, şəxsin öz arzusu ilə və ya yaş həddinə çatma ilə əlaqədar qulluq illərinə pensiya təyinatı barədə müraciətinə yaxın dövrlərdə xitam verilmiş olması, əvvəl ədliyyə orqanlarında işləyib, sonra hakim kimi fəaliyyət göstərməsi və ya ədliyyə qulluq illərinə daxil edilən dövrlərdən birinin digərindən əvvəl və ya sonra gəlməsi (ədliyyə orqanında işləyib, sonradan hərbi xidmətə yollanmaq, sonradan xarici ölkələrin ədliyyə, digər hüquq mühafizə və dövlət hakimiyyəti orqanlarında müvafiq vəzifədə xidmət (qulluq) keçmək və s), hər hansı əhəmiyyət daşımır. Qeyd olunmalıdır ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 4.3. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 29 may tarixli 123 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir. Göründüyü kimi pensiya qanunvericiliyinin özündə xidmət illərinin hesablanması baxımından “ Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasına istinad edilmişdir ki, Sosial sığorta stajının hesablanması hissəsində istinad edilmiş Həmin Qaydanın tələbinə əsasən hakimlik dövrü və hərbi xidmət dövrü pensiya təyini məqsədləri baxımından da ədliyyə qulluq illərinə daxil edilən dövrlərdir. Cavabdeh hərbi xidmət dövrü ilə əlaqədar onun arayışda əksini tapmamasına istinad etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən qrup şəxslərə münasibətdə pensiya təyinatı üçün məlumat vərəqəsinin tərtib edilərək cavabdehə göndərilməli olması qaydası tətbiq edilmədiyindən, hansı dövlərin daxil edilməli olmasında cavabdeh inzibati icraat üzrə zəruri araşdırma aparmaq öhdəliyi daşımışdır. Başqa sözlə, Ədliyyə Nazirliyinin arayışında hərbi xidmət dövrünün olmaması həmin dövrün qulluq illərinə daxil edilməsini istisna etmir və həmin hal Nazirliyin arayış və məlumatından asılı deyildir. İşin faktiki hallarından da görünür ki, hərbi qulluqçular və dairəsi konkret olaraq müəyyən edilmiş xüsusi rütbəli şəxslər üçün pensiya təyin edilməsi barədə məlumatların spesifikliyi nəzərə alınmaqla pensiya orqanına təqdim edilməsi aidiyyəti dövlət orqanının (Müdafiə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və s) üzərinə Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında 23 noyabr 1992-ci il 631 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın tələblərinə əsasən öhdəlik kimi müəyyən edilmiş, pensiya təyinatı üçün məhz həmin qurumların məlumat vərəqəsinin təqdim edilməsi, ondan imtina edilməsi və s tənzimlənmişdir ki, həmin qrup şəxslərdən fərqli olaraq iddiaçıya münasibətdə ədliyyə orqanlarına daxil olan dövlərin mütləq qaydada inzibati orqanın özü tərəfindən qeyd edilməsi və pensiya orqanına göndərilməsi kimi hər hansı hal mövcud deyildir.

Odur ki, cavabdeh arayışda məlumatın olmamasına istinadla, şəxsin hərbi bileti olduğu halda, hərbi xidmət müddətinin də hesablanması mümkün olduğu halda həmin dövrü daxil etməməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətdə olduğu dövr və hakimlik fəaliyyəti üzrə dövr pensiya təyinatının məqsədləri baxımından Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrin dairəsinə aiddir. “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın müddəalarında isə, hakim vəzifəsindəki müddətin ədliyyə orqanları işçilərinin qulluq illərinə daxil edilməsi şərtsiz və aydın şəkildə təsbit olunmuşdur. Necə ki, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.1-ci bəndndə stajorluq və sınaq müddəti xüsusi rütbə mövcud olmasa belə, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə müddətə bərabət tutulur, hazırkı halda da Qaydanın göstərilən müddəası tətbiq edilməlidir. Diqqət yetirilməlidor ki, Qaydanın 2.2-ci bəndində hakim vəzifəsindəki müddət və «Prokurorluq haqqında» Qanunda göstərilən prokurorluq işçisi vəzifələrində qulluqdakı müddət eyni dərəcədə ədliyyə orqanları işçilərinin qulluq illərinə aid olunur. Nəzərə alınmalıdır ki, prokurorluq işçisi ilə ədliyyə orqanları işçiləri eyni xüsusi rütbələri daşıyırlar (kiçik ədliyyə müşaviri, ədliyyə müşaviri və s.). Hakim vəzifəsindəki iş müddəti ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə daxil edilir və həmin əlavə haqq məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur. Nəzərə alınmalıdır ki, bəzi ödənişlər, məsələn istifadə olunmayan məzuniyyət günlərinə görə ödənclər məcburi dövlət sosial sığorta haqlarının tutulması üzrə obyekti deyil. Deməli, xidmət illərinə görə əlavə haqqın ödənilməsi təkcə uzun müddətli xidmətə yönələn stimullaşdırıcı tədbir deyil, bununla yanaşı məcburi dövlət sosial sığorta haqqının obyekti qismində əmək haqqını təşkil edən məbləğ elementi kimi çıxış edir və həmin illəri pensiya təminatını şərtləndirən xidmət illərinin tərkibi sayır. Məlum olduğu kimi, hakimlərə verilən 40 günlük məzuniyyət müddəti, əmək haqqı məbləğləri ədliyyə işçilərinə verilənlərdən artıqdır. Hakimlərə onların müalicə olunmaları ilə bağlı pul məbləğlərinin ildə bir dəfə verilməsi də müvafiq dövrədək nəzərdə tutulurdu, lakin məlumdur ki, sonradan qanunvericilikdə dəyişiklik edilmiş və aylıq əmək haqqı artırılmaqla həmin xüsusat da əhatə olunmuşdur. Bundan başqa, hakimlərin (İ instansiya məhkəmələrinin) əmək haqqı, geyim forması, xidməti otaqları, xidməti vəsiqəsinin verilməsi, məzuniyyətə çıxmaqları üzrə rəsmiləşdirilmə kimi tədbirlər Ədliyyə Nazirliyi tərəfindən təmin edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Bununla da, Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malik qərarlar qəbul edən Konstitusiya Məhkəməsi öz (Plenumun) qərarında hakimlərə daha üstün sosial müdafiə təminatlarının aid olduğunu vurğulamışdır. Bütün qeyd olunanlar hakimlərin sosial müdafiə, o cümlədən pensiya təminatının onların müstəqillik və toxunulmazlıq konstitusiya təminatına xidmət etməsi anlamını verir və bir daha təsdiqləyir ki, hakim vəzifəsinin icrası, xüsusi rütbəli şəxslərin vəzifə funksiyaları ilə müqayisədə bütün cəhətləri, o cümlədən ağırlıq nöqteyi nəzərindən çoxçəkili dəyərləndirilir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi öz (Plenumun) qərarında hakimlərə daha üstün sosial müdafiə təminatının olması ilə əlaqədar müddəa təkcə hakim kimi pensiya təyinatına yox, həmçinin hakimlik fəaliyyəti ilə əlaqədar digər növ pensiya tələbi ilə çıxış edən şəxslərə münasibətdə də öz qüvvəsini saxlayır. Belə ki, iddiaçının hakim kimi pensiyanın hələ təyin edilmiş olmaması, onun hakim kimi digər növ pensiya üzrə müraciəti zamanı Konstitusiya Məhkəməsinin göstərilən mövqeyinin tətbiqinə istisna müəyyən etmir. Göründüyü kimi iddia qanuni və əsaslıdır. Xüsus olaraq vurğulanır ki,qanunvericilik, o cümlədən yuxarıda qeyd olunan Qaydalar ədliyyə orqanlarında qulluq illərinin hesablanmasında hakimlik və ədliyyə orqanlarında xidmət dövrlərinin ardıcıllığını (yəni, hakimlik müddətinin ədliyyə orqanlarında qulluqdan əvvəlki, yaxud sonrakı dövrdə olmasını) müəyyənləşdirmir, deməli buna fərq də qoymur. Ardıcıllıq müəyyənləşdirilən hal yalnız “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın müvafiq məsələni tənzimləyən 2-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuşdur. Həmin Qaydada göstərilmişdir ki, “fasiləsiz xidmət illərinə görə əlavələr ödənilməklə, digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir.”. Göründüyü kimi, belə ardıcıllıq yalnız sözügedən Qaydada əks olunmuşdur. Məhkəmə hesab edir ki, bu da onunla bağlı ola bilər ki, daha güzətşli şərt kimi gömrük orqanları əməkdaşlarının pensiya hüququnun yaranması üçün 20 il (son dəyişiklikdən sonra 25 il) xidmət illəri tələb olunur, lakin ədliyyə işçilərinin bu hüququ 35 il (əvvəlki redaksiya 25 il) xidmət ili şərtləndirilir. Ödənişlərlə bağlı da məhkəmə hesab edir ki, 28 aprel 2025-ci il tarixli müraciət nəzərə alınmaqla ödəniş 28 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 25 il xidmət müddəti nəzərə alınmaqla ədliyyə qulluqçusu kimi iddiaçıya həmin tarixdən pensiya təyin edilməsi, ödənilməmiş pensiya məbləğinin isə 28 aprel 2022ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar